Əsas Səhifə > Manşet / Rəsmi > Yeni qəsəbədə məcburi köçkünlərlə görüş keçirilib

Yeni qəsəbədə məcburi köçkünlərlə görüş keçirilib


5-11-2018, 21:48


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşmış Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə görüşüb, qayğıları ilə maraqlanıblar.

Həmişə olduğu kimi, bu dəfə də sakinlər rayon rəhbərliyini böyük səmimiyyətlə qarşılayıb, bugünkü görüşə görə razılıqlarını ifadə ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, həmişə olduğu kimi bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. 

İcra başçısı son 2 il yarım ərzində Qazaxda istər tikinti-quruculuq sahəsində, istərsə də kənd təsərrüfatında uğurlu nəticələr əldə edildiyini bildirib. Qeyd edib ki, bu gün rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. 2016, 2017-ci illərdə görülən işləri müqayisə edən rayon rəhbəri bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.


Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına, Qazaxın tarixi keçmişinə hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi qayğıya və diqqətə, xüsusilə də Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib.

İcra başçısı bildirib ki, ölkə başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 saylı tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, Kosalar, Qaymaqlı və Kəmərli kənd tam orta məktəblərinin də əsaslı şəkildə təmir edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, məhz təhsilə göstərilən qayğının nəticəsidir ki, bu il rayonumuzu qəbul imtahanlarının nəticələrinə görə respublika məktəbləri arasında üçüncü yerdə dayanır.


Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, nə qədər ki, qazaxlılar var bu müqəddəs məkan ziyarət olunacaq və şəhidlərimizin əziz xatirəsi anılacaq.

Qazax rayonunun 5 kəndinin daim mənfur düşmən gülləsinin atəşinə məruz qaldığını,  Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin isə hələ də işğal altında olduğunu qeyd edən icra başçısı rayonumuzda həmin kəndlərdən olan məcburi köçkün ailələri üçün yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün 900-ə yaxın məcburi köçkün ailəsi var ki, onlardan 304 ailə Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşıb.

İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutudur. Əlavə olaraq məktəb və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə dövlətin qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır.

Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək dövlət və dövlət başçısı İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, bu gün məcburi köçkünlərimizin nəinki sosial problemləri həll olunur, eləcə də onlara mədəni, mənəvi cəhətdən də dəstək göstərilir. Bu gün Respublika Prezidenti tərəfindən Ağdamda açılışı olan Muğam Mərkəzinin istifadəyə verilməsi o deməkdir ki, dövlətimizin başçısı tarixi keçmişimizə, mənəvi dəyərlərimizə hər zaman önəm verib. Administrasiya nümayəndəsi bildirib ki, bu gün əminliklə deyə bilərik ki, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcək və dağıdılmış, məhv edilmiş tarixi abidələrimiz, mərkəzlərimiz yenidən bərpa olunacaqdır. Ən əsası da bütün məcburi köçkün ailələri öz doğma el-obalarına qayıdacaqlar. O gün isə elə də uzaqda deyil.

Bağanıs Ayrım kənd sakini, ağsaqqal Şəmil Adıgözəlov, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Bağanıs Ayrım kənd ibtidai məktəbin direktoru Əsgər Hüseynov çıxış edərəkürək sözlərini bildiriblər. Qeyd ediblər ki, sizin hər dəfə biz məcburi köçkünlərlə görüşməyiniz bizi çox sevindirir. Çünki bu görüşlər bizlərə olan qayğı, diqqət deməkdir. Çünki biz sizə rayon rəhbəri kimi deyil, bir ailə başçısı kimi müraciət edirik. Çünki siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. İşğal altında olan kəndlərimizin dondurulmuş işçi yerləri rayon rəhbərinin qayğısı sayəsində bərpa olundu və həmin işçilər bu gün qəsəbədəki tibb məntəqəsində çalışırlar. Bu, biz məcburi köçkünlərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Eyni zamanda, rayonda vətəndaş amilinin həmişə ön planda olması deməkdir. Bundan əlavə, qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılması, oradakı avadanlıqların yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir.  

Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. 

Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər.

Minnətdarlıq dolu ürək sözlərini çatdıran qəsəbə sakinləri onları narahat edən qayğılarını da çatdırıblar. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib və baxılması üçün aidiyyəti üzrə tapşırıq verib.











GOYEZEN.AZ

 

 

 


Geri qayıt