Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda daha bir çoxmənzilli bina əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib

Qazaxda daha bir çoxmənzilli bina əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib


27-12-2018, 14:56


Son iki il yarımdır ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığı Qazax rayonunda əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür.  Belə ki, rayonda istifadəyə verilən sosial, sənaye və iaşə obyektləri, uşaq bağçaları, məktəblər, yeni asfalt yolları ilə yanaşı, çoxmənzilli binaların təmiri də daim diqqət mərkəzində saxlanılır.

Məhz bunun nəticəsidir ki, ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı düzgün icra edilir. Sərəncama əsasən ötən il 78, bu il isə daha 50 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması,  4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və ya təmir olunması görülən işlərin əyani göstəricisidir. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 128-nin yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdəndir.

Təkcə bu il əsaslı təmirdən sonra istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı çoxmənzilli yaşayış binaları bu dediklərimizin əyani sübutudur.

Bundan başqa, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsi görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Bu gün isə şəhərin Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 32 ailənin, 92 sakinin yaşadığı "Oxumaq-oxumaq” adlanan bina da əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib.

Bununla bağlı binanın qarşısında keçirilən açılış mərasimində binada yaşayan sakinlərlə yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri də iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün xalqımızı və bina sakinlərini təbrik edib, onlara xoş arzularını bildirib.

İcra başçısı qeyd edib ki, siz sakinlərin sevincinə şərik olmaq, təbriklərimi çatdırmaq üçün bugünkü görüşə gəldim. Yadınızdadırsa, biz bu işə başlayanda bildirmişdim ki, şəhərdəki digər çoxmənzilli binalar kimi bu bina da yüksək şəkildə təmir ediləcəkdir.  Mənə elə gəlir ki, bu gün biz o istəyimizə nail ola bildik. Çünki rayonumuzda abadlıq və quruculuq işlərini həyata keçirməkdə əsas məqsədimiz siz sakinlərin məmnunluğunu, rahatlığını təmin etməkdir. Çünki siz sakinlər bundan da yaxşı şəraitdə yaşamağa layiqsiniz.

İcra başçısı Rəcəb Babaşov bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Rayonda görülən hər bir iş, atılan uğurlu addım və qazanılan qələbələr də həmin düzgün təmələ söykənir. Çünki siz sakinləri sevincli görəndə biz öz istəyimizə çatmış oluruq.

İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibətilə bir daha təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha böyük nailiyyətlər qazanmağı arzulayıb.

Bina sakinlərindən Qaməd Qasımov, Dilbər Məhərrəmova, şəhid bacısı Bəturə Kazımova və başqaları səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bildiriblər ki, biz sevinirik ki, rayonda olan digər çoxmənzilli binalar kimi, bizim yaşadığımız bina da əsaslı təmir olundu. Respublika prezidentinin imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndirən sakinlər təmir olunmuş çoxmənzilli binaların onlara olan diqqət və qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. Binanın əsaslı təmir olunmasını yeni il ərəfəsində onlara verilən ən gözəl bayram hədiyyəsi kimi dəyərləndiriblər.

Məlumat üçün qeyd edək ki, binanın xarici fasadında, bloklarında, pilləkan qəfəslərində əsaslı təmir işləri aparılıb. Elektrik xətləri səliqəyə salınıb. Binadakı 57 mənzilin hər birinə və blokların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bundan əlavə, sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün binanın həyətində blokların giriş hissəsinə beton səki salınıb. Bundan başqa, həyətdə sanitar qovşağı tikilib. İçməli su xətti çəkilərək bulaq tikilib sakinlərin istifadəsinə verilib. Binanın həyətinə şeben tökülərək  səliqəyə salınıb.










GOYEZEN.AZ


Geri qayıt