Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimizdir
Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimizdir10-10-2018, 22:00 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin mərkəzində yerləşən, əsaslı şəkildə yenidən qurulan Şəhidlər Xiyabanında olub, Vətən torpaqlarının müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin xatirəsini yad ediblər. Rayonumuzda olan qonağa məlumat verilib ki, Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi daim düşmən gülləsinin atəşinə məruz qalır. Bildirilib ki, Qazaxda Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərliyi tərəfindən şəhidlərin ailə üzvlərinə daim qayğı ilə yanaşılması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Qeyd olunub ki, şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında əsaslı şəkildə abadlıq işləri aparılıb. 285 şəhidin adı və şəkli əks olunmuş lövhələr vurulub. Xiyabanın ətrafında da abadlıq işləri görülərək yaşıllıq salınıb, yeni işıqlanma sistemi qurulub. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların, nümayəndə heyətlərinin qürur yerimiz olan bu müqəddəs məkana baş çəkmələri, memorial önünə tər çiçək düzmələri, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etmələri barədə də məlumat verilib. Bundan əlavə, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar almaları qeyd olunub. Bildirilib ki, Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunduğu, əziz xatirələrinin dərin ehtiramla yad olunduğu çatdırılıb. Sonra rayon rəhbəri və qonaq "Fəxri qazaxlılar” parkında olub, sakinlərin rahatlığı üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, sakinlərin asudə vaxtlarını rahat şəkildə keçirmələri üçün parkda hər cür şərait yaradılıb. İstər yaşlı nəslin, istərsə də cavanların, uşaqların rahatlığı təmin olunub.
GOYEZEN.AZ
Geri qayıt |