Əsas Səhifə > Manşet / Rəsmi > Daş Salahlı kəndi 2018-ci ili uğurla başa vurub

Daş Salahlı kəndi 2018-ci ili uğurla başa vurub


21-01-2019, 21:45


Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, Idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu inkişaf və tərəqqini dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkəmizin son 15 ildə qazandığı uğur və nailiyyətlərdən də aydın şəkildə görmək olar. Son illərdə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun artması, bütün sahələr üzrə güclü dövlət kimi tanınması bunun bariz nümunəsidir.

Rayon rəhbəri qeyd edib ki, 2019-cu il yanvar ayının 11-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı 2018-ci il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir.

İcra başçısı bildirib ki, başa vurduğumuz 2018-ci il ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu üçün də hər bir sahədə uğurlu olmuşdur. Bunu istər sosial obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. Rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2018-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il olmuşdur. Rayon rəhbəri bildirib ki, Qazax rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bu gün rayonda kənd təsərrüfatı sahəsində olan bu uğuru ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.


 

"2018-ci il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi yadda qaldı”, - deyən rayon rəhbəri ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisini 2018-ci ilin uğurlu il olmasının əyani sübutu kimi qiymətləndirib.

Rayon rəhbəri qeyd edib ki, sərhəddə yaşayan bir rayon üçün müasir standartlara cavab verən xəstəxananın olması olduqca vacib məsələ idi. Ölkə başçısının diqqət və qayğısı sayəsində bu məsələ öz müsbət həllini tapdı və bu gün 5 korpus yüksək səviyyədə inşa olunub. Əlavə 3 korpusun inşası nəzərdə tutulur. Bütün bunlar bir daha onu sübut edir ki, Qazaxda səhiyyə sahəsinə olan qayğı diqqət mərkəzindədir.

Ölkə başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, Sərəncamlara uyğun olaraq Qazaxda bu sahədə məqsədyönlü işlərin görüldüyünü qeyd edən icra başçısı rayonda olan təmirli yollardan söz açıb. Bildirib ki, bu gün rayonda olan yüksək keyfiyyətli yollara misal olaraq Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun isə yenidən bərpası göstərə bilərik.

Ölkəmizdə elmin, təhsilin inkişafında Qazaxın xüsusi rolu olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının 3 noyabr 2018-ci il tarixli Sərəncam verməsi bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı günü-gündən artır

İcra başçısı respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən də danışıb. Ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, bu il rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.

Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması, "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri tutaraq qalib kimi qayıtmaları   bütün bu dediklərimizin əyani sübutudur.

Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2018-ci ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. Qazax rayonu üzrə olan 25 bağçadan 18-də müasir standartlara cavab verən şəraitin yaradılmasını, bu gün açılışını etdiyimiz şəhər 6 saylı bağçanın körpə fidanların istifadəsinə verilməsini yüksək dəyərləndirib. Bağçalarla bağlı görülən işlərin bu il də uğurla davam etdiriləcəyini vurğulayan rayon rəhbəri Daş Salahlı kəndində də 1 bağçanın əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu qeyd edib. 

Rayon rəhbəri bildirib ki, yola saldığımız 2018-ci il əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də yadda qalıb. Son iki il yarımda rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsi bunun bariz nümunəsidir. Rayon rəhbəri həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha 4 binanın təmirinə başlanıldığını diqqətə çatdırıb.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. Bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli, 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək kəndi ərazisində "Saloğlu” fərdi firması tərəfindən həyata keçiriləcək "Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30.558 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda layihənin həyata keçirilməsi üçün tikinti işlərinə başlanılmışdır. Bu isə rayonda yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Sonra Daş Salahlı kənd İƏD-si üzrə nümayəndə Tahir Hüseynli hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, son illərdə, xüsusilə də 2018-ci ildə ölkəmizin qazandığıuuğurlardan görmək olar ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Respublikamızda gedən hərtərəfli inkişaf rayonumuzda, eləcə də kəndlərimizdə də yüksək templə davam etdirilir.

