Əsas Səhifə > Manşet / Sosial > Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir

Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir


1-11-2018, 20:30


Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də böyüməkdə olan körpələrimiz üçün yaradılan şəraitdir. Rayon rəhbəri ilk gündən uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində məqsədyönlü işlər görür. Bu gün tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda uğurla icra olunur. Bunu son iki il yarım ərzində rayonda çoxsaylı bağçaların tikilməsindən, eləcə də əsaslı şəkildə təmir olunmasından aydın şəkildə görmək olar.  

Bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, eyni zamanda, bu yaxınlarda istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir.  

Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.

Şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 2 aydan artıqdır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə rayonumuzda əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən, təmir olunan və eləcə də əsaslı şəkildə təmirə ehtiyacı olan bağçalarda olublar.

6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanışlıq zamanı iş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə tam yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların vurulması işləri başa çatıb. Bundan başqa, otaqlarda olan köhnə suvaq çapılaraq tökülüb və yenisi ilə əvəz olunub. Alt hissənin üzlüyü vurulub, hazırda ikinci qatın vurulması davam edir. Elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir. Lazım olan hissələrdə arakəsmə hörgü işləri həyata keçirilib.

İş icraçısı qeyd edib ki, binanın daxili ilə yanaşı, həyətdə də abadlıq işlərinə başlanılıb. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və hazırda tamet döşənməsi davam edir. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilir. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, hörgü işlərinin xeyli hissəsi görülüb. Bundan əlavə, bağçanın kənarına hasar çəkilməsi üçün bünövrə hissəsi tökülüb. Yaxın günlərdə hörgü işlərinə başlanılacaq.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi bu ilin avqust ayında əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçasında balaca fidanlarımız üçün yaradılan şəraitlə, ərzaq təminatı və körpələrin tibbi müayinə olunmaları ilə maraqlanıblar.

Administrasiya nümayəndəsi Vüqar Hüseynov bu ilin oktyabrında istifadəyə verilən 35 yerlik İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə də tanış olub. Məlumat verilib ki, yeni bağçada 1 böyük və 1 kiçik olmaqla 2 qrup fəaliyyət göstərir. Bağçada yüksək səviyyədə müdir otağı, anbar, mətbəx və sanitar qovşağı da inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən biri də odur ki, müasir istilik sistemi ilə təchiz olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub. 

Rayon rəhbəri İkinci Şıxlı kənd 3 saylı körpələr evi-uşaq bağçasında da olub, mövcud vəziyyətlə maraqlanıb.

Məlumat verilib ki, bağça istifadəyə verildiyi gündən təmir olunmayıb. Uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşdüyündən bağçanın əsaslı şəkildə təmirinə böyük ehtiyac vardır.

İcra başçısı şəraitlə yaxından tanış olduqdan sonra bu bağçanın da növbəti ildə əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.

























GOYEZEN.AZ


Geri qayıt