Əsas Səhifə > Manşet / Sosial > 6 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir

6 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir


11-09-2018, 15:20


Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulmasıdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda uğurla icra olunur desək yanılmarıq. Son 2 il 4 ay ərzində rayonda çoxsaylı bağçaların təmir olunması üçün verilən tapşırıq və tövsiyələr bunu söyləməyə əsas verir.

Bu gün rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir.  

Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.

Şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 2 aya yaxındır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə 6 saylı körpələr evi-uşaq bağçasında da görülən işlərlə tanış olub.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binada bütün işlər paralel şəkildə həyata keçirilir. Belə ki, otaqlarda olan köhnə suvaq çapılaraq tökülüb və yenisi ilə əvəz olunub. Üzlük vurulub. Bundan əlavə, döşəmədə lazım olan hissələrə beton tökülüb. Suvaqaltı elektrik xətləri çəkilib. Tavana alçipan vurulub. Lazım olan hissələrdə arakəsmə hörgü işləri həyata keçirilib. Binanın daxili ilə yanaşı, xarici fasadında da suvaq işləri aparılıb. Dam örtüyü sökülərək yenidən vurulub.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.

GOYEZEN.AZ


Geri qayıt