Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı təmir olunacaq bina ilə tanış olub

İcra başçısı təmir olunacaq bina ilə tanış olub


26-03-2019, 15:49

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunması nəzərdə tutulan daha bir binada şəhərin Heydər Əliyev prospekti 171 ünvanında yerləşən ikimərtəbəli iki bloklu 12 mənzilli binada olub, mövcud vəziyyətlə maraqlanıb.

Bina sakinləri ilə səmimi söhbət edən rayon rəhbəri digər binalar kimi bu binanın da blok və fasadında təmir işlərinin aparılacağını bildirib. Son 3 ildə ölkə prezidentinin müvafiq Sərəncamlarına əsasən Qazaxda çoxmənzilli binalarda görülən işlərdən söz açan icra başçısı qeyd edib ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu sahənin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Məlumat verdiyimiz kimi, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır, Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işləri yekunlaşıb. Bundan əlavə, şəhərin Heydər Əliyev prospektində yerləşən 127 saylı, Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da yaxın vaxtlarda təmir işlərinə başlanılacaq.

Yaşadıqları binaların təmir olunması xəbərini razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində Qazaxda görülən genişmiqyaslı işləri, həyata keçirilən tədbirləri, xüsusilə də çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini bildiriblər.




GOYEZEN.AZ


Geri qayıt