Əsas Səhifə > Manşet / Rəsmi > Uşaqlara göstərilən qayğı daim diqqət mərkəzində saxlanılır

Uşaqlara göstərilən qayğı daim diqqət mərkəzində saxlanılır


9-01-2019, 13:26


Bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması sahəsində məqsədyönlü işlər görülür. Son iki il yarımda bu sahənin daim diqqət mərkəzində saxlanılması, rayonda yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bunun bariz nümunəsidir.

Məhz uşaqlara olan diqqət və qayğının nəticəsidir ki, rayonda fəaliyyət göstərən 25 bağçadan (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalardandır.

Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulması bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan sonsuz qayğısının, yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərin nəticəsidir ki, bu gün körpə balalarımız gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunurlar.

Rayonda balaca fidanlara olan qayğı bağça təmiri və ya tikintisi ilə bitmir. Bağçalarda yaradılan şəraitlə yanaşı uşaqların keyfiyyətli ərzaqla təmin olunması, körpələrə göstərilən diqqət və qayğı da daim diqqət mərkəzində saxlanılır.

Bu gün rayon rəhbərliyi şəhərdə yerləşən 1, 4 və 5 saylı bağçalarda olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı, bişirilən yeməklərin keyfiyyəti və istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıblar.

Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.







GOYEZEN.AZ


Geri qayıt