Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda ilk dəfə 4 hektar ərazidə çiyələk yetişdirilir
Qazaxda ilk dəfə 4 hektar ərazidə çiyələk yetişdirilir5-01-2019, 14:26 |
Son illər respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, sadə fermerlərə göstərilən diqqət və qayğı bu sektorda çalışan insanlar üçün geniş imkanlar açır. Məhz dövlət tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə, aqrar sektorda böyük çəkiyə malik olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə çalışırlar. Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür. Rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, son iki il yarımda rayonda əkin sahələri ildən-ilə genişləndirilir. İstər dövlətin, istərsə də rayon rəhbərliyinin qayğısını hər an hiss edən təsərrüfatla məşğul olan sakinlər əkin sahələri ilə yanaşı, istixanaların da sayını getdikcə artırırlar. Yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması baxımından da bu istixanalar böyük əhəmiyyət kəsb edir. Bu il isə Qazaxda ilk dəfə olaraq şəhər sakini Aşırov Nüsrət Kərim oğlu tərəfindən yeni üsulla çiyələk yetişdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev N.Aşırovun yeni yaratdığı həmin çiyələk sahəsində olub, görülmüş işlərlə maraqlanıb.
Təsərrüfat rəhbəri N.Aşırov bildirib ki, birinci ildir ki, ilk dəfə olaraq çiyələk becərmək qərarına gəlib. Söhbət zamanı o, bu gün istehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələyin dünya bazarında xüsusi yeri olduğunu qeyd edib. Çaylı kəndi ərasizində 4 hektar sahədə məhsuldarlığı daha yüksək, saxlama müddəti çox, süfrəlik və mürəbbəlik "Albion” sortu olan çiyələk şitillərinin ötən ilin avqust ayında əkildiyini bildirib. 1 hektara təxminən 46-50 min ədəd şitil əkildiyini qeyd edən fermer yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və xüsusi qulluq göstərildiyini vurğulayıb. Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Onun sözlərinə görə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır. Məhsul yığımının isə bu ilin mart ayında aparılacağını bildirən fermer gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırır. Belə ki, əlavə 3 hektar ərazidə də çiyələk yetişdiriləcəyini, eyni zamanda, ilboyu məhsul əldə etmək üçün gələcəkdə çiyələk sahəsinin istixana halına salınacağını bildirib. Təsərrüfatda görülən işlərlə tanış olan M.Alıyev öz tapşırıq və tövsiyələrini verib, gələcək işlərində ona uğurlar arzulayıb.
GOYEZEN.AZ
Geri qayıt |