Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd olunub

Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd olunub


21-11-2018, 20:03


Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi.

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün "Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə tədbiri keçirilib.

Tədbirdə partiya fəalları, şura üzvləri, gənclər təşkilatı və qadınlar şurası, idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.


Sonra tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında davam etdirilib. Binanın foyesində yerləşən ulu öndərin büstü önünə gül dəstələri qoyulduqdan sonra YAP-ın 26 il ərzində keçdiyi şanlı yola, o tarixi anlara bir daha nəzər salınıb.


YAP Qazax rayon təşkilatının sədri Həmid PənahovAzərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu YAP bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. YAP Qazax rayon təşkilatı haqqında söz açan natiq bildirib ki, bu gün rayon təşkilatının 9806 nəfər üzvü vardır. 6962 nəfərini qadınlar, 3321 nəfərini isə gənclər təşkil edir. Təkcə bu il partiyaya üzv olanların sayı 1875 nəfər olmuşdur. Bunun da 1129 nəfəri qadınlar, 828 nəfəri gənclərdir.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək YAP-ın 26-cı ildönümü münasibətilə başda partiyanın sədri İlham Əliyev olmaqla bütün partiya üzvlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, YAP-ın güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.

İcra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 26 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmamışlar. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır.


Rayon rəhbəri vurğulayıb ki, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə başlanan böyük quruculuq işləri xalqa, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Ümumiyyətlə, YAP-ın yarandığı dövrdən ötən müddətdə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrinə nəzər saldıqda görürük ki, YAP təkcə bu günün deyil, həm də gələcəyin partiyasıdır.

Bildirib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatlar Qazax rayonunda da dinamik inkişafa səbəb olub. Bu gün genişmiqyaslı tikinti-quruculuq işlərindən, yeni iş yerlərinin yaradılması sahəsində rayonda həyata keçirilən uğurlu layihələrdən, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə qazanılan uğurlardan da bunu aydın şəkildə görmək olar.

YAP Qazax rayon təşkilatının idarə heyətinin üzvü Novruz Abdullayev, YAP Qazax rayon təşkilatının şura üzvləri Nizaməddin Babanlı, Nəsibə Tağıyeva, Səfura Rəhimova, YAP-ın üzvü Vüqar Eyyubov, Qazax Rayon İcra Hakimiyyəti aparatında böyük məsləhətçi Kənan Hüseynli, YAP Qazax rayon təşkilatı sədrinin müavini Məmməd Yusifov çıxış edərək partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında danışıblar. Çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açıblar. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığı və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğu vurğulanıb.

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbirə yekun vuraraq partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir iştirakçılarını və partiya fəallarını bir daha səmimi qəlbdən təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulayıb.













 

GOYEZEN.AZ


Geri qayıt