Əsas Səhifə > Manşet / Rəsmi > Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb

Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb


12-12-2018, 20:39


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu bir daha sübut edir. Ötən həftə İkinci Şıxlı kəndində keçirilən səyyar görüşdə səsləndirilən məsələlərin həll olunması da bu dediklərimizin əyani sübutudur.

İcra başçısının İkinci Şıxlı kəndində keçirilən səyyar görüşü zamanı kənd sakini Əhmədova Təranə Səyad qızı müraciətində yaşadıqları evin yanından keçən "Şıxlı” arxının yanı ilə yol salınmasını və üstündən körpü qoyulmasını bildirmişdi. Rayon rəhbəri vətəndaşın müraciətinə cavab olaraq elə görüş zamanı qaldırılan məsələ ilə bağlı konkret tapşırıqlar vermişdi.

Artıq kənd sakini tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. İcra başçısının tapşırığına əsasən arxın üzərində 1 m-ə yaxın eni və 9 m uzunluğu olan dəmir körpü salınıb.

Bu gün rayon rəhbəri görülmüş işlərlə yaxından tanış olmaq üçün İkinci Şıxlı kəndində olub, sakinlərlə görüşüb.

İcra başçısına məlumat verilib ki, səyyar görüş zamanı qaldırılan köhnə işıq dirəklərinin dəyişdirilməsi ilə bağlı məsələ də öz müsbət həllini tapıb. Belə ki, 7 ədəd köhnə işıq dirəyi yenisi ilə əvəz olunub və bu iş davam edir. 

Kənd sakini Təranə Əhmədova və başqaları çıxış edərək görülmüş işlərə, xüsusilə də körpü salınmasına görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, həyata keçirilən bütün əməli işlər bir daha onu göstərir ki, bu gün Qazaxda ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili ön planda tutulur. Onlar tərəfindən səsləndirilən hər xırda bir məsələyə belə həssaslıqla yanaşılır və öz həllini tapır.







GOYEZEN.AZ


Geri qayıt