İcra nümayəndəsi bildirib ki, Daş Salahlı kəndi rayonun ən böyük kəndlərindən biridir. Kəndin 10585 nəfər əhalisi, 3019 təsərrüfatı, 6832 hektar ərazisi vardır. Kənd ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 3 körpələr evi–uşaq bağçası, 1 poçt-rabitə xidməti, 2048 nömrəli yeni elektron ATS və mobil telefon stansiyaları – Azərcell, Bakcell və Nar mobile, 1 həkim məntəqəsi, 1 polis bölməsi, 2 polis məntəqəsi, 1 mədəniyyət evi, 2 kitabxana, 1 folklor evi, 1 klub, "Daş Salahlı” Sudan İstifadə edənlər birliyi, 2 güləş dərnəyi, bir sıra respublika əhəmiyyətli sənaye obyekləri - 8 ədəd daş karxanası, "AKKORD” sement zavodu, "Azrosprominvest” MMC, "Mətanət A” şirkəti, "Gilan” MMC, "AAC” MMC kimi müəssisələr fəaliyyət göstərir ki, həmin təşkilatlarda yüzlərlə Daş Salahlı kənd sakinləri işlə və yüksək əmək haqqı ilə təmin olunmuşlar. Bu da kənd əhalisinin maddi rifah halının yaxşılaşması üçün vacibdir.

Kənd ərazisində fəaliyyət göstərən Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbində 745 nəfər şagird təhsil alır ki, onların tərbiyəsi ilə 90 nəfər müəllim məşğul olur. 26 nəfər texniki işçi işləyir. Hesabat ilində 1 saylı məktəbin 41 nəfər məzunu olmuş, onlardan 20 nəfəri ali məktəblərə sənəd vermiş, 19 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə daxil olan məzunların 2 nəfəri 500-dən, 6 nəfəri isə 400-dən yuxarı bal toplamışdır.

Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbində isə 608 nəfər şagird təhsil alır ki, onların tərbiyəsi ilə 69 nəfər müəllim məşğul olur. 21 nəfər texniki işçi çalışır. 2018-ci ildə 2 saylı məktəbin 26 nəfər məzunu olmuş, onlardan 13 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəbə daxil olmaq üçün sənəd vermiş həmin məzunlardan 12 nəfəri ali təhsil ocaqlarına qəbul olunmuş, 2 nəfər 600-dən, 4 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

 

Əvvəlki illərdə olduğu kimi, ötən il Daş Salahlı kəndi üçün də uğurlu olmuşdur. Belə ki, 2018-ci ildə rayon rəhbərliyinin köməkliyi ilə bir sıra işlər görülmüşdür. Kənd əhalisinin rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə 150 telefon nömrəlik daxili xətt şəbəkəsi genişləndirilərək əhalinin istifadəsinə verilmiş, Qazax Sement zavoduna məxsus su xəttindən kənd qəbiristanlığına 40 mm-lik boru ilə 1,3 kilometr uzunluğunda yeni su xətti çəkilmiş, kəndin Səməd Vurğun küçəsindəki 300 mm-lik məişət su xəttinin 500 metrlik hissəsi dəyişdirilərək təmir edilmişdir.

Rayon rəhbərliyinin və Daş Salahlı bələdiyyəsinin köməkdarlığı hesabına "Dəli qac” adlanan daxili suvarma arxının yeni beton üzlüyə alınmasına və kənd ərazisindəki məişət tullantılarının tökülməsi üçün 1 hektar ərazidə iritutumlu quyunun qazılmasına və ətrafının metal torla əhatəyə alınması işlərinə başlanılmışdır. Hazırda işlər davam etdirilir. Kənddaxili yollarda yaranan çala-çuxurlar mütəmadi olaraq qum-çınqıl verilərək hamarlanır.

12 sentyabr 2018-ci il tarixində Qazax rayonunda olan "Asan Qatar”ın nümayəndə heyəti Daş Salahlı kəndindəki uşaq bağçasında olmuş, Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə 51 nəfər uşağa şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Ötən il rayon rəhbərliyinin köməkliyi ilə Qarabağ müharibəsi əlili Kərimov Mahmud Yasin oğluna və kənd sakini Əliyev İlham Vəli oğlunun ailələrinə ev tikintisi üçün lazım olan tikinti materialları alınaraq verilmişdir.

Hesabat ilində kənd əhalisinin köməkliyi ilə kənd ərazisində iməciliklər təşkil olunmuş və ərazidə yerləşən qəbiristanlıq mütəmadi olaraq alaq otlarından biçilərək təmizlənmiş, səliqə-səhman yaradılmışdır.

