Əsas Səhifə > Manşet / Karusel / Təhsil > Qüvvət elmdədir...
Qüvvət elmdədir...1-09-2016, 15:35 |
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirmişdirRayonumuzda qəbul imtahanlarında yüksək bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilmişdir. Gənclər Mərkəzində keçirilən görüşdə məktəb direktorları, müəllimlər, valideynlər, məzunlar, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak etmişdir. Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra aprel döyüşləri zamanı Vətənimizin ərazi bütövlüyünün qorunmasında canından keçmiş şəhid Orxan Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidin doğum günündə onun ruhu anılmışdır. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq tələbə adını qazanan bütün məzunları, onların müəllimlərini, valideynlərini salamlamış, qazandıqları bu yüksək nailiyyətlərə görə təbrik etmişdir. Qeyd etmişdir ki, bu gün mənim üçün ən gözəl və ən xoşbəxt günlərdən biridir. Bugünki tədbirin məqsədi çox alidir. Azərbaycan qədim elmi–mədəni ənənəsi olan bir ölkədir. Hələ 850 il bundan əvvəl qədim Şeyx Nizami elmə böyük dəyər verərək belə buyurmuşdur: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. R.Babaşov öz çıxışına Heydər Əliyevin sözləri ilə başlayaraq bildirmişdir ki, təhsil millətin gələcəyidir. Bu ifadəsini şuar səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhətərm Prezidentimiz İlham Əliyev cənabları da ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması və proqram çərçivəsində gənclərin inkişaf etmiş ölkələrin nüfuzlu universitetlərində təhsil almaları üçün vəsaitin ayrılması məhz Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır. 2015-2016-cı tədris ili üzrə 373 nəfər tələbə, 176 nəfər magistr, 25 nəfər doktorant, 70 nəfər rezident, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanmışlar. Respublikanın hər yerində olduğu kimi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövr ərzində diqqət mərkəzində olmuş, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni, daha müasir binalarda fəaliyyət göstərməkdədir. Respublikanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda iki məktəbəqədər təhsil müəssisəsi və 4 məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda Yuxarı Salahlı kənd tam orta məktəbində bərpa gücləndirmə işləri yekunlaşmaq üzrədir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2015-2016-cı tədris ilində 849 nəfər attestat almışdır ki, onlardan 456 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki, 319 məzun birinci turda yüksək nəticə əldə etmişdir. Bu isə sənəd verənlərin 70 faizinin yüksək nəticə əldə etməsi deməkdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında respublikada 4 ixtisas qrupu üzrə 10 nəfər 700 bal toplamış abituriyent olmuşdur ki, bunlardan da biri Canalı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı IV qrup üzrə ən yüksək - 700 bal nəticə göstərərək rayonumuzun adını yüksəkliklərə qaldırmışdır. Rəcəb Babaşov Səbinəni səmimi qəlbdən təbrik edərək valideynlərinə gözaydınlığı vermişdir. Onun bu səviyyədə yetişməsində əməyi olan müəllimlərə isə təşəkkürünü bildirmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov təhsil sahəsində qazanılmış başqa uğurlardan söz açaraq qeyd etmişdir ki, rayonumuzun iki məzunu təhsil dövründə ən yüksək nəticələrə nail olmuş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşdür. Mirzəyev İlham Rövşən oğlu 690 bal və Məmmədova Leyla Şirzad qızı 682 bal toplayaraq onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmuşlar. Bugünki tədbirimizdə rayonumuz üzrə 58 nəfər 500-700 bal intervalında nəticə göstərən məzunlarımız toplaşmışlar. Onları bir yerə toplamaq, onlarla söhbət aparmaq, bundan sonra da harada təhsil almalarından asılı olmayaraq yüksək təhsil almalarını tövsiyə etmək, onlara uğurlar diləmək biz ziyalıların borcudur. Əziz balalar! Biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız. Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir. Mənə elə gəlir ki, bu işdə hər birimizin fəallığı hiss olunmalıdır. Dünyada baş verən qlobal böhranlar, iqtisadi problemlər Azərbaycana bir o qədər də təsir göstərməmişdir. Bunun səbəbi ölkəmizdə qabiliyyətli kadr potensialının yetişməsi, təhsilin inkişafıdır. Dəfələrlə möhtərəm Prezidentimiz öz çıxışlarında “Biz neft kapitalını insan kapitalına çevirməliyik” söyləmişdir. Bu kapital sizsiniz, xalqımız öz gələcəyini sizin kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar edəcək. Əziz balalar! Siz tək öz ailənizi yox, öz kəndinizi yox, ümumilikdə Qazax rayonunu sevindirdiniz. Qazax ziyalılarının başını uca etdiniz. Bu yolda sizə uğurlar, can sağlığı arzulayıram. Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə məruzə ilə çıxış edərək təhsil sahəsinə göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır. Sonra təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Canalı kənd tam orta məktəbin direktoru İlduzə Yusifova çıxış edərək bütün məzunları tələbə adı qazanmaları münasibətilə təbrik etmiş, gələcək işlərində uğur arzulamışlar. Ali məktəbə qəbul olan məzunlar adından 700 bal toplamış Canalı kənd tam orta məktəbin məzunu Səbinə İsmayılova, Təhsil Naziri tərəfindən qızıl medala layiq görülmüş şəhər 2 saylı tam orta məktəbin məzunu İlham Mirzəyev və məktəb-liseyin məzunu Leyla Məmmədova çıxış edərək bütün məzunları təbrik etmiş, onlara qədəm qoyduqları tələbəlik həyatında yeni-yeni uğurlar arzulamışlar. Qeyd etmişlər ki, bu gün çox sevindirici haldır ki, bizim kimi gənclər yüksək nəticələr əldə etmişdir. Bu yalnız bizim uğurumuz deyil, həm də valideynlərimizin, müəllimlərimizin, bütövlükdə Qazax rayon təhsil şöbəsinin uğurudur. Təhsilə, xüsusilə də biz gənclərə göstərdikləri diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımızı bildiririk. Qeyd etmişlər ki, xüsusilə bu il Rəcəb Babaşovun rayonumuza İcra Başçısı təyin olunması bizim üçün çox düşərli oldu. Ən yüksək 700 balı topladıq və qızıl medalları rayonumuz üçün əldə etdik. Bizə göstərilən bu diqqət, qayğı biz gəncləri çox həvəsləndirir. Elm və digər sahələrə olan marağımızı daha da artırır. Bu qayğı sayəsində uğurlarımızın sayı artır. Əmin olun ki, biz gənclərin burada qazandıqları uğurlar oxuduğumuz universitetlərdə də davam edəcəkdir. Qazaxımızın adını daim yüksəklərə qaldıracağıq. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq məzunları tələbə adı qazanmaları münasibətilə bir daha səmimi qəlbdən təbrik etmiş, valideynlərinə, müəllimlərinə gözaydınlığı vermişdir. Sonda qəbul imtahanlarında yüksək bal toplamış bütün məzunlara gül-çiçək dəstələri və qiymətli hədiyyələr təqdim edilmişdir. Nüşabə HÜSEYNOVA Geri qayıt |