Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə ilə qayıdan məktəblilərlə görüş keçirilib

Qazaxda "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə ilə qayıdan məktəblilərlə görüş keçirilib


29-03-2019, 21:46

Bildiyiniz kimi, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq bir ənənə halını alıb.

Bu cür layihənin təşkil olunmasında əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da formalaşdırmaqdır.

Respublika Prezidenti İlham Əliyev "Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, bu yüksəliş, bu dinamik inkişaf Azərbaycanın müstəqillik illərində doğulan, ölkənin sabahı olan Azərbaycan vətəndaşlarının-Azərbaycanın yeni nəslinin gözləri önündə baş verir. Bizdən sonra gələn nəsil bizim kimi vətənpərvər, Vətənə bağlı olmalıdır ki, gələcəkdə Azərbaycan güvənli gəncliyə etibar edilsin. Bunu etmək üçün biz möhkəm təməl qoyuruq və bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə hesablanır.

Bəli, aksiya çərçivəsində ölkə gəncləri ölkəmizin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzlərinə, Bayraq Meydanları və muzeylərinə, Gənclər Mərkəzlərinə, Rəsm Qalereyalarına, Tarix-Diyarşünaslıq Muzeylərinə, istehsal və emal müəssisələrinə baxış keçirir, park və xiyabanları gəzərək, qoruq və göllərə ekskursiya edirlər.  Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, ulu öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.

Martın 15-18 və 23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak etmişdir. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olmuşdur.

Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən 2014-cü il avqustun 1-dən şəhər və Rayon İcra Hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.

IX-XI sinif şagirdlərinin iştirakı ilə reallaşdırılan bu tur-aksiyalara qazaxlı məktəblilər də qatılıblar. Sevindirci haldır ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunmuş "Ölkəmizi tanıyaq” layihəsi hər il Qazax rayonunda daha yaddaqalan olur və təntənəli şəkildə keçirilir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir. Rayon məktəblilərinin daha savadlı, bilikli olması, intellektual səviyyələrinin artması üçün bu sahədə məqsədyönlü işlər görür. Rayon rəhbərinin "Ölkəmizi tanıyaq” layihəsinə olan yanaşması isə tam başqadır. İcra başçısı respublika səviyyəsində həyata keçirilən və böyük əhəmiyyət kəsb edən bu layihəyə xüsusi qayğı ilə yanaşır. Rayon rəhbərinin hər il "Ölkəmizi tanıyaq” layihəsininiştirakçıları ilə istər yola düşməzdən əvvəl, istərsə də qayıtdıqdan sonra görüşlər keçirməsi, xüsusilə də yolasalma və qarşılanma mərasimlərində şəxsən iştirak etməsi, onlara uğurlar arzulaması məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, rayon rəhbərinin keçirdiyi bu cür görüşlər artıq bir ənənə şəklini alıb.

Bu gün də "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə sevinci ilə qayıdan iştirakçılarla görüş keçirilib.

Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə icra aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, rayonda Əməkdar və fəxri adlar almış müəllimlər, tur-aksiyada iştirak edən məktəblilər və onları müşayiət edən şəxslər, məktəblilərin sinif rəhbərləri və valideynləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu istiqamətində törədilən təxribat nəticəsində şəhid olan həmyerlimiz, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi şücaətdən söz açılıb, şəhidin yaxınlarına, bütövlükdə bütün Qazax ictimaiyyətinə bir daha başsağlığı verilib. Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin uzun müddət Türkiyədə yaşayan oğlu, professor Babək Qurbanovun ölümü ilə bağlı da yaxınlarına başsağlığı verilib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək "Ölkəmizi tanıyaq” layihəsində məktəblilərimizin qazandıqları uğur və nailiyyətlərdən danışıb. Qeyd edib ki, bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmadı. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə döndülər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirdilər. Ümumilikdə, 51 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Vurğun” komandası 1-ci yeri, "Günəş” komandası isə 3-cü yerləri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görüldülər. Bundan əlavə, öz nümunəvi davranışları ilə seçilən məktəblilərimizə Qafqaz Sport Resort Hotelin rəhbərliyi tərəfindən Təşəkkür sertifikatı da təqdim olunub.

