Əsas Səhifə > Manşet / Sosial > Əsaslı şəkildə yenidən qurulan 6 saylı bağçada işlər yekunlaşıb
Əsaslı şəkildə yenidən qurulan 6 saylı bağçada işlər yekunlaşıb17-01-2019, 20:03 |
2018-ci ilin Qazaxda tikinti-quruculuq ili kimi yadda qalması hər kəsə yaxşı məlumdur. Bunu rayonda yeni avtomobil yollarının çəkilməsindən, sosial obyektlərin, müəssisələrin, məktəblərin inşa olunmasından və s. aydın şəkildə görmək olar. Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi qayğı ilə yanaşması, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu dediklərimizin əyani sübutudur. Yola saldığımız 2018-ci il bağça tikintisi ilə də yadda qaldı desək heç də yanılmarıq. Belə ki, təkcə 2018-ci ildə ikisi şəhərin mərkəzində, biri isə kənddə olmaqla 3 bağça yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verildi. Şəhər 2, 3 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları həmin açılışı olan bağçalardır. Ümumiyyətlə, son iki il yarımda rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 uşaq bağçasından 18-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərə bilərik. Yola saldığımız 2018-ci ilin daha bir uğuru isə şəhərin mərkəzində yerləşən 2 böyük, 2 kiçik və 1 orta olmaqla 5 qrupdan ibarət olan 90 yerlik 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması oldu. Belə ki, tələbata cavab verməyən digər bağça binaları kimi 6 saylı bağçanın da əsaslı şəkildə yenidən qurulmasına başlanıldı. Binanın dam örtüyü, otaqların qapı və pəncərələri, tavan və döşəmələri yeniləndi. Bağçaya müasir istilik sistemi çəkildi. Binanın daxilində və həyətində abadlıq işləri aparıldı. Həyətə tamet döşəndi, dekorativ və həmişəyaşıl gül kolları əkildi. Bağça binasının ətrafına hasar çəkildi. Bağçanın giriş hissəsinə yeni darvaza qoyuldu. Bundan əlavə, bağçanın həyətində gözətçi otağı tikildi. Hazırda isə bağçada bütün işlər yekunlaşıb. Avadanlıqlar yerləşdirilib. Demək olar ki, bağça açılışa tam hazırdır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılışla bağlı bağçada görülən hazırlıq işləri ilə tanış olub, bəzi tapşırıq və tövsiyələrini verib. Bağça müdiri Elnarə Məmmədli yüksək səviyyədə olan belə bir bağçanın körpə fidanların istifadəsinə verilməsinə görə ölkə başçısı İlham Əliyev başda olmaqla, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv və valideynlər adından dərin minnətdarlığını bildirib. Gözəl şəraiti olan bu bağçanın uşaqlara əsl yeni il töhfəsi olduğunu bildirib.
GOYEZEN.AZ Geri qayıt |