Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda fındıqçılığın inkişafı üçün məqsədyönlü işlər görülür

Qazaxda fındıqçılığın inkişafı üçün məqsədyönlü işlər görülür


5-11-2018, 21:55


Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin fındıq istehsalı və inkişafı məsələlərinə dair qarşıya qoyduğu vəzifələr Qazax rayonunda da fəaliyyət proqramı kimi qəbul edilmişdir. Bu məqsədlə rayonda ehtiyat mənbələri, mövcud imkanlar bir daha nəzərdən keçirilərək genişmiqyaslı işlərə başlanılmışdır. Belə ki, rayonda önəm verilən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. İstər Avropa, istər Asiya ölkələrində, istərsə də postsovet məkanında Azərbaycanda istehsal olunan fındığının alıcılıq qabiliyyəti yüksəkdir. Dövlət bu istiqamətdə də kəndlilərə hər cür yardım göstərir. Bu yardımdan bəhrələnən qazaxlılar iqtisadi cəhətdən daha gəlirli olan fındıq istehsalını artırmaq məqsədilə yeni bağlar salmışlar. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq bağı salınmışdır ki, bunun 136 hektarı bar verən sahə olmuşdur. 455 ton da məhsul toplanmışdır.  2017-ci ildə fındıq bağının sahəsi 222,83 hektar olmuşdur. 136 hektar bar verən sahədən də 460 ton məhsul tədarük edilmişdir.

2018-ci ildə isə rayonda salınmış fındıq bağının sahəsi 224,1 hektar olmuşdur. Bar verən sahə də 136,3 hektar təşkil etmişdir. Toplanmış məhsul isə 465 tondur. İllər üzrə olan artımdan da aydın şəkildə gömək olur ki, ixracyönümlü məhsul olan, ölkəyə daha çox valyuta gətirən fındıq istehsalının artırılması istiqamətində rayonda son illər ardıcıl tədbirlər görülür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Çaylı kəndində salınmış fındıq bağında olub, fındıq istehsalı ilə məşğul olan sadə kəndlilərlə görüşüb.

Uzun müddətdir ki, fındıqçılıqla məşğul olan Qəzənfər və Zakir Qocayevlər əldə etdikləri məhsullardan söz açıb, dövlət tərəfindən sadə təsərrüfat adamlarına göstərilən dəstəkdən danışıblar.

Qeyd ediblər ki, ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidenti İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Sərəncamı ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılmasına böyük təkan vermişdir. Bildiriblər ki, fındıqçılığın, eləcə də kənd təsərrüfatının digər ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətimizin başçısının diqqət mərkəzindədir və bu, bizi çox sevindirir. Məhz bu qayğıdan ruhlanaraq təsərrüfatımızı ildən-ilə genişləndiririk. Ölkə iqtisadiyyatının inkişafı naminə öz töhfəmizi verməyə çalışırıq. Eyni zamanda, bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığımızı bildiririk.






GOYEZEN.AZ


Geri qayıt