GOYEZEN.AZ AZƏRTAC-a istinadən
xəbər verir ki, fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında
iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə
çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
- İlin birinci ayının sosial-iqtisadi göstəriciləri
deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci
il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən
sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi
sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli
addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara
başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına
nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı
təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və
onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə
təmin ediləcək və davam etdiriləcək.
Eyni zamanda, son illər ərzində apardığımız uğurlu
sənayeləşmə siyasəti öz nəticələrini göstərir. Bu ilin birinci ayında
qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm
ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də
birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər,
qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.
İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın
məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı
səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir
daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu
ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək
ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da
yaxşı yaşasınlar.
Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu
çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına
böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək
istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər
üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil
edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının
rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara
çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın
aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli,
işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək
vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu
qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaqdır.
Yanvar ayında regionların sosial-iqtisadi inkişafına
dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu.
Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün
vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və
Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə
hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə
bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri
başa çatdıraq.
Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı
görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm
ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları
plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə
plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar
105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu
göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar
öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait
yaradılıbdır.
Onu da bildirməliyəm ki, bu ilin birinci ayında Dövlət
Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Yəni, bizim maliyyə
vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir
ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək.
Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin
sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk
növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet
məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca
vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial
müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.
Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa
edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial
məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra
imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə
bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki,
təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə
aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm
artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən
11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra
olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ
qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət
242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki,
daim bu məsələ diqqət mərkəzində olacaqdır. Əfqanıstanda həlak olanların
ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300
manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu
məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi
imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik.
Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat
proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər,
evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni
mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm
bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir.
Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara
veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox
mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid
ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin
ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi
dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir.
Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə
artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu,
600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı
sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının
gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü,
əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları
və pensiyalar ardıcıl olaraq artırılacaq.
Minimum pensiyalarla bağlı çox
ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir
qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın
səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da
bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların
artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın
artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır.
Uzun illər ərzində
vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa
səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi
məsələsi idi. Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq
bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları
bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz
çoxmənzilli binada təxminən 60 minə yaxın ailə yaşayır. O vətəndaşların ailə
tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım
idi. Biz bunu da həll etdik.
Tələbələrin təqaüdləri
artırıldı. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu da çox ciddi
sosial addımdır. Gələcəkdə yenə də artım nəzərdə tutulur.
Vətəndaşları narahat edən məsələlərdən biri də
problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə
olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən
başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli
Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir.
Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb
olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə
işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş
aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas
vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün
azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul
edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox
ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu
təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz
həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini
göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar
addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir,
ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt
deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən
məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın
çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm
ki, bu məsələ artıq yekunlaşmaq üzrədir.
Bir məsələni də qeyd etmək istəyirəm. Artıq bir neçə
aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk
təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum
pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi
bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial
müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox
əhəmiyyətli dərəcədə artırılacaq.
Yəni, bütün bunlar – bu çox böyük proqram 500 mindən
çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil
etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını
müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin
icrasından böyük dərəcədə faydalanacaq.
Bu, çox ciddi sosial paketdir.
Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü
siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək
istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni
zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz
əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim
gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir
daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli
ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət
var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial
islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların
rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz
üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə
gedəcəkdir.
X X X
Sonra müşavirədə müzakirələr aparılıb.
Geri qayıt
|