Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda bağçalarda yaradılan şərait göz oxşayır

Qazaxda bağçalarda yaradılan şərait göz oxşayır


4-02-2019, 18:15


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə nəzarət şöbəsinin müdiri İlqar Mahmudov və6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Vaqif Əhmədovla birlikdə rayonda fəaliyyət göstərən bir neçə uşaq bağçasında olublar.

Məlumat verilib ki, son illər ölkəmizdə dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğı, onların hüquqlarının müdafiəsi ilə bağlı mütəmadi olaraq aparılan işlər respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da daim diqqət mərkəzində saxlanılır.

Məhz icra başçısının uşaqlara olan diqqət və qayğısının nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 bağçadan (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Qeyd olunub ki, bu gün şəhər bağçalarından 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçaların bariz nümunəsidir.

Bildirilib ki, rayonda uşaqlara olan qayğı bununla bitmir. Bu gün nəinki yeni bağçaların inşasına, eləcə də körpələrin keyfiyyətli ərzaqla təmin olunması, uşaqlara göstərilən diqqət və qayğı da daim diqqət mərkəzindədir.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasındakı şəraitlə tanış olub, uşaqların ərzaq təminatı, göstərilən qayğı ilə maraqlanıblar. Rayon rəhbərliyinə bildirilib ki, uşaqların yüksək keyfiyyətli ərzaqlarla təmin olunmasında heç bir problem yoxdur. Rayondakı bütün bağçalar ki, yeni qəsəbədə yerləşən bu bağça da ərzaqla tam təmin olunub. Bundan əlavə, uşaqların tibbi müayinə olunması da daim diqqət mərkəzində saxlanılır.

Sonra rayon rəhbərliyi şəhərin mərkəzində yerləşən və ötən ayın 21-də istifadəyə verilən 90 yerlik 6 saylı körpələr evi-uşaq bağçasında da olublar. Yeni bağçada olan qonaqlara məlumat verilib ki, ikisi böyük, ikisi orta və biri kiçik olmaqla 5 qrup fəaliyyət göstərir. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, tibb otağı, xidmət otağı, musiqi otağı, camaşırxana, anbar və mətbəx də inşa olunub.

Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub. Bundan əlavə, bağçanın həyətində gözətçi otağı tikilib. 

Şəhər 3 saylı körpələr evi-uşaq bağçasındakı şəraitlə tanışlıq da yüksək əhval-ruhiyyədə keçib. Bağçada yaradılan şərait, uşaqlara olan səmimi münasibət qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Hər üç bağçanın müəllimləri, tərbiyəçiləri yaradılan şəraitə, hər zaman uşaqlara olan qayğıya görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıqlarını çatdırıblar.

Bağçalarla tanış olan qonaqlar keyfiyyətli təhsilin başlanğıcının məhz məktəbəqədər təhsil müəssisələrindən başladığını qeyd edərək Qazaxda bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.






GOYEZEN.AZ


Geri qayıt