Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı “Birinci Şıxlı” kəndli fermer təsərrüfatında olub

İcra başçısı “Birinci Şıxlı” kəndli fermer təsərrüfatında olub


11-10-2018, 17:14


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə "Birinci Şıxlı” kəndli fermer təsərrüfatında olub. Təsərrüfatın fəaliyyəti, işçi heyəti üçün yaradılan şərait və təsərrüfatda olan texnikalarla maraqlanıb. Qeyd olunub ki, "Birinci Şıxlı” kəndli fermer təsərrüfatı 2016-cı ilin oktyabr ayından istifadəyə verilib. Respublika Prezidenti İlham Əliyev təsərrüfatın açılışında iştirak edərək kollektivlə görüşüb, öz tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, Qazaxda kənd təsərrüfatının inkişaf etməsində "Birinci Şıxlı” kəndli fermer təsərrüfatı başlıca rol oynayır. Fəaliyyətə başlamasından az vaxt keçməsinə baxmayaraq, təsərrüfatın uğurları çoxdur. Təsərrüfatda əkin-səpin üçün lazım olan qədər texnikanın olmasının nəticəsidir ki, kartof, taxıl, tütün və digər kənd təsərrüfatı məhsulları vaxtlı-vaxtında əkilib becərilir və itkisiz yığılır. Məlumat verilib ki, yaradılmasından 2 il keçməsinə baxmayaraq yüksək göstəriciləri ilə kənd təsərrüfatına böyük töhfələr verən "Birinci Şıxlı” kəndli fermer təsərrüfatında bu il təsərrüfat üzrə 200 hektar sahədə 5 növ – "Melodia”, "Orkestr”, "Aqri”, "Nataşa”, "Marabel” sortları əkilib. Bildirilib ki, hazırda sahələrdə kartof yığımı davam edir və gündəlik sahələrdə 100-ə yaxın işçi çalışır. Sahədə çalışan hər bir işçi ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bundan əlavə, təsərrüfatda kartofçuluqla bərabər tütün də becərildiyi vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin yeni iş yerlərinin yaradılması, ixracın artırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin reallaşdırılması üçün təsərrüfatda işçilər böyük səylə çalışırlar. Təsərrüfatda çalışanların əsas amalı Prezident İlham Əliyevin də dediyi kimi, yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunmasıdır. Məqsəd neft sektorundan asılılığı birdəfəlik azaltmaq və iqtisadiyyatın güclənməsi naminə görülən işlərə töhfə verməkdir. "Birinci Şıxlı” kəndli fermer təsərrüfatında görülən işlərin gündən-günə inkişaf etməsi, əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, təsərrüfatın kollektivi qarşılarına qoyduğu məqsədə çatmaq üçün əllərindən gələni əsirgəmirlər.

Təsərrüfatda çalışan işçilərlə aparılan səmimi söhbət zamanı onlar yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırıblar.



GOYEZEN.AZ




Geri qayıt