Qələbə sevinci ilə qayıdan məktəbliləri təbrik edən rayon rəhbəri qazanılan bu uğuru dövlət başçısı İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya əsl töhfə olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu qələbə bir daha onu sübut etdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə ölkə rəhbəri tərəfindən imzalanmış 3 noyabr 2018-ci il tarixli Sərəncamla 100 illiyini qeyd etdiyimiz Qazax müəllimlər seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı gündən-günə artır. Bu tur-aksiyada da yaxşıların yaxşısı iştirak edirdi və qazandıqları qələbə də bunu bir daha sübut etdi ki, biz seçimimizdə yanılmamışıq. Məktəblilərin qazandıqları bu qələbə onların bilik səviyyəsini nümayiş etdirməklə yanaşı, "Bura Qazaxdı” fikrini bir daha təsdiqlədi. Çünki biz o kəlmələri elə-belə işlətmirik. Qazax hər zaman böyük bir ziyalı ordusu ilə tanınıb.

İcra başçısı respublikamızda, eləcə də bölgələrimizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə görülən məqsədyönlü işlərdən danışıb. Ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbi bu istiqamətdə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramında daha 11 məktəb binasının təmirinin öz əksini tapması ölkə başçısının bölgələrimizdə təhsil sahəsinin inkişafına necə önəm verməsindən xəbər verir.

 

Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur.

Qeyd edib ki, bu qələbənin qazanılmasında mart ayının 18-də ”Rayonumuzu tanıyaqdevizi altında təşkil olunmuş turun da böyük əhəmiyyəti oldu. Belə ki, məktəblilər ilk öncə and yerimiz olan Şəhidlər xiyabanını gül dəstələri ilə ziyarət etdilər. Sonra "Azərxalça” ASC-nin Qazax filialında, Ədəbiyyat Muzeyində, Abbasbəyli kənd ərazisində yerləşən, Qazaxımızın simvolu olan "Göyəzən” dağında, Daş Salahlı kəndindəki "Damcılı” mağarasında oldular. Qazax Sement Zavodu və "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”, Yuxarı Salahlı kəndində yerləşən dahi şairimiz Səməd Vurğunun Poeziya Evi, Qazax Tarix-Diyarşünaslıq muzeyi, Qazax Dövlət Rəsm Qalereyası, "Azərsun-Holdinq” MMC-nin Qazax Konserv Zavodu ilə tanış oldular. Bu tanışlıq uşaqlarımzda rayonumuzun gəzməli, görməli yerləri haqqında zəngin təəssüratlar formalaşdırdı və məlumat əldə etmələrində böyük rol oynadı. Ən əsası da ekskursiya etdikləri rayonlarla Qazaxı müqayisə etməkdə yardımçı oldu. Layihə haqqında fikirlərini bölüşən icra başçısı qeyd edib ki, bu layihə adi bir layihə deyil, Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq bir addımdır. Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilən, Azərbaycanın sabahını düşünərək reallaşdırılan, dövlət başçısının gənclərə həssas münasibətini, diqqət və qayğısını təcəssüm etdirən bir layihədir.

Rayon rəhbəri bildirib ki, respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən "Ölkəmizi tanıyaq” tur–aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi və rəğbətlə qarşılanır. Qazax ziyalıları məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına xidmət edən, yeni Azərbaycanı yeni nəsillərə tanıdan, sevdirən, onları milli tarixi kökə bağlayan, gələcəyə hazırlayan bu misilsiz layihəyə, gənclərimizə belə canlı, real Vətən sevgisinin aşılanmasında gəncliyə əvəzsiz xidmətinə görə ilk öncə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlıqlarıı bildirirlər.

