Əsas Səhifə > Manşet / Rəsmi > Aşağı Salahlı kəndində səyyar görüş keçirilib

Aşağı Salahlı kəndində səyyar görüş keçirilib


7-03-2019, 22:13


Hər həftə olduğu kimi, bu gün növbəti səyyar görüş Aşağı Salahlı kəndində keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə yola saldığımız 2018-ci ildə qazanılan nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, o cümlədən də görüşdə iştirak edən qadınları səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Qədim bayramlarımızdan olan Novruz bayramı münasibətilə ürək sözlərini çatdıran rayon rəhbəri 2019-cu ildə yeni-yeni uğurlar qazanmalarını arzulayıb.

"Ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir”, - deyən icra başçısı bildirib ki, hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq keçirilən görüşlər bir amala xidmət edir ki, onun da arxasında vətəndaş qayğılarının həlli dayanır.

Respublika prezidentinin rəhbərliyi altında son illər ölkəmizdə, xüsusilə də bölgələrimizdə  həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən söz açan rayon rəhbəri Qazaxda da xeyli sayda işlər görüldüyünü bildirib. 2017-2018-ci illərdə görülən işləri müqayisə edən icra başçısı 2019-cu ildə qarşıda daha böyük uğur və nailiyyətlərin qazanılacağını, işlərin görüləcəyini qeyd edib.

"Bu gün Qazaxda elə bir sahə tapılmaz ki, diqqətdən, inkişafdan kənarda qalsın”, - deyən rayon rəhbəri aparılan abadlıq işlərindən, kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələrdən danışıb.

2018-ci ilin yaddaqalan hadisələrindən söz açan icra başçısı bildirib ki, ölkə prezidenti yenidən rəhbər kimi fəaliyyətə başladığı gündən atdığı ilk uğurlu addım Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 19 aprel 2018-ci il tarixli Fərman oldu. Ölkə başçısı bu Fərmanı ilə bir daha sübut etdi ki, şəhid ailələrinin maddi rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutur. Rayon rəhbəri vurğulayıb ki, ötən il olduğu kimi, bu il də ilk addım yenə də şəhid ailələri ilə bağlı atıldı. Dövlət başçısı birdəfəlik ödəmə ilə bağlı Fərmana dəyişiklik etdi və 11 min manat məbləğində birdəfəlik ödəmə bütün şəhid ailələrinə şamil edildi. Bundan əlavə, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Respublika Prezidentinin Fərmanına əsasən həmin təqaüdün məbləği 242 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür. Bütün bunlar isə şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

"2019-cu ili islahatlar və inqilabi inkişaf ili” kimi adlandıran icra başçısı ilk 2 ayda ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan söz açıb. Təqaüdlərin, əməkhaqqının, Qarabağ müharibəsi əlillərinin, veteranlarının, Əfqanıstan müharibəsi iştirakçılarının, məcburi köçkün ailələrinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri görülən bu işləri ölkə vətəndaşlarına verilən ən böyük qiymət kimi dəyərləndirib.  

İcra başçısı qeyd edib ki, minimum təqaüdün 116 manatdan 160 manata, əməkhaqqının 130 manatdan 180 manata çatdırılması, problemli kreditlərlə bağlı 28 fevral 2019-cu il tarixli Fərmanın imzalanması isə bir daha onu sübut etdi ki, hər bir işin mərkəzində həmişə vətəndaş amili dayanır.

Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. Rayon rəhbəri qeyd edib ki, bundan əlavə, Qazaxda ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsi, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Bu yeni müəssisələr yüzlərlə, minlərlə insanın işlə təmin olunması deməkdir.

Rayon rəhbəri bildirib ki, bu ilin daha bir sevindirici xəbəri də odur ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxananın qalan 5 korpusunun inşası öz əksini tapıb. Bu gün həmin korpusların inşasına başlanılıb. Bu, eyni zamanda, rayon sakinlərinin işlə təmin olunması deməkdir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 19-nun müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, bu gün bir neçə kənddə bağçanın təmiri nəzərdə tutulub ki, həmin kəndlərdən biri də Aşağı Salahlı kəndidir. Bu kəndin bağçasında da əlavə işlər aparılmalıdır və bu istiqamətdə məqsədyönlü işlər görüləcəkdir.

