Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin təşkili və “İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” mövzusunda keçiriləcək müsabiqə ilə bağlı tədbir keçirilib
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin təşkili və “İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” mövzusunda keçiriləcək müsabiqə ilə bağlı tədbir keçirilib13-03-2019, 21:11 |
Bildiyiniz kimi, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalanıb. Bu gün hər bir qazaxlı bu Sərəncamı yüksək minnətdarlıq hissi ilə qarşılayır və təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət kimi deyil, eyni zamanda, Qazax ziyalılarına verilən böyük dəyər kimi qiymətləndirirlər. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanan 3 noyabr 2018-ci il tarixli Sərəncamdan sonra imzalanan ikinci böyük Sərəncama görə bütün rayon ictimaiyyəti dərin minnətdarlıqlarını çatdırırlar. Xüsusilə də dövlət başçısının imzaladığı Sərəncamda Xalq yazıçısının ünvanına söylənilən fikirlərə görə böyük qürur və fəxarət hissi keçirdiklərini bildirirlər. Çünki Sərəncamda da qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Bu gün Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda da 100 illik yubiley tədbirinə xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət olan İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncama əsasən rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun yaradılması, bundan əlavə, həmin Sərəncama əsasən tədbirlər planının hazırlanması bu dediklərimizin əyani sübutudur. Eyni zamanda, yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 14 fevral 2019-cu il tarixdə rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə müşavirənin keçirilməsi tanınmış ədəbiyyatşünasa verilən ən böyük dəyərdir. Həmin tədbirlər silsiləli şəkildə davam etdirilir. Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin təşkili və "İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” mövzusunda keçiriləcək müsabiqə ilə bağlı keçirilən tədbir də bu istiqamətdə görülən işlərin davamıdır. İşçi qrupunun üzvlərinin, Ədəbiyyat müəllimlərinin, rayon gənclərinin, gənc rəssamların və Xalq yazıçısının yaxınlarının iştirak etdiyi tədbirdə yubileylə bağlı görüləcək işlər və qarşıda duran bir sıra məsələlər müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə Respublika Prezidenti İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin minnətdarlığını bildirib. Ölkə başçısının imzaladığı Sərəncamın əhəmiyyətindən söz açan icra başçısı bildirib ki, bu Sərəncam bizlərə geniş imkan yaradır ki, hər bir qazaxlı görkəmli şəxsiyyətə olan ehtiramını, hörmətini layiqincə göstərə bilsin. "İsmayıl Şıxlı özündən sonra dərin bir iz qoymuş böyük şəxsiyyətdir”, - deyən rayon rəhbəri onun həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, bu gün bizim üzərimizə böyük məsuliyyət düşür ki, vaxtilə ulu öndərin qiymət verdiyi İsmayıl Şıxlının 100 illiyini yüksək səviyyədə qeyd edək. İcra başçısı bildirib ki, bu gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə başçısının yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu şansı bizlərə ölkə başçısı öz Sərəncamı ilə bəxş edib. Rayon rəhbəri vurğulayıb ki, fevral ayında keçirilən müşavirənin, eləcə də bugünkü növbəti görüşün əsas məqsədi yubiley tədbirinin respublika səviyyəsində təntənəli şəkildə təşkil olunmasını müzakirə etmək, öz təklif və istəklərimizi bildirməkdir. Var qüvvəmizlə çalışmalıyıq ki, İsmayıl