Tur-aksiya iştirakçılarındanS.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdləri Elçin Bayramlı, Nəzrin Eyubova, X sinif şagirdi İbrahim Yusifov, M.Hüseyn adına məktəb-liseyin XI sinif şagirdləri Sənəm Qurbanova, Şəlalə Şükürova, Pakizə Carçalova, X sinif şagirdi Nərmin Məmmədova, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qoşqar Orucov, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin XI sinif şagirdi Vüsal Mustafayev, Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin XI sinif şagirdi Elcan Hacalıyev, X sinif şagirdi Günel Bayramova, Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin X sinif şagirdi Səbinə Əhmədzadə, A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Aqil Nəsibov, E.Cəfərov adına Çaylı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Könül Carçıyeva tur-akisya barədə təəssüratlarını bölüşərək bildiriblər ki, bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, bizlərә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Respublika Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaratdı. Biz məktəblilər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyləri, Gənclər Mərkəzləri, Bayraq Meydanları, Rəsm Qalereyaları ilə tanış olduq. Olduğumuz bölgələrdə gördüklərimiz, şahidi olduqlarımız bir daha onu sübut etdi ki, Qazaxımız kimi digər rayonlarımız da ölkə başçısının rəhbərliyi altında gündən-günə çiçəklənir, daha abad və yaraşıqlı olur. Biz həm də ona görə sevincliyik ki, intellektual yarışdan qələbə ilə qayıtdıq. Bu, təkcə bizim uğur deyil, ümumilikdə, Qazax təhsilinin uğurudur. Qeyd ediblər ki, sizin biz məktəblilərin yolasalma mərasimində şəxsən iştirak etməyiniz bizim üzərimizə məsuliyyət hissi qoymaqla yanaşı, qələbə qazanacağımıza əminlik hissi də yaratdı. Biz çalışdıq ki, sizin bizlərə olan etimadınızı layiqincə doğrulda bilək. Çünki biz Qəbələ, Şəki və Zaqatala rayonlarına təkcə istirahət etmək, o bölgələrin gəzməli yerləri ilə tanış olmaq üçün getməmişdik. Biz, eyni zamanda, hər il olduğu kimi, bu il də qələbə xəbəri ilə dönməyi qarşımıza məqsəd qoymuşduq. Ən əsası da biz komandalar olaraq yarışsaq da heç vaxt öz aramızda rəqabət haqqında düşünmədik. Bir ailə olaraq qalibiyyət uğrunda mübarizə apardıq. Çünki bizim bir məqsədimiz vardı, o da Qazaxın adının qaliblər sırasında çəkilməsi idi. Bu gün bizlər 1-ci və 3-cü yeri rayonumuza gətirməklə bir daha sübut etdik ki, Qazax doğrudan da ziyalılar vətənidir. Bu qalibiyyət də bizim halal haqqımızdır. Çünki bu tur-aksiyada iştirak edən hər bir məktəbli qazandığı nailiyyətlərə, bilik və savadına görə seçilmiş şagirdlərik. Bu qələbəmiz biz məktəblilərə bir daha göstərdi ki, bilik, savad olan yerdə bütün qalibiyyətlər bizimdir. Bu gün biz məkətəblilər tam əminliklə deyə bilərik ki, qalib olduğumuz o yerləri bilik və savadımız sayəsində əldə etdik. Məktəblilər bu uğurun qazanılmasında əməyi keçən müəllimlərinə, tur-aksiyada iştirak zamanı onlara daim qayğı ilə yanaşan təhkimçilərə də minnətdarlıqlarını bildiriblər.

Səmimi ürək sözlərini və təəssüratlarını bölüşən şagirdlər bu cür tur-aksiyanın keçirilməsinə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər. Məktəblilərə həmişə dəstək olduğu üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar. Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızın, eləcə də Qazaxın 7 kəndinin tezliklə işğaldan azad olunmasını və növbəti tur-aksiyaların həmin bölgələrə təşkil edilməsini arzulayıblar. Qarabağa, Xocalıya, Şuşaya, Laçına, Xocavəndə, Kəlbəcərə, Ağdərəyə, Ağdama, Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana, eləcə də Bağanıs Ayrıma, Xeyrımlıya, Barxudarlıya, Sofuluya, Qızılhacılıya, Yuxarı Əskipara və Aşağı Əskiparaya ekskursiya etmələrini bildiriblər. Hətta, o günün uzaqda olmadığını qeyd ediblər.   

Məktəblilərlə keçirilən görüşdə iştirak edən Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, ağsaqqal Cavanşir Rüstəmov çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, hər zaman müəllimlərə, məktəblilərə göstərdiyi səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün təhsil işçiləri, müəllimlər adından dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü şagirdlərə göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndiriblər.

Görüşdə 23-26 mart 2019-cu il tarixlərində keçirilmiş "Ölkəmizi tanıyaq” tur-aksiyasında fəal iştiraklarına görə aksiyaya təhkim olunmuş şəxslər, aksiya iştirakçılarının sinif rəhbərləri, müəllimləri Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Digər əməyi keçən müəllimlərə isə rayon rəhbərliyi tərəfindən Təşəkkür elan edilib, hədiyyə və gül dəstələri təqdim olunub.

Bizlərə qələbə sevincini yaşadan "Vurğun” komandasının üzvlərinə isə "Ölkəmizi tanıyaq” layihəsində təşkil olunmuş yarışmada qazandıqları uğurlara görə Azərbaycan İntellektual Klublar AssosiasiyasınınSertifikatları və hədiyyələr təqdim edilib. Bundan əlavə, bütün tur-aksiya iştirakçılarına rayon rəhbərliyi tərəfindən hədiyyə verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qazandıqları nailiyyətlərə, eləcə də "Ölkəmizi tanıyaq” tur-aksiyasında nümunəvi iştiraklarına görə məktəbliləri bir daha səmimi qəlbdən təbrik edib, qələbələrinin daimi olmasını arzulayıb. Hər zaman müəllimlərinin, valideynlərinin onlara göstərdikləri etimadı öz uğurları ilə doğrultmalarını tövsiyə edib.






































































GOYEZEN.AZ

Geri qayıt