Əsas Səhifə > Manşet / Gənclər > Qazaxda hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib

Qazaxda hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib


16-10-2018, 15:30

Bu gün Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci ilin oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzaladığı 4 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul şəxsləri, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin məsul əməkdaşları, tərxis olunmuş gənclər və KİV nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin əziz xatirələri də anılıb. Bu məqsədlə tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, memorial önünə gül dəstələri düzüblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində davam etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq hərbi xidmətdən tərxis olunan gəncləri təbrik edib. Milli Ordu sıralarında xidmət edən qazaxlı gənclərin Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirən icra başçısı rayonda xidmətdən qayıdan gənclərlə bağlı ilk dəfə olaraq belə bir tədbirin keçirildiyini qeyd edib. İstər gənclərin hərbi xidmətə yolasalma mərasimlərinin keçirilməsini, istərsə də qarşılanma tədbirlərinin təşkil olunmasını yüksək qiymətləndirib. Rayon rəhbəri bildirib ki, bu gün 25 il əvvələ nəzər salsaq görərik ki, müstəqil Azərbaycan və onun Milli Ordusu gündən-günə inkişaf edir. Bunu 26 İyun – Silahlı Qüvvələr Günündə ordumuzun nümayiş etdirdiyi texnikalardan, silah və sursatlardan, əsgərlərimizin döyüş bacarığından da aydın şəkildə görmək olur. Aprel döyüşlərində misilsiz şücaət göstərmiş əsgərlərimizin döyüş yolundan söz açan icra başçısı dövlətimizin və ordumuzun gücünün bu döyüşlə bütün dünyaya bir daha nümayiş olunduğunu bildirib. Aprel döyüşlərinin Azərbaycanın hərb tarixinə bir qəhrəmanlıq salnaməsi kimi yazıldığını vurğulayıb.

Rayon rəhbəri Qazax rayonunun da Vətən, torpaq, xalq uğrunda uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin hələ də düşmən tapdağı altında olduğunu, 5 kəndinin daim düşmən gülləsinin atəşinə məruz qaldığını çatdırıb.

Qazaxda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşım, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi istiqamətində əməli işlər görüm. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 285 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Bu gün xiyabanı ziyarət edən insanlar şəkil vasitəsilə də olsa şəhidlərimizi tanıyır, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini yad edirlər.

İcra başçısı bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların qürur yerimiz olan bu müqəddəs məkana baş çəkməsini, memorial önünə tər çiçəklər düzməsini, əziz xatirələrini ehtiramla yad etmələrini şəhidlərə olan ehtiramın daha bir nümunəsi kimi qiymətləndirib. Bundan əlavə, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasından, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələrindən, rayonun şəhidləri haqqında ətraflı məlumatlar almalarından söz açıb. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunmasının artıq bir ənənə halını aldığını, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunduğunu, əziz xatirələrinin dərin ehtiramla yad olunduğunu bildirib. 

"Hər bir valideynin arzusu övladının Vətəninə, dövlətinə, xalqına olan borcunu ləyaqətlə yerinə yetirməsi və layiqli bir vətəndaş kimi formalaşmasıdır” - deyən rayon rəhbəri sonda gəncləri bir daha təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün elə də uzaqda olmadığını bildirib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək hərbi xidmətdən tərxis olunan gəncləri Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirdiklərinə görə təbrik edib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ilk dəfə olaraq keçirilən tədbirin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin əyani sübutu kimi dəyərləndirib. Rayon rəhbərliyinin gənclərimizə olan qayğısından danışan şöbə rəisi bu gün yeni bir ənənənin əsasının qoyulduğunu qeyd edib və davamlı olmasını arzu edib.

BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev  çıxış edərək hərbi xidmətin mübarizlik, mərdlik məktəbi olduğunu qeyd edib. Bu məktəbi üzüağ, alnıaçıq şəkildə başa vuran gəncləri təbrik edən natiq son illər müstəqil Azərbaycanın çiçəklənməsi naminə şanlı ordumuzun qazandığı qələbələrdən söz açıb. Ölkəmizdə Milli Ordu quruculuğu siyasətinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Həmin siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da hərbi vətənpərvərlik duyğusunun yüksək səviyyədə olduğunu çatdırıb. Rayonumuzda ötən ilin noyabrında "Ordumuz-qürurumuz, xalqımız-dayağımız” və bu ilin iyununda "Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin bu dediklərimizin əyani sübutu olduğunu bildirib.

Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev öz çıxışında gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. İstər rayon rəhbərliyi, istərsə də rəhbərlik etdiyi idarə tərəfindən gənclərlə hərbi vətənpərvərlik mövzularında mütəmadi olaraq tədbirlər keçirildiyini qeyd edib.

Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletlər və qiymətli hədiyyələr təqdim olunub.


















        GOYEZEN.AZ


Geri qayıt