Şıxlı şəxsiyyətini olduğu kimi təqdim edə bilək. Ən əsası bizlər də çalışmalıyıq ki, ölkə başçısının qazaxlılara, qazax ziyalılarına verdiyi dəyəri yubiley tədbirini yüksək səviyyədə keçirməklə qiymətləndirək. Gənclərə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, 4 mart tarixində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, şöbənin baş məsləhətçisi Həmid Nəsibovun, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direkoru Fərid Cəfərovun iştirakı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda gənclərlə keçirilən görüş bir daha sübut etdi ki, gənclərə hər zaman qayğı göstərilir. 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) fəaliyyətindən söz açan rayon rəhbəri bu mərkəzin gənclərə geniş imkanlar açacağını bildirib. Rayon rəhbəri qeyd edib ki, bütün sahələrdə olduğu kimi, çalışdıq ki, bu sahədə də gənclərə söz verək və onların düşüncələrini öyrənək. "İsmayıl Şıxlı yaradıcılığına gənclərin baxışı” mövzusunda keçiriləcək müsabiqə ilə həm gənclərimizi önə çəkək, həm də İsmayıl Şıxlı şəxsiyyətini gənclərin dünyagörüşü, düşüncəsi ilə olduğu kimi tanıyaq və tanıdaq. Rayon rəhbəri qeyd edib ki, həmçinin, gənclərimiz dərk etməli və bilməlidirlər ki, ziyalılarımızı tanıtmaq, onları yaşatmaq missiyası məhz onların üzərinə düşür. Sonra yubiley tədbirinin keçirilməsi ilə bağlı görüləcək işlər və müsabiqə ilə bağlı təkliflər geniş şəkildə müzakirə olunub. Müşavirədə iştirak edən ziyalılar, ağsaqqallar, işçi qrupunun üzvləri, eləcə də gənclər öz ürək sözlərini çatdırıb, təkliflərini irəli sürüblər. Şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Səyalı Yusifova, Səbinə Yusifova, 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Aygün Bayramova, Qənirə Əliyeva, 4 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Şəlalə Musayeva, Elnarə İbrahimova, 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəzəngül Məmmədova, M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nüşabə Yaqubova, Rahilə Əliyeva, Fatma Hacıyeva çıxış edərək İsmayıl Şıxlı şəxsiyyətinə və yaradıcılığına verilən yüksək qiymətə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Xalq yazıçısının 100 illik yubileyi ilə bağlı tədbirlərə gənclərin cəlb olunmasını və müsabiqənin keçirilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar. Müsabiqədə iştirak edəcək gənclərə bəzi tövsiyələrini verərək onları mövzu ilə bağlı istiqamətləndiriblər. Gənclərə məqalə yazmazdan əvvəl İsmayıl Şıxlı şəxsiyyəti və yaradıcılığı ilə yaxından tanış olmağı tövsiyə ediblər. Böyük ədəbiyyatşünasın hər bir əsərində, romanında, hekayəsində onun özünün əks olunduğunu bildiriblər. Bu baxımdan ilk öncə əsərlərindən bəhrələnməyi, görkəmli şəxsiyyətin həyat və yaradıcılığına araşdırmaçı kimi yanaşmağı və əldə etdikləri məlumatlar əsasında sərbəst şəkildə öz düşüncələri ilə məqalə yazmalarını vurğulayıblar. Eyni zamanda, yazılmış məqalələrini təqdim etmək üçün öz üzərilərində çalışmalarını tövsiyə ediblər. Sonra rayon rəhbərinin müvafiq Sərəncamı ilə yaradılmış işçi qrupunun üzvləri öz fikir və təkliflərini bildiriblər. İşçi qrupunun sədri Gulaya Həsənova, üzvlərdən Məhəmməd Orucov, Nizaməddin Babanlı, Barat Vüsal, Cavanşir Rüstəmov, Məzahir Qocayev, Məmməd Yusifov, Elçin Məmmədov, Orxan Əliyev, Mustafa Rasimoğlu, Rəhim Rəhimov, Həbibə Mustafayeva, Mübariz Abdullayev, Samir Hüseynov, Fariz Vəliyev, Sakibə Məmmədova, Yaşar Əliyev, Valeh Vəliyev, Mübariz Abdullayev, Tahirə