Ölkə başçısının təhsil sahəsinə göstərdiyi qayğıdan söz açan rayon rəhbəri "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edildiyini qeyd edib. Həmin layihənin əyani sübutu kimi əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin istifadəsinə veriməsini nümunə göstərib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisinin, Kosalar kənd tam orta məktəbin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin, Orta Salahlı kənd tam orta məktəbin tikintisinin, Sarıvəlli kənd tam orta məktəbin tikintisinin, İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinin, Qazax şəhər 5 nömrəli tam orta məktəbin əsaslı təmirinin, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirinin, məktəb-liseyin əsaslı təmirinin də qeyd edildiyini bildirib. Dövlət Proqramına uyğun olaraq bu ildən təmir-tikinti işlərinə başlanılacağını qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, məktəblilərimiz də əldə etdikləri uğurlarla təhsil sahəsinə olan qayğını doğrultmağa çalışırlar. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bunu bir daha sübut etdi. Aşağı Salahlı kənd tam orta məktəbi bitirən 4 nəfər məzundan dördünün də ali məktəbə qəbul olunduğunu qeyd edən rayon rəhbəri bu uğurda onların payının da olduğunu bildirib.

Ötən il məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə sevinci ilə qayıtdıqlarını qeyd edən icra başçısı bu il şagirdlərin növbəti dəfə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfər edəcəklərini bildirib. Bu il də məktəblilərdən birincilik gözlədiyini vurğulayan rayon rəhbəri şagirdlərə uğurlar arzulayıb.

Tələbə təqaüdlərinin artırılmasından danışan icra başçısı qeyd edib ki, ölkə başçısının gələcəyimiz olan gənclərə hər zaman qayğı ilə yanaşmasının bariz nümunəsidir ki, bu gün ödənişli əsaslarla təhsil alan tələbələr belə təqaüd alırlar.

Gənclərə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, şöbənin baş məsləhətçisi Həmid Nəsibovun, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direkoru Fərid Cəfərovun iştirakı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda gənclərlə keçirilən görüş bu qayğının bariz nümunəsidir. 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) fəaliyyətindən söz açan rayon rəhbəri bu mərkəzin gənclərə geniş imkanlar açacağını bildirib.

Səhiyyə sahəsinə göstərilən qayğıdan danışan icra başçısı "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər il fevralın 12-dən may ayının 12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyasının həmin məqsədyönlü tədbirlərin bariz nümunəsi olduğunu bildirib. Ardıcıl olaraq altıncı ildir ki, həyata keçirilən bu xeyirxah aksiyanın rayonumuzda da uğurla həyata keçirildiyini qeyd edib. Rayon sakinlərinin tibb müəssisələrinə gələrək müayinədən keçdiyini, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak etdiklərini bildirib. Bundan əlavə, Səhiyyə Nazirliyinin tapşırığına əsasən 20-40 yaş arasında olan vətəndaşların qızılca xəstəliyinə qarşı peyvənd olunmaları ilə bağlı işlər görüldüyünü də qeyd edib.

Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdiriləcəyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilərək sakinlərin istifadəsinə verildiyini, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişinin isə davam etdiyini qeyd edib.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də tədricən aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. 2017-2018-ci illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Aşağı Salahlı kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib. 

Rayon rəhbəri sakinləri narahat edən Kür çayının kənarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı görülməsi nəzərdə tutulan işlərin Dövlət Proqramında öz əksini tapdığını bildirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib.

"Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 
Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, sakinlərdən Şakir İsgəndərov, ağsaqqal Ayvaz Osmanov, Bəturə Abdullayeva, Etibar Vəliyev, Namiq Allahverdiyev, Şəymən Rəhimova, Elman Qasımov çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son illər Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Qeyd ediblər ki, yeni ili necə başlasaq həmin il bizim üçün elə də davam edər. Ölkə başçısının ilk 2 ayda imzaladığı çoxsaylı Fərman və Sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu ildə bizi daha böyük uğur və nailiyyətlər gözləyir. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlar bundan sonra da davam edəcəkdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 
Respublika Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Bu Fərmanla ölkə başçısı xalqının yanında olduğunu, hər zaman onların rifah halını düşündüyünü bir daha nümayiş etdirdi.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən Aqrolizinq xətti ilə ayrılan gübrələrin kredit yolu ilə verilməsi, kənd təsərrüfatının inkişafı üçün sahibkarlara güzəştli kreditlərin verilməsi, kənd ərazisində olan 40 hektar üzüm bağının yanında artezian quyusunun qazılması, uşaq bağçasının genişləndirilməsi, kənd sakininin bağından keçən 10 minlik elektrik xəttinin yerinin dəyişdirilməsi və digər səpkili müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.

Sonra icra başçısı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında olub, uşaqların ərzaq təminatı, tibbi müayinə olunmaları və göstərilən qayğı ilə maraqlanıb.














GOYEZEN.AZ


Geri qayıt