Əsas Səhifə > Manşet / Şəhidlər > "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvləri onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvləri onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər


4-04-2019, 12:38

Dünən, aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə iştirak edən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin üzvləri onlara göstərilən dqqət və qayğıya, səmimi münasibətə görə ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə keçirilən tədbirdə dünənki görüş barədə xoş təəssüratlarını bölüşən Qarabağ müharibəsi əlilləri və veteranları həmin görüşə görə razılıqlarını ifadə ediblər. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, dünən siz Qarabağ qaziləri ilə keçirilən səmimi görüşü izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. Dünənki görüş onu sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan insanlar varsa onların, eləcə də sizin kimi Vətən torpaqlarının azadlığı uğrunda sağlamlığını itirən mərd və igid oğulların arxasında, yanında dayanır. 
Rayon rəhbəri bildirib ki, bu gün cəmiyyətimizdə elə bir sahə tapılmaz ki, həmin sahələrdə istər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin diqqət və qayğısı hiss olunmasın. Çünki yürüdülən məqsədyönlü siyasət və həyata keçirilən uğurlu layihələr, ən əsası da ölkə vətəndaşları ilə keçirilən səmimi görüşlər bunu söyləməyə əsas verir. 
İcra başçısı qeyd edib ki, dünən görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın görüş iştirakçılarına ünvanladığı müraciətdən də göründü ki, dövlətimiz sizlərə necə dəyər verir. Mehriban xanımın müraciətində də deyildiyi kimi: Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.
Azərbaycanın hərb tarixində 4 günlük müharibə və ya Aprel döyüşləri kimi tarixə düşən qələbəmizdən söz açan rayon rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dünən Qazaxda Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirindən danışan icra başçısı həmin tədbirdə xalqla ordunun birliyinin bir daha nümayiş olunduğunu diqqətə çatdırıb. 
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq Alıyev çıxış edərək görüş barədə təəssüratlarını bölüşüb. Qeyd edib ki, dünənki çıxışımda da söylədiyim kimi Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq. 
Görüş iştirakçılarından Ceyhun Rəhimov, Rəşad Qocayev, Yaşar Abdullayev və başqaları çıxış edərək bildiriblər ki, biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Bugünkü qürur hissini isə bizlərə yenə də dövlətimiz və dövlət başçımız, Birinci vitse-prezidentimiz yaşadır. Onların biz qazilər, döyüşçülər haqqında söylədiyi dəyərli fikirlər bizi bir daha əmin edir ki, bizim arxamızda güclü dövlətimiz və Ali Baş Komandanımız dayanıb.  
Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündən, onlarla olan səmimi söhbətindən söz açan qazilər bu görüşün onların həyatında dərin izlər buraxdığını qeyd ediblər. Xüsusilə də vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayan Mehriban xanımın onlar haqqında söylədiyi dəyərli fikirləri yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Mehriban xanımın söylədiyi:
-Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var.
Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.
Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Siz müraciət edirsiniz, bilirəm ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm.
Onların ünvanına səslənən bu fikirləri yüksək qiymətləndirən çıxışçılar göstərdiyi diqqət və qayğıya görə bir daha Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Hətta, onların hər biri ilə səmimi şəkildə xatirə şəkli çəkdirməsini insanlığa verilən ən böyük dəyər kimi qiymətləndiriblər. Onun necə ali insani keyfiyyətlərə malik olmasının əyani təzahürü kimi dəyərləndiriblər. Hərbçilərə Heydər Əliyev Fondunun Təşəkkürnamələrinin təqdim edilməsini xüsusilə vurğulayan qazilər ümumilikdə bu görüşün onlar üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib və Qarabağ qazilərinə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb.




GOYEZEN.AZ

Geri qayıt