Əsas Səhifə > Manşet / Rəsmi > Aşağı Salahlı kəndində hesabat yığıncağı keçirilib

Aşağı Salahlı kəndində hesabat yığıncağı keçirilib


29-01-2019, 18:02

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərə və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçirilən bütün işlərdə uğurlar arzulayıb. Qeyd edib ki, dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi milli inkişaf strategiyası nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün bütün dünyada güclü dövlət kimi tanınır. Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, müasir infrastruktur yaradılmaqla əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir. Bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonları, şəhərləri, qəsəbələri və kəndləri əhatə edir. 2018-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən birinci müavin bu gün respublikamızın bütün bölgələri kimi, Qazax rayonunun da inkişaf etdiyini bildirib.

Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin böyük miqyas aldığını qeyd edən birinci müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq işlərinə nümunə göstərib.

Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin - Kosalar, Kəmərli, Qaymaqlı kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Bildirib ki, bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması, qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri tutaraq qalib kimi qayıtmaları Qazaxda təhsil sahəsinə göstərilən qayğının öz bəhrəsini verdiyini bir daha göstərdi.


M.Alıyev vurğulayıb ki, yola saldığımız 2018-ci il həm də ölkəmizdə elmin, təhsilin inkişafında xüsusi rolu olan Qazax rayonunun ziyalılarına verilən qiymətlə yadda qaldı. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla ötən il daha əlamətdar oldu. Ən əsası isə bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan birinci müavin bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirən birinci müavin Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasının da həmin bağçalar sırasında olduğunu bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara, Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini misal olaraq göstərib. Uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib.

M.Alıyev rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıqdan danışaraq 2018-ci ili kənd təsərrüfatı ili kimi dəyərləndirib. Bildirib ki, bu inkişafı əkin sahələrinin hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan birinci müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

2019-cu ilin ilk uğurlarından söhbət açan birinci müavin Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalamasını Qazax ziyalılarına verilən yüksək dəyər kimi qiymətləndirib və bütün qazaxlılar adından minnətdarlığını bildirib.

 

Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndə Yaşar Əfəndiyev hesabat məruzəsi ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmuş 2018-ci ildə qazanılmış nailiyyətlərdən danışıb. Qeyd edib ki, ölkəmizlə yanaşı hesabat ilində rayonumuzda da genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhər və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.

Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi bir kəndi əhatə etməklə kənddə təsərrüfatların sayı 456, əhalinin sayı 1929 nəfərdir. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 orta məktəb, 1 diyarşünaslıq evi, 1 kitabxana, 1 tibb məntəqəsi, 6 ticarət obyekti, 3 çayxana, 2 balaca un dəyirmanı və 1 çörəkbişirmə sexi fəaliyyət göstərir.

Kənddə 1 orta məktəb fəaliyyət göstərir ki, burada 256 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur. 2017-2018-ci tədris ilində məktəbin XI sinfini bitirən 4 nəfər məzun ali məktəblərə sənəd vermiş və daxil olmuşlar. Fəaliyyət göstərən 1 körpələr evi-uşaq bağçasında 35 körpənin tərbiyəsi ilə 14 nəfər tərbiyəçi məşğul olur.

Kənddə 1 tibb məntəqəsi fəaliyyət göstərir ki, burada 5 nəfər işçı kənd əhalisinin sağlamlığının keşiyində dayanır. 2018-ci ildə tibb məntəqəsinə 1245 nəfər ambulator gəliş olmuşdur.

Ərazidə 378 abonent elektrik enerjisindən, 344 abonent qaz yanacağından istifadə edir. Kənddə 250 nəfər telefon, 70 nəfər isə internet istifadəçisi vardır. Həmin abonentlər istifadə etdikləri enerji haqlarını vaxtında kənd poçt filialına ödəyir. Kənddə işıq və qaz fasiləsiz olaraq verilir. O cümlədən, əhali rabitə və sürətli internetdən istifadə edir.

Nümayəndəlikdə hesabat dövründə 13 kabinet iclası olmuş, iclasda 31 məsələ müzakirə edilmiş və məsələlər vaxtında həllini tapmışdır. Hesabat dövründə nümayəndəliyə 19 məktub daxil olmuş, 484 məktub ayrı-ayrı təşkilat və müəssisələrə göndərilmişdir. 8 yazılı, 35 şifahi müraciət daxil olmuş, müraciətlərə baxılmış və aidiyyəti üzrə həllini tapmışdır.

2018-ci ildə 19 nəfər uşaq doğulmuş, 12 nəfər sakin rəhmətə getmişdir. 5 nəfər rəsmi dövlət nigahına durmuşdur.


Aşağı Salahlı kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük və heyvandarlıqdır. Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı, 16 noyabr 2007-ci tarixli 181 saylı qərarına uyğun 2018-ci ildə 748 hektar sahəni əhatə edən 281 istehalçıya 51648 manat pul verilmişdir.

