Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 6 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

Qazaxda 6 saylı körpələr evi-uşaq bağçasının açılışı olub


21-01-2019, 21:00


Bu gün tam əminliklə deyə bilərik ki, 2018-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı. Rayonda yeni avtomobil yollarının çəkilməsi, sosial obyektlərin, müəssisələrin, məktəblərin inşa olunması və s. bu dediklərimizin əyani sübutudur.

Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görüldü. Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı yola saldığımız ildə də Qazaxda uğurla icra olundu. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq körpə fidanların gözəl şəraiti olan bağçalarda tərbiyə almaları üçün hər cür imkan yaradıldı. Bunun üçün rayonda yeni bağça binaları tikildi və yaxud da əsaslı şəkildə təmir olundu. Bağçalar müasir inventar və avadanlıqlarla təchiz edildi. Bir sözlə, körpələr üçün hər cür şərait yaradıldı.

Ümumiyyətlə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı bağça tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi son iki il yarımda uğurla davam etdirilir.

Rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 uşaq bağçasından 18-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Yola saldığımız 2018-ci il şəhərin mərkəzində yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının kollektivi üçün də uğurlu bir il oldu. Belə ki, tələbata cavab verməyən digər bağça binaları kimi 6 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanıldı.

Şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulan həmin 90 yerlik 6 saylı körpələr evi-uşaq bağçası ölkə başçısının imzaladığı Sərəncamın Qazax rayonunda bundan sonra da uğurla icra edilməsi deməkdir.

Bu gün isə əsaslı şəkildə yenidən qurulan və müasir standartlara cavab verən 6 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB aparatının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini, bütün qazaxlıları təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün açılışını etdiyimiz bu yeni bağça istər müəllimlər, istər valideynlər, istərsə də körpə balalar üçün yenicə qədəm qoyduğumuz 2019-cu ildə əsl yeni il hədiyyəsidir.

İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir.

 

Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən qarşıma məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunmalı və bağçalarda hər cür şərait yaradılmalıdır. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bu istiqamətdə işlərə başladıq və uğurla da davam etdiririk. Rayon üzrə şəhərdə yerləşən altıncı bağçadır ki, bu gün tam müasir standartlara cavab verən səviyyəyə çatdırılaraq körpə fidanların istifadəsinə verilir.


Təkcə 2018-ci ildə istifadəyə verilən 6 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 və 3 saylı, İkinci Şıxlı kənd 2 saylı uşaq bağçaları tam müasir tələblərə cavab verən bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç də geri qalmır. Bundan sonra çalışacağıq ki, bu ilin sonuna kimi təmirə ehtiyacı olan digər 7 bağça da əsaslı şəkildə təmir olunsun. Qarşımıza məqsəd qoyumuşuq ki, bu il həmin bağçaların körpə fidanlarını, valideynlərini, müəllimlərini sevindirək.

 

Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Bunu istər bağçalardakı ərzaq təminatından, istərsə də yaradılan şəraitdən də aydın şəkildə görmək olar.

Sonda Rəcəb Babaşov bir daha yeni bağçanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.


Tədbirdə çıxış edən qonaqlardan Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev çıxış edərək qeyd edib ki, bu gün mən bir baba kimi çox sevinirəm ki, rayonumuzda gələcəyimiz olan körpələrə belə diqqət və qayğı göstərilir. Görülən bütün işlər bizi bir daha əmin edir ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir. Bütün bu işlərin təməlində isə Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan sonsuz diqqəti və qayğısı dayanır. Buna görə biz qazaxlılar da rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə görə ölkə başçısına və siz rayon rəhbərliyinə minnətdarlığımızı çatdırırıq.


Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev tədbirdə çıxış edərək rayonda səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, hər bir xəstəliyin kökündə sanitar-gigiyenik qaydalara düzgün riayət olunmaması, istilik sisteminin və şəraitin olmaması dayanır. Bu gün biz sevinirik ki, belə yüksək şəraiti, ən əsası da müasir istilik sistemi olan bağçalarımız inşa olunur və uşaqlarımızın sağlamlığı təmin olunur. Diqqət çəkən məqamlardan biri isə odur ki, son iki il yarımdır ki, Qazaxda təkcə bağça binaları inşa olunmur, eyni zamanda həmin bağçaların yüksək keyfiyyətli ərzaq təminatına və uşaqların sağlamlığına da xüsusi nəzarət olunur. Rayon rəhbərliyinin bu sahəyə xüsusi qayğı ilə yanaşdığını qeyd edən baş həkim mütəmadi olaraq bağçalarda uşaqların müayinə olunduqlarını və bu sahənin daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.

 

M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova respublikamızda təhsil sahəsinə göstərilən diqqət və qayğıya, xüsusilə də uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müəllim və valideynlər, bütün şəhər sakinləri adından öz dərin minnətdarlığını bildirib. Ölkə başçısının uşaqlarla bağlı dövlət siyasətini yüksək səviyyədə həyata keçirdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıb. Məktəb direktoru bildirib ki, savadlı, tərbiyəli gənclərin yetişməsində məktəbəqədər təhsil müəssisələri olan bağçaların xüsusi rolu vardır. Çünki təhsilin təməli nə qədər düzgün qoyularsa, o qədər də yüksək nəticə əldə edə bilərik. Ona görə də bağçalar xüsusi önəm daşıyır. Bu gün biz qazaxlılar sevinirik ki, rayonumuzda bu sahəyə xüsusi diqqət ayrılır. Açılışına toplaşdığımız bu bağça da həmin qayğının bariz nümunəsidir.

 

Ötən il əsaslı şəkildə təmir olunan İkinci Şıxlı kənd 2 saylı kənd körpələr evi-uşaq bağçasının müdiri Lalə Qurbanova çıxış edərək qeyd edib ki, əvvəl biz təmir olunan digər bağçalara baxıb həsəd aparırdıq ki, bizim nə vaxt belə bağçamız olacaq. 2 aydan artıq bağçamızda əsaslı şəkildə yenidənqurma işləri aparılaraq hər cür şərait yaradıldı və ötən il oktyabr ayının 22-də gələcəyimiz olan körpələrin istifadəsinə verildi. Bəli, bu gün biz də öz bağçamıza baxıb qürur hissi keçiririk. Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv və valideynlər adından bir daha dərin minnətdarlığını çatdırıb.


Şəhid ailəsi Sabiri Kifayət çıxışında qeyd edib ki, Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman əziz tutulur. Bunu rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğıdan da aydın şəkildə görmək olur. Siz rayon rəhbərinin fəaliyyətə başladığınız ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırmağınız, onların ailə üzvlərinə daim qayğı ilə yanaşmağınız bunun bariz nümunəsidir. Bundan əlavə, son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin əyani sübutudur. "Hər şey vətənpərvərlikdən başlayır”, - deyən K.Sabiri qeyd edib ki, bu gün açılışını etdiyimiz bu bağça da elə bir yerdə yerləşir ki, yaxınlığında hərbçi ailələrinin yaşadığı hərbi şəhərcik var.


Yeni istifadəyə verilən şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Məmmədli və çıxış edərək onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı daim doğruldacaqlarını bildirib.

Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Növrəstə Haqverdiyevanın "Bura Qazaxdı, oğlum” şeirini səsləndirməsindən sonra uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar. Əsaslı təmirdən sonra bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.




Bağçada tərbiyə alan körpə fidanlardan Nəzrin Haqverdiyeva, Niyaz Həsənov, Murad Xəlilli, Leyla Qarasaqqalova, Elmir Həsənov, Sabina Qəhrəmanova Vətənə, anaya, Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.                     

Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 90 yerlik yeni bağçada ikisi böyük, ikisi orta və biri kiçik olmaqla 5 qrup fəaliyyət göstərəcəkdir. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, tibb otağı, xidmət otağı, musiqi otağı, camaşırxana, anbar və mətbəx də inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən biri də odur ki, hər qrupun özünün ayrıca ayaqyolusu və mətbəxi, müasir istilik sistemi var. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb. Bundan əlavə, bağçanın həyətində gözətçi otağı tikilib. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub.





























GOYEZEN.AZ

 


Geri qayıt