Xasməmmədova, Minarə Rəhimova, Yeganə Göyüşlü, Mustafa Mirzəyev, Saqif İskəndərov, Nailə Əliyeva və başqaları çıxış edərək öncə yubiley tədbirinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısına böyük minnətdarlıqlarını bildiriblər. Yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün bu cür qayğı göstərdiyinə, diqqət ayırdığına görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar. İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdıran çıxışçılar qeyd ediblər ki, o, nəinki eli, obası, eləcə də bütöv Azərbaycan üçün dəyərli insan idi. Gənclərə uşaqla uşaq, böyüklə böyük olan o görkəmli şəxsiyyəti olduğu kimi çatdırmağı, öz təfəkkür və təxəyyüllərinin məhsulunu təqdim etməyi tövsiyə ediblər. Gənclərdən Qazax Gənclər Mərkəzinin direktoru İsmayıl Süleymanov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, Şəhid kapitan M.Orucov adına Tədris Mərkəzinin rəhbəri Gülanə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, TGT sədri Elvira Əfəndiyeva, kollecin tələbələrindən Ellada Bayramova, Cavid Nağızadə, Şəbnəm Həsənova, Tutu Qocayeva, Nərmin Kərimova, Elşad Carçıyev, Səadət və Səbinə Nuruşovalar, Səfərəli Musayev, Gülnarə Qasımova, Bakı Dövlət Universiteti Qazax filialının tələbələrindən Fəridə İsgəndərova, Səbinə Camalova, Güllü Qocayeva və ASAN könüllüsü Ülvi Zeynalov çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına, şəxsiyyətinə verilən böyük qiymətə görə Prezident İlham Əliyevə gənclər olaraq minnətdarlıqlarını çatdırıblar. Saz, söz adamlarına, şairlərə, yazıçılara, aşıqlara, bütövlükdə, təhsil, ədəbiyyat, mədəniyyət sahəsinə verdiyi dəyərə görə sonsuz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu gün ölkə başçısının yüksək qiymət verdiyi görkəmli bir şəxsiyyət haqqında fikir söyləmək, onun yubileyi ilə bağlı tədbirlərdə, müsabiqələrdə iştirak etmək gənclər olaraq bizi çox sevindirir. Eyni zamanda, üzərimizə də böyük məsuliyyət qoyur. Bu gün biz gənclər elə etməliyik ki saz, söz sənətinin beşiyi sayılan Qazaxın yetirdiyi şəxsiyyət haqqında ən gözəl fikirlərimizi onu olduğu kimi təqdim etməklə çatdıraq. Çıxış edən gənclər qeyd ediblər ki, İsmayıl Şıxlı şəxsiyyətini nəinki Azərbaycanın fəxri kimi, həmçinin, onu bir qazaxlı kimi tanıtmalıyıq. Onun Vətəninə, millətinə, torpağına olan vurğunluğunu, əsərlərində də əks olunan kişilik vüqarını, əzmini dolğun və əhatəli şəkildə öz məqalələrimizdə göstərməliyik. Ən əsası da elə etməliyik ki, biz gənclərə göstərilən etimadı layiqincə doğruldaq. Rayon rəhbərliyinin qayğısı sayəsində hər zaman olduğu kimi bu yubliey tədbirinin də yüksək səviyyədə keçiriləcəyini qeyd edən gənclər hər zaman dəstək olmağa hazır olduqlarını qeyd ediblər. Göstərilən etimadın əvəzi olaraq Qazax gəncliyinin adına layiq məqalələr yazacaqlarına söz veriblər. Müsabiqə ilə bağlı gənclərin fikirləri də öyrənildikdən sonra onlar tərəfindən məqalələrin yazılmasına və təqdimat etmələrinə qərar verilib. Həmçinin, gənclərə müsabiqədə sərbəst şəkildə, istədikləri mövzuda məqalələrlə iştirak etmələri bildirilib. Daha sonra yubiley tədbiri ilə bağlı hazırlanmış tədbirlər planında əksini tapan rəsm müsabiqəsi və yazıçının əsərlərindən parçaların səhnələşdirilməsi, eləcə də müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı bir sıra məsələlər də müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq yubiley tədbiri ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlarını verib.
GOYEZEN.AZ Geri qayıt |