Əsas Səhifə > Manşet / Rəsmi > Aşağı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib

Aşağı Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib


11-10-2018, 16:35


Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olur, sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəklini alıb. İcra başçısı 2 il 4 aydır ki, həmin ənənəyə sadiq qalaraq ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkir.  

Növbəti belə səyyar görüş bu gün rayonun Aşağı Salahlı  kəndində keçirilib. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, görüşdə iştirak edən administrasiya nümayəndəsinə Qazax rayonuna ayırdığı diqqətə, sakinlərə göstərdiyi qayğıya görə sakinlər adından minnətdarlığını çatdırıb.

Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq 7-ci dəfədir ki, sizlərlə səyyar formada görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. 

"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman xalqın arasında olmağa, siz sakinləri narahat edən problemləri öz dilinizdən eşitməyə çalışmışam. Bunu mütəmadi olaraq istər şəhərdə, istərsə də kəndlərdə səyyar görüşlər keçirməyimdən də aydın şəkildə görmək olar.


İcra başçısı qeyd edib ki, bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini əhalini narahat edən məsələləri yerində öyrənmək, həlli istiqamətində mümkün olan nə varsa kömək etmək təşkil edir. Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. 2016, 2017-ci illərlə müqayisə etdikdə görürük ki, bu il abadlıq, quruculuq işləri daha çox olub. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bu dediklərimizin əyani sübutu olduğunu qeyd edib.

Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 105 nəfərin işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.

İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü işlərin görülməsidir. Ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Qeyd edib ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.

Rayon rəhbəri dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son 2 il 4 ay ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılmasını, quruculuq siyasətinin artan templə davam etməsini qeyd edib. Təmiri nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsini də bu istiqamətdə görülən işlərin əyani sübutu olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

Rayon rəhbəri bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan 20-nin tam hazır olduğunu qeyd edərək 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binalarının həmin təmirli binalar sırasında olduğunu bildirib.

Hazırda şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı, N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, "Oxumaq-oxumaq” adlanan binalarda da əsaslı şəkildə təmir işlərinin aparılmasına və dam örtüklərinin dəyişdirilməsinə başlanıldığını çatdırıb.


Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri yeni inşa olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparılmasını bu sahədə görülən işlərin daha bir nümunəsi kimi qiymətləndirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri olduğunu bildirib.

Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda İkinci Şıxlı kəndində 2, Dəmirçilər, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində bir bağçanın təmir olunmasına böyük ehtiyac vardır. Qeyd edib ki, Çaylı kəndində bağçanın yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı Orta Salahlı kəndində kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü işlərin görüləcəyini bildirib. Bütün bunlarla yanaşı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasının da təmir olunmasının nəzərdə tutulduğunu qeyd edib.

Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri S.Vurğun adına şəhər 2 nömrəli məktəbdə aparılan əsaslı yenidənqurma işlərini bu qayğının əyani sübutu kimi qiymətləndirib.

Builki qəbul imtahanında qazanılan nailiyyətlərdən söz açan icra başçısı qeyd edib ki, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 oldu. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Bu il Aşağı Salahlı kənd tam orta məktəbindən 4 nəfər məzunun qəbul imtahanında iştirak etmək üçün sənəd verdiyini və dördünün də ali məktəblərə qəbul olduğunu bildirib. Bundan başqa, ötən il bitirən məzunlardan da 4 nəfərin qəbul olduğunu qeyd edib.

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı bildirib ki, əvvəl şəhidlərimiz haqqında sözlə məlumat verirdiksə, bu gün xiyabanı ziyarət edən hər kəs şəkil vasitəsilə də olsa şəhidlərimizi əyani şəkildə tanıyırlar. Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il 4 ay ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur.

Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İcra başçısı vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 156 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 10 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur.

Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.

İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Kənddə suvarma suyunda heç bir problemin olmadığını bildirən rayon rəhbəri ötən il kənddə içməli su ilə bağlı məqsədyönlü işlər görüldüyünü bildirib. Birinci Şıxlı, İkinci Şıxlı və Orta Salahlı kəndlərində olduğu kimi, bu kənddə də Kür çayının kənarında sahilbərkitmə işlərinin aparılması üçün də rəsmi danışıqlar aparıldığını və aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. Mövcud vəziyyətin həll olunacağını, mümkün olan nə varsa, ediləcəyini bildirib. Ötən il kənddə 30 km-ə yaxın arx və kanallarda təmizlik işlərinin aparıldığını bildirən rayon rəhbəri bu işin bu il də davam etdiriləcəyini qeyd edib.

Kənd sakinlərindən ağsaqqal Ayvaz Osmanov, İlham Nəbiyev, İslam Musayev, Asimə Ballayeva çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Qeyd ediblər ki, sizin kəndə hər gəlişiniz bizim üçün bir yenilik deməkdir. Çünki hər dəfə gələn zaman kəndin abadlaşması üçün nəsə edirsiniz. Bu, biz sakinlər üçün əsl toy-bayram olur. Bu gün biz sevinirik ki, ulu öndərin əsasını qoyduğu siyasət və inkişaf strategiyası onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Respublikamızda olan inkişaf rayonumuzda da hiss olunur. Bunu rayonun günü-gündən abadlaşmasından, əhalinin rifah halının yaxşılaşmasından da aydın şəkildə görürük.

Çıxış edənlər bildiriblər ki, 2 il 4 aydır ki, sizin kimi rəhbərin sayəsində yüksək diqqət və qayğının şahidi oluruq. Biz sakinlər hər bir qayğımızı çəkinmədən deyirik. Biz bir vətəndaş olaraq əminik ki, dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz tərəfindən bundan sonra da daim qayğı ilə əhatə olunacağıq.  

Müəllimlərin İşə Qəbulu üzrə imtahanda iştirak edərək Aşağı Salahlı kənd tam orta məktəbinə göndərilmiş gənc müəllimlərdən Alı Alıyev çıxış edərək rayonda təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb. Gənc müəllimlərə verdiyi dəyərə görə həmkarları adından təşəkkürünü  çatdırıb. Qeyd edib ki, sizin yeni dərs ili ərəfəsində biz gənc müəllimlərlə görüş keçirməyiniz bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər sizin sayənizdə həmin qayğının şahidi olduq. Yeni tədris ilində həmin görüş biz gənc müəllimlər üçün ən böyük stimul oldu. Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən pay torpaqlarına gedən yolun kənarında tikinti tullantılarının götürülməsi, qısa müddətdə qazın təzyiqinin az olması, kənddə həkim məntəqəsinin bərpası, kəndliyə məxsus üzümün satılması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Bununla bağlı məsələnin yerində baxış keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq verib.

İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü görüş də bunun bariz nümunəsidir.

Sonra icra başçısı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında olub, uşaqların ərzaq təminatı, tibbi müayinə olunmaları və göstərilən qayğı ilə maraqlanıb.









GOYEZEN.AZ

 


Geri qayıt