Əsas Səhifə > Manşet / Rəsmi > Rayonumuzda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
Rayonumuzda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il27-12-2016, 23:30 |
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il rayonumuzda böyük konsert proqramı ilə qeyd olunub. Bu münasibətlə respublikamızın tanınmış incəsənət xadimlərindən, müğənnilərdən, aşıqlardan ibarət böyük bir musiqiçi qrupu geniş konsert proqramı ilə çıxış edib.
Olimpiya İdman Kompleksinin zalı çoxdandır ki, belə əzəmət, belə qaynarlıq, belə coşqunluq görməmişdi. Hamının üzündə sevinc, qəlbində böyük bir məhəbbət, gözlərində qaynarlıq var idi. Hamı yeni ili böyük sevinc hissi ilə qarşılayırdı. Qazax rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram konsertinə demək olar ki, bütün rayon sakinləri toplaşmışdı. Kompleksin zalı sanki qaynayırdı. Həmrəylik Günü münasibətilə keçirilən silsilə tədbirlər bu gün burada böyük konsert proqramı ilə davam etdirilirdi. Odur ki, böyük sevinc və fərəh hissləri yaşanırdı həmin gün. Nəhayət rayon İcra Hakimiyyətinin təşkil etdiyi böyük konsert proqramına start verildi. Çox keçmədi ki, aparıcı Afaq Gəncəli kompleksin zalında qurulmuş səhnədə göründü. O, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş konsertin başladığını elan etdi. İlkin olaraq səhnəyə aşıqlar qrupu çıxdı. Sazın, sözün beşiyi olan Qazax hər zaman aşıq mahnıları ilə seçilib. Aşıqlarımızın ifası həmişə alqışlarla qarşılanıb. Bu dəfə də belə oldu. Aparıcının aşıqlardan Camoy Qurbanovu, Samir Allahverdiyevi, Elvin Səfərovu və Yaşar Gülümcanovu səhnəyə dəvət etməsi tədbirə bir coşqunluq gətirdi. Aşıqlar tərəfindən səslənən şən-şux mahnılar tamaşaçıların könlünü oxşadı. Daha sonra yeni ilin əsas atributları olan Şaxta baba və Qar qızın bayram tədbirinə qatılması, rayon sakinlərini şənliyə çağırması, söylədikləri şeirlər və əhvalatlar şənlik iştirakçılarına unudulmaz anlar bəxş etdi. Bir-birindən gözəl ifa edilən musiqilər, mahnı və rəqslər bayram əhval-ruhiyyəsinə daha bir xoş ovqat qatdı. Gözəl səsə sahib olan, respublikanın əməkdar artisti Almaz Orucovanın çıxışı da alqışlarla qarşılandı. Onun ifasında səslənən estrada mahnıları tamaşaçılarda, xüsusilə də gənclərdə xoş təəssürat oyatdı. Hərbiçilərin nümayiş etdirdikləri səhnəciklər də bayram şənliyinə böyük coşqu qatdı. Hər tərəfi alqış sədaları bürüdü. Şücaətlə Vətənin keşiyində dayanan əsgərlərimizin göstərdikləri nümunələr böyük alqış sədaları altında izlənildi. Gənc və istedadlı müğənni İzzət Bağırovun ifası da yaddaqalan oldu. Belə ki, o, səhnəyə çıxanda hər tərəfi alqış sədaları bürüdü. Gənclərin sevimlisi olan Nəsimi Kamaloğlu və Müşviq Aslanov da oxuduğu mahnıları gurultulu alqış sədaları altında ifa etdilər. Onların ifa etdiyi bir-birindən gözəl nəğmələr rayon sakinləri tərəfindən alqışlarla qarşılandı. Öz əsrarəngiz səsi ilə könüllər oxşayan, respublikanın əməkdar artisti Elza Seyidcahan da bir-birindən şən, şux nəğmələr oxudu. Onun gözəl səsi bir daha tamaşaçıları valeh etdi. Müğənninin əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş gənclərin müşayəti ilə ifa etdiyi şən-şux mahnılar əsl bayram coşqusu yaratdı. Respublikanın əməkdar artisti Sabir Əliyevin musiqi töhfələri də əsl bayram əhval-ruhiyyəsi yaratdı. Gənc ifaçılardan ibarət “Qismət” qrupunun solisti Tural Məmmədovun oxuduğu mahnılar da bayram şənliyinə xüsusi rəng qatdı. Muğam ifaçılarından respublikanın əməkdar artisti Təyyar Bayramovun çıxışı da tamaşaçılar tərəfindən böyük sevinc hissi ilə qarşılandı, el şənliyinə yığışanların bayram əhval-ruhiyyəsini artırdı. Konsert proqramı getdikcə daha rəngarəng mahnılarla davam edir, oxunan nəğmələr tamaşaçılar arasında əks-səda doğururdu. Səhnədə müğənnilər bir-birini əvəz edir, konsertə toplaşanların zövqünə uyğun mahnılar ifa edirdilər. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qazax rayon İcra Hakimiyyətinin təşkil etdiyi konsert proqramı böyük ruh yüksəkliyi ilə başa çatdı. Tədbirdə uğurlardan danışıldı, nailiyyətlərdən söz açıldı, uğurlarımıza həsr olunmuş mahnılar oxundu, nəğmələr ifa edildi. Bəli, uğurlarımız çoxdur. Lakin qarşıda bizi daha böyük nailiyyətlər, xoş xəbərlər gözləyir. Ona görə də uğurlar bizi sabaha bir-birindən daha xoş, daha aydın sabahlara səsləyir. Çünki Azərbaycan sözün əsl mənasında müstəqil dövlətdir. Ulu öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq dövlət müstəqilliyimiz gündən-günə daha da möhkəmlənir və güclənir. Möhtərəm cənab Prezident İlham Əliyevin sözləri ilə desək dövlət müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük sərvətdir. Geri qayıt |