Respublikamızda kənd təsərrüfatına aid aparılan məqsədyönlü fəaliyyət Daş Salahlı kəndində də uğurla davam etdirilir. Son 3 ilin statistik rəqəmlərinə baxsaq bunu aydın şəkildə görərik. Belə ki, 2016-cı ildə cəmi əkin sahəsi 1980,8 hektar olduğu halda, 2018-ci ildə 647,5 hektar və ya 33 faiz artaraq 2628,3 hektara çatmışdır. Artan əkin sahələrindən 405 hektarında buğda və arpa, 242,5 hektarında isə digər kənd təsərrüfatı məhsulları əkilmişdir. Daş Salahlı sakinləri hər il olduğu kimi, bu il də taxıl zəmilərindən yüksək məhsuldarlıq əldə etmişlər. Əkilmiş 1205 hektar buğda sahəsindən 4422,4 ton, yəni hektara 36,7 sentner, 700 hektar arpa sahəsindən isə 1750 ton və ya hektara 24,5 sentner məhsul götürmüşlər.

2019-cu il üçün Daş Salahlı ərazisində 2633,9 hektar sahədə əkin aparılması nəzərdə tutulmuşdur ki, bunun da 1205 hektarında buğda, 700 hektarında arpa, 728,9 hektarında isə yonca və digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1965 hektar ərazidə şumlama işləri aparılmış, 1131 hektar sahədə payızlıq buğda, 700 hektar sahədə isə arpa əkini başa çatdırılmışdır.

2018-ci il taxılçılar kimi baramaçılar üçün də uğurlu il olmuşdur. 300 kq barama planına qarşı baramaçılar 470 kq barama yetişdirərək "Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil vermişlər ki, qarşıya qoyulmuş tapşırığa 157 faiz əməl olunmuşdur. 2018-ci ildə kənd ərazisində 2 hektar tütün əkilmiş, sahələrdən 3491 kq tütün yığılaraq tütün fabrikinə təhvil verilmiş, plana 107 faiz əməl edilmişdir. 2019-cu ildə də kənd ərazisində 4 hektar tütün əkilməsi nəzərdə tutulmuşdur.

 

Kənd təsərrüfatı məhsullarının inkişafındakı artımın əsas səbəblərindən biri də rayon rəhbərliyinin bilavasitə rəhbərliyi ilə suvarma arxlarında aparılan təmizlik işləridir ki, uzun illərdir diqqətdən kənarda qalmış arxlarda son 3 il ərzində çox böyük işlər görülmüşdür. Belə ki, əhalinin suya olan tələbatını vaxtında və itkisiz ödəmək üçün 2016-2017-ci təsərrüfat ilində 25,3 km arxın təmizlənməsi nəzərda tutulmuş, 26,32 km arx təmizlənmişdir. Bunun da 20,84 km–i texnika, 5,48 km-i isə əl əməyi ilə təmizlənmişdir. 2017-2018-ci təsərrüfat ilinə hazırlıq məqsədilə 18,39 km arx təmizlənmişdir ki, bunun da 13,89 km-i texnika, 4,5 km-i isə əl əməyi ilə, 2018-2019-cu təsərrüfat ili üçün isə nəzərdə tutulan 17,25 km arx təmizlənərək təsərrüfat sahiblərinin ixtiyarına verilmişdir. Suvarma arxlarının təmizlənməsində Qazax Suvarma Sistemləri İdarəsinin texnikalarından, ”Daş Salahlı” SİB-in işçilərindən və kənd əhalisinin köməyindən istifadə olunmuşdur. Sahibkarların torpaqlarının əkib becərilməsində kənd ərazisində fəaliyyət göstərən mexanizatorlar və aqro lizinq xidmət işçiləri yaxından iştirak edirlər. Belə ki, kənd əhalisinə xidmət üçün 21 traktor, 13 kotan, 9 taxılbiçən kombayn, 8 toxumsəpən, 5 otbiçən QDR, 4 gübrə səpən, 5 dırmıq, 7 otbağlayan və digər kənd təsərrüfat texnikaları mövcuddur.

Hesabat ilində kənd təsərrüfatı məhsulları əkən 1652 nəfər əməkçiyə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 161542 manat subsidiya ödənilmişdir. 01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında 4502 baş iribuynuzlu, 32070 baş xırdabuynuzlu heyvan, 11000 baş quş qeydiyyata alınmışdır. 5 dekabr 2018-ci il tarixdə 12 nəfər arıçıya məxsus 250 yeşik arı ailəsi birkalanıb, qeydiyyata alınıb, akt tərtib olunmuşdur.