2018-ci ildə ərazidə 2 hektar tütün əkilib becərilmiş, 3402 kq məhsul təhvil verilmişdir. Cari ildə barama istehsalının artırılması məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 1500 ədəd tut tingləri əkilmişdir. Ərazidə 22 hektarda meyvə bağı, 1 hektarda fındıq, 20 hektarda qarğıdalı, 220 hektarda yonca, 8 hektarda günəbaxan, 15 hektarda tərəvəz, 15 hektarda kartof, 1,5 hektarda bostan, 69 hektarda üzüm bağı becərilmişdir. Ərazidə 2018-ci ildə 340 hektara buğda, 111 hektara arpa səpilmişdir. Sahələr Axmaz, Zor arxları vasitəsilə, Kür çayının sağ sahilində yerləşən sahələr isə K-1 kanalı vasitəsilə suvarılır. Rayon rəhbərliyinin tapşırığı ilə ərazinin ayrı-ayrı suvarma arxlarında təmir və təmizlik işləri aparılır. Təmizlənməsi nəzərdə tutulan 25,5 km arxın artıq 20,62 km-i təmizlənmişdir ki, bundan 16,36 km-i əl əməyi, 4,26 km-i isə texnika vasitəsilə həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Kənddə 1 yanvar 2018-ci il tarixə 1953 baş iribuynuzlu mal-qara, 9348 baş xırdabuynuzlu qoyun-keçi vardır. Bu il 1850 baş heyvanlarda qarayara xəstəliyinə qarşı profilaktik tədbir aparılmış, 550 baş iribuynuzlu heyvanlarda brüselyoz xəstəliyinə qarşı sıraloji müayinə aparılmışdır. 9300 baş xırdabuynuzlu heyvanlarda davaq, 250 baş iribuynuzlu heyvanlarda vərəmə və 237 baş itlərdə quduzluq xəstəliyinə qarşı peyvənd aparılmışdır.

Ərazidə 1 nəfər süni mayalanma üzrə ixtisaslaşmış mütəxəssis fəaliyyət göstərir. Onun fəaliyyəti sayəsində 2018-ci ildə 32 baş inək süni mayalanmış 16 baş bala alınmışdır.

Dövlət  büdcəsi  hesabına Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası cari təmir olunmuşdur. Bağçanın həyətində səliqə-səhman yaradılaraq yaşıllıq salınmışdır.

12 nəfər fermerin 20 hektar pay torpağını və kəndin aşağı hissəsindəki həyətyanı torpaqların 3 hektarını əhatə etməklə 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Bundan əlavə, ərazidə 8 ədəd artezian quyusu fəaliyyət göstərir. 2018-ci ildə 2 ədəd artezian quyusu cari təmir edilmişdir.

İribuynuzlu mal-qaranın örüşə getməsini və pay torpaqlarına gediş-gəlişin yaxşılaşdırılması məqsədilə derenaj kanalın üzərində eni 8 metr olan körpü salınmışdır. Kəndin "Salmanlı” məhəlləsində yolun bir hissəsinə çınqıl döşənmiş qreyder vasitəsilə hamarlanmışdır. Kənddə qazılacaq artezian quyusuna gedən yol düzəldilmiş və 1 ədəd eni 6 metr olan suötürücü beton boru salınmışdır. 21 ailənin istifadə etdiyi məişət su borusunun üzərində yerləşən sıradan çıxmış paylayıcı qurğu yenisi ilə əvəz olunmuşdur. "Məmmədrzalıq” adlanan məhəllədən keçən arxın 100 metrlik hissəsində təmir işləri aparılmış və 1 ədəd su borusu salınmışdır. Kənd ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş ərazi təmizlənmiş və ərazinin təmizliyinə riayət olunmasını bildirən xəbərdarlıq lövhələri vurulmuşdur. "Hacıxəlili” məhəlləsində məhəllə yoluna həyətyanı sahələrdən gələn suyun ötürülməsi üçün eni 6 metr olan 1 ədəd suötürücü metal boru salınmışdır.

Kənd ərazisində olan 5 ədəd yararsız elektrik dayaqları, 4 ədəd rabitə dayaqları dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Nümayəndəlikdə mütəmadi olaraq kənd qəbiristanlığında iməciliklər keçirilmişdir. 

Aşağı Salahlı kəndində yaşayan şəhid ailələri və Qarabağ əlillərinə, yaşlı sakinlərə diqqət və qayğı ilə yanaşılmış, rayon rəhbərliyinin təşəbbüsü ilə həmin ailələrin evlərinə gedilmiş və bayram sovqatı verilmişdir.

2019-cu ildə qarşıda duran vəzifələrdən və görüləcək işlərdən söhbət açan icra nümayəndəsi bildirib ki, kənddə icra nümayəndəliyinin, bələdiyyənin, tibb məntəqəsinin, diyarşünaslıq evinin, kitabxananın tikintisinə və ya əsaslı təmirinə, N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin istilik sisteminin yenidən qurulmasına, suvarma suyunun daha da yaxşılaşdırılması məqsədilə suvarma arxlarının beton örtüyə alınmasına və 2 ədəd subartezian quyusunun qazılmasına, Kür çayının sağ sahilində bəndbərkitmə işlərinin aparılmasına ehtiyac vardır. Bundan əlavə, bağça binasının darısqal şəraitdə olmasını nəzərə alaraq əlavə otaqların tikilməsi, kəndin aşağı hissəsində yerləşən şəhidlərin adına inşa edilmiş bulaq kompleksinin əsaslı təmir olunması və ətrafında kiçik parkın salınması, həmin ərazidəki dayanacağın yenidən tikilməsi və yaxud da əsaslı təmir olunması, kəndin girişində yerləşən ünvanı göstərən abidənin yanında bağın salınması, orada dekarativ ağacların əkilməsi də həlli vacib olan məsələlərdəndir.

Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, məktəbin müəllimi Cəbrayıl Qələndərov, sakinlərdən İsmayıl Qələndərov, Asimə Ballayeva, İlham Nəbiyev, Əkbər Mirzəyev və başqaları çıxış edərək 2018-ci ildə rayonumuzda, eləcə də Aşağı Salahlı kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər kənd ərazisində zibil qutularının qoyulması və s. bağlı bir sıra istək və təkliflərini də qeyd ediblər.









 

 


Geri qayıt