Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda əhalinin tibbi müayinəsi davam edir
Qazaxda əhalinin tibbi müayinəsi davam edir12-02-2019, 21:46 |
Son illər ölkəmizdə daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Ən əsası isə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlərin həyata keçirilməsidir. Məhz dövlət tərəfindən vətəndaşlara göstərilən bu qayğının nəticəsidir ki, "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən hər il fevralın 12-dən may ayının 12-dək əhalinin tibbi müayinəsi aksiyası təşkil olunur. Aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Ölkə vətəndaşları tərəfindən böyük razılıq hissi ilə qarşılanan tibbi müayinəyə hər il olduğu kimi, bu il də start verilib. Xəbər verdiyimiz kimi, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da dünəndən əhalinin tibbi müayinəsinə başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən 3 ay davam edəcək aksiyanın həyata keçirilməsi üçün Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait yaradılıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə tibbi müayinənin keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə və şəhər Poliklinikasına gələrək yaradılan şəraitlə tanış olublar. Burada vətəndaşlarla görüşüb, sakinlərə göstərilən xidmətlərlə maraqlanıb, fikirlərini öyrəniblər. İstər mərkəzdə, istərsə də poliklinikada tibbi müayinə olunan rayon sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanın təşkil olunmasını yüksək qiymətləndiriblər. Sakinlər ölkəmizdə, eləcə də bölgələrimizdə səhiyyə sahəsinə olan diqqət və qayğıya, xüsusilə də hər il ənənə şəklini almış tibbi müayinənin təşkil olunmasına görə Respublika Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt |