Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda yeni tut bağları salınıb
Qazaxda yeni tut bağları salınıb6-12-2018, 19:54 |
Bu gün sevindirici haldır ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Çünki dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır. Neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan kənd təsərrüfatı iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur. Son illər respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, ən əsası da bu sahəyə inamın artırılmasına və fəallığın yüksəldilməsinə səbəb olmuşdur. Respublikamızın hər yerində olduğu kimi, son iki il yarımda Qazaxda kənd təsərrüfatı sahəsində də dönüş yaranıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da xüsusi diqqət göstərməsi, bu sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün tapşırıqlar verməsi sadə kəndlidə böyük inam hissi yaratmaqla yanaşı, bu sahənin ildən-ilə inkişaf etməsinə də təkan vermişdir. Bunu son zamanlar rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədilə yeni istehsal sahələrinin yaradılmasından, məhsul bolluğuna nail olunması üçün müasir texnologiyaların tətbiq edilməsindən də aydın şəkildə görmək olar. Son iki il yarım ərzində rayonda vaxtilə Azərbaycanda yüksək gəlir gətirən kənd təsərrüfatı sahələrindən olan baramaçılıq sahəsində də uğurlu nəticələr əldə edilmişdir. Dövlət başçısı İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən Qazaxda da bu sahəyə böyük diqqət və maraq göstərilir. Rayon rəhbərinin kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, baramaçılığın inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, rayonumuzda barama istehsalı ildən-ilə artmaqdadır. 2016-cı ildə istehsal olunan barama 1502 kq idisə, 2017-ci ildə bu rəqəm 4623 kq olmuşdur. Rayon üzrə 2018-ci ildə də Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək” ASC-yə təhvil verilmişdir. Təbii ki, baramaçılığın inkişafı ilk növbədə möhkəm yem bazasından asılıdır. Rayonumuzda bu istiqamətdə də məqsədyönlü işlər görülür. Bu məqsədlə 2016-cı ildə rayonda yeni tut bağları salınmış, köhnə bağlar isə bərpa olunmuşdur. Həmin il 24500 ting basdırılmışdır ki, bunun 20000 ədədi Çin Xalq Respublikasından (ÇXR) gətirilmiş, 4500 ədədi isə yerli tut tingləri olmuşdur. 2017-ci ildə də tut bağlarının salınması və genişləndirilməsi davam etdirilmişdir. Belə ki, daha 7300 ədəd tut tingləri basdırılmışdır. Sevindirici haldır ki, tut bağlarının salınması və genişləndirilməsi bu il də uğurla davam etdirilir. Bu il də 20000 tut tinginin basdırılması nəzərdə tutulub. 10 min ekologiya idarəsindən, 10 min isə yenə də ÇXR-dan gətiriləcəkdir. Artıq həmin 10000 ədəd tut tingi Çin Xalq Respublikasından gətirilmişdir. Qazax rayonunun Kosalar, Qazaxbəyli, Aşağı Salahlı və Yuxarı Salahlı kəndləri ərazisində bölünərək yeni tut bağları salınıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yuxarı Salahlı kəndinə gələrək yeni tut bağının salınmasında iştirak edib. Rayon rəhbərinə məlumat verilib ki, digər kəndlərdə olduğu kimi, bu kənddə də 2016-cı ildə 258-i yerli, 2000-i ÇXR-dan olmaqla, 2258 ədəd ting basdırılmışdır. 2017-ci ildə də ÇXR-dan daha 3000 ədəd ting gətirilmişdir. Bu gün isə 3500 ədəd ting gətirilərək yeni tut bağı salınır. İcra başçısına bildirilib ki, yeni bağ salınacaq Kosalar kəndində 2016-cı ildə 1255 (255-i yerli, 1000-i ÇXR), 2017-ci ildə 300 ədəd yerli tut tingləri basdırılaraq bağ salınmışdır. 2018-ci ildə isə ÇXR-dan gətirilmiş daha 3000 ədəd tut tinginin basdırılması və tut bağının salınması nəzərdə tutulmuşdur ki, bu gün həmin tinglər ayrılmış sahələrə basdırılır. Qazaxbəyli kəndində 2016-cı ildə 1350 (350-i yerli, 1000-i ÇXR), 2017-ci ildə 300 ədəd yerli tut tingləri basdırılaraq bağ salınmışdır. 2018-ci ildə isə ÇXR-dan gətirilmiş daha 2000 ədəd tut tinginin basdırılması və tut bağının salınması nəzərdə tutulmuşdur ki, bu gün həmin tinglərin sahələrə basdırılması həyata keçirilir. Aşağı Salahlı kəndində 2016-cı ildə 400-ü yerli, 2000-i ÇXR-dan olmaqla, 2400 ədəd ting basdırılmışdır. 2017-ci ildə də 300 ədəd yerli tinglərdən ibarət bağ salınmışdır. Bu gün isə salınması nəzərdə tutulan bağ sahəsinə ÇXR-dan gətirilmiş 1500 ədəd ting basdırılır. Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən yeni salınacaq bağda ilk tingi basdırılmışdır. Kənd sakinləri öz ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də bölgələrimizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə, xüsusilə də əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Yeni salınmış tut bağını rayonda baramaçılığın inkişaf etməsi üçün yem bazasının yaradılması baxımından atılan ən uğurlu addım kimi qiymətləndiriblər. Mütəmadi olaraq kənd sakinlərinin yanında olmasına, diqqət və qayğı ilə yanaşmasına görə rayon rəhbərliyinə təşəkkür ediblər. Sonda rayon rəhbəri yeni salınmış bütün tut bağlarında aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl olunması istiqamətində tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Geri qayıt |