Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda Aprel şəhidinin anım mərasimi

Qazaxda Aprel şəhidinin anım mərasimi


5-04-2019, 11:28

Respublika mətbuatı Qazax haqqında

 

Aprel qələbəsindən 3 il keçdi. Heç şübhəsiz ki, bu qələbənin qazanılmasını Ali Baş Komandan, Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun şəxsi heyətinə borcluyuq. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-Şəhid adına yüksələnlər daim xalqımızın and yerinə çevrilmişdir. Onların əziz adları dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır.
Aprelin 2-də  qazaxlı Aprel
şəhidi  Əliyev Orxan Məhəmməd oğlunun vəfatının 3-cü ildönümü mərasimi doğulub boya-başa çatdığı Aslanbəyli kəndində keçirilib.

Mərasimdə rayon rəhbəri Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, icra aparatının məsul işçiləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunduqdan sonra ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq əziz xatirəsini yad ediblər.
Məktəblilər Aprel döyüşlərinə, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək bildirib ki, Aprel döyüşlərindən 3 il ötsə də, xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan,
hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan rayon rəhbəri Aprel döyüşlərinin bizim ilk qalibiyyətimiz, zəfər salnaməmiz olduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, Qazax rayonunda vətənpərvərlik hissi hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. 7 Milli Qəhrəmanı, eləcə də, bütün şəhidləri ilə qürur hissi keçirən qazaxlılar bundan sonra da Vətənin müdafiəsinə hər an hazır olduqlarını göstərməyə qadirdirlər.

Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edərək bildirib ki, Orxan Əliyev şəhid olaraq həm özü uca bir zirvəyə ucaldı, həm də bizləri ucaltdı. Qeyd edib ki, bu gün bizlər şəhidlərimizi yad etməklə, onların döyüş yolunu gələcək nəsillərə çatdırmaqla, belə qəhrəmanlıqla, şücaətlə, yalnız bu yolla dövlətimizi uca tutub, işğaldakı torpaqlarımızı qaytara bilərik. Şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açan Kamran Nəbizadə Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyindən danışıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün hər birimiz şəhidlərimizin, şəhid valideynlərinin, əzizlərinin, doğmalarının qarşısında baş əyirik.

Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə özünün və ailəsinin adından dərin minnətdarlığını, rayon rəhbərliyinə təşəkkürünü ifadə edib.

Sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.

Qeyd etmək lazımdır ki, Əliyev Orxan Məhəmməd oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuş, şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi inşa edilmişdir.

Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri,
             5 aprel 2019-cu il


Geri qayıt