Hesabat ilində Daş Salahlı kənd nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, təklif və şikayətlərinə baxılaraq lazımi tədbirlər görülmüşdür. Hesabat dövründə vətəndaşlardan 35 yazılı ərizə daxil olmuş və ərizələrin hamısı müsbət həllini tapmışdır. Vətəndaşları narahat edən müxtəlif formada 71 şifahi müraciət daxil olmuşdur. 2018-ci ildə yuxarı icra orqanlarından, idarə və təşkilatlardan cəmi 36 məktub daxil olmuşdur.

Hesabat dövründə nümayəndəlik ərazisində 150 nəfərin nigah qeydiyyatı, 132 nəfərin doğum qeydiyyatı, 62 nəfərin isə ölüm qeydiyyatı aparılmışdır.

Daş Salahlı kəndi Qarabağ müharibəsi zamanı 21 şəhid vermişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman onların problemləri ilə maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görüb. Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, imkansız ailələrə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz və Qurban bayramları münasibətilə bayram sovqatları verilmişdir.

 

Daş Salahlı kənd Polis bölməsinin rəisi Şakir Rüstəmov çıxış edərək qeyd edib ki, kənd ərazisində Qazax rayon Polis şöbəsinin Daş Salahlı kənd bölməsi və yeni tikilib istifadəyə verilmiş Polis Məntəqəsi fəaliyyət göstərir. Bildirib ki, kənddə bütün işlər yaxşı qurulmaqla ərazidə əmin-amanlığın, rahatlığın, firəvanlığın qorunmasına xidmət edir. 

Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, Daş Salahlı kənd 2 saylı uşaq bağçasının müdiri Aybəniz Kərimova, bağçanın müəllimi Çiçək Vəliyeva, Daş Salahlı kənd 2 saylı tam orta məktəbin sinif müəllimi Qətibə Kazımova, ağsaqqal Akif Yusifov, şəhid bacısı Hicranə Məmmədova, Yolçu Əliyev, II qrup Qarabağ müharibəsi əlili Mahmud Kərimov, Rəşad Cəfərov və başqaları söz alaraq hesabat ilində kənddə görülən bütün işlərə görə kənd sakinləri adından ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar. Sakinlər qeyd ediblər ki, bu gün istər şəhərin mərkəzində, istərsə də kəndlərdə qaldırılan hər bir məsələ öz müsbət həllini tapır. Siz rayon rəhbərliyi biz sakinlərlə görüşən zaman kənddə 1941-1945-ci il II Dünya müharibəsində həlak olanların xatirəsinə ucadılmış abidənin təmir olunması barədə müraciət etmişdik. Bu gün biz sevinirik ki, həmin müraciətimiz həll olundu və Abidə Kompleksi yüksək səviyyədə əsaslı şəkildə təmir edilərək istifadəyə verildi. Bundan başqa, kənddə bağçalarla bağlı məsələ qaldırmışdıq ki, sizin rəhbərliyiniz sayəsində həmin məsələ də öz müsbət həllini tapdı. Bu gün kəndimizdə olan 3 uşaq bağçasından ikisi tam müasir standartlara cavab verən səviyyədədir. Bir təmirsiz bağçamız qalıb ki, biz əminik ki, o da sizin uşaqlara olan sonsuz qayğınız sayəsində yenidən əsaslı təmir olunacaqdır. Uzun illərdən bəri mövcud olan bir problemimiz vardı ki, o da yol məsələsi idi. Artıq ölkə başçısının, siz rayon rəhbərliyinin biz sakinlərə olan qayğısının nəticəsidir ki, kənddə yeni asfalt yolun çəkilməsinə başlanılıb. İstər rayonda, istərsə də kəndimizdə olan bu dinamik inkişaf və genişmiqyaslı abadlıq işləri bizi çox sevindirir. Biz bir daha əmin oluruq ki, görülən işlərin təməlində, kökündə vətəndaş amili dayanır. Ən əsası da son iki il yarımdır ki, Qazaxda həmin vətəndaş amili hər zaman ön planda tutulur. Ölkə başçısının söylədiyi "Hər bir işin əsasında xalqa xidmət dayanır” cümləsinin şahidi oluruq. Sakinlərin kənddə dayanacaq qoyulması üçün yerin ayrılması ilə bağlı istəklərini dinləyən rayon rəhbəri aidiyyəti üzrə tapşırıq verib.

 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağa yekun vuraraq qeyd edib ki, 2019-cu ildə qarşıda daha mühüm vəzifələr durur. Rayon rəhbərliyi dövlətimizin çiçəklənməsi naminə bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində kənd sakinlərinə səmərəli fəaliyyət və uğurlar arzulayıb.











GOYEZEN.AZ

 

 

 

 

 


Geri qayıt