Əsas Səhifə > Manşet / Sosial > Kəndarası yollar təmir olunur

Kəndarası yollar təmir olunur


15-12-2018, 17:56

Gündən-günə inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər görülür.

Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı da bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə xidmət göstərir. Məhz həmin Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri rahat şəkildə yeni asfalt yoldan istifadə edə bilirlər.


Qazaxda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlər bununla bitmir, ildən-ilə daha geniş vüsət alır. Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.

 

Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb.

Bu il daha bir yolun - 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsinin əyani sübutudur. Artıq 5,1 km uzunluğu olan Ürkməzli-Dəmirçilər avtomobil yolunda yenidənqurma işləri başa çatmışdır.  

Sevindirici haldır ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmiri aparılan Quşçu Ayrım-Fərəhli yoluna baxış keçirərək görülən işlərlə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, kənddə 5 km uzunluğunda yola qum-çınqıl döşənmişdir. Tökülmüş çınqıllar hamarlanmış, yollar yararlı hala salınmışdır. Görülən işlər sakinlər tərəfindən də razılıqla qarşılanır.
















GOYEZEN.AZ

Geri qayıt