Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda beynəlxalq əlillər günü qeyd olunub

Qazaxda beynəlxalq əlillər günü qeyd olunub


2-12-2016, 17:20

3 dekabr Beynəlxalq Əlillər Günüdür--------------------


Qazaxda beynəlxalq əlillər günü qeyd olunub
Respublikanın hər yerində olduğu kimi rayonumuzda da 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilat rəhbərləri, Böyük Vətən, Qarabağ Müharibəsi, Əmək əlilləri, rayonda fəaliyyət göstərən cəmiyyət sədrləri və üzvləri, müxtəlif səbəblərdən əlil olmuş vətəndaşlar, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq əlilləri 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.

Dünyada təqribən bir milyard əlil yaşayır və bu da dünya əhalisinin təqribən 15 faizini təşkil edir. Azərbaycanda isə əhalinin 6 faizdən az hissəsi, yaxud təqribən 570 min nəfəri əlildir. Cəmiyyət yalnız o halda uğurlu hesab edilir ki, orada əlillər qayğı ilə əhatə olunur, onlar üçün hər cür şərait yaradılır.

Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib.

Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb.

Ulu öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də yüksək həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb.
Qazaxda beynəlxalq əlillər günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov öz çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyev cənablarının uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.

Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır.
Qazaxda beynəlxalq əlillər günü qeyd olunub
Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlillərin minik avtomobili ilə təminatı proqramı da həyata keçirilir. Minik avtomobili ilə təmin olunan əlillərin sayı da ildən-ilə artır.

Respublika Prezidenti İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Hər il 3 dekabr tarixində keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək, həmçinin məhdud imkanlı siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə edilən xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılıması məqsədilə elan edilib.

Daha sonra Rəcəb Babaşov öz çıxışında vurğulayıb ki, 3 dekabr - Beynəlxalq Əlillər Gününün qeyd olunması artıq ölkəmizin bütün rayonlarında adət halını alıb. Eləcə də hər il rayonumuzda əlillər üçün tədbirlər keçirilir.
Qazaxda beynəlxalq əlillər günü qeyd olunub
Rayonda 440 nəfər tək-tənha yaşayan əlil və ahıl vətəndaşlara evlərdə xidmət göstərilir. Əlillik statusu olan vətəndaşlardan 43 nəfər sanatoriyaya, 8 nəfəri “Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi”nə, 2 nəfər “Sağlamlıq imkanı məhdud şəxs evi”nə, 1 nəfər isə qocalar evinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün rayonumuzda 2016-cı il ərzində 8 mənzil tikilib istifadəyə verilib, 8 mənzilin isə tikilməsinə başlanılıb. Məlumat üçün bildirirəm ki, Nazirlik tərəfindən əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün yeni pilot layihələri üzərində işlənilir və bu layihələr barədə mütəmadi olaraq məlumatlar veriləcəkdir. Rayon rəhbərliyi tərəfindən Dəmirçilər, Ürkməzli və Quşçu Ayrım kəndlərində Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılıması istiqamətində əsaslı işlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.

2014-2015-2016-cı illərdə I, II və III qrup Qarabağ əlillərindən 12 nəfərinə avtomobil verilib. Növbədə olan 26 nəfərə isə qarşıdakı illər ərzində avtomobilin verilməsi nəzərdə tutulub. Eyni zamanda sağlamlıq imkanları məhdud şəxslərə 2014-cü ildə 90 nəfər əlilə 30 manat, 2015-ci ildə 90 nəfər əlilə 20 manat və 2016-cı ildə 36 nəfər əlilə 30 manat maddi yardım göstərilib.

Sonra Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, Böyük Vətən Müharibəsi əlili Xanqulu Süleymanov, Azərbaycan Lal-karlar Cəmiyyətinin Ağstafa-Qazax rayonlararası təşkilatının sədri Novruz Həsənov, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Xasay Balayev, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, ehtiyatda olan baş leytenant, Qarabağ qazisi Kamil Musəvi, ehtiyatda olan gizir Natiq Mehtiyev, RİHB Aparatında məsləhətçi-psixoloq Kəmalə Cəfərova tədbirdə çıxış edərək əlilləri, fiziki cəhətdən sağlamlığında problem olan insanları 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə təbrik edib, rayon rəhbərliyi tərəfindən göstərilən qayğıdan danışıblar. Qeyd ediblər ki, hələ ötən əsrin 90-cı illərindən ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün bu kimi respublika səviyyəli tədbirlərə başlanılıb.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə əlilləri bir daha səmimi qəlbdən təbrik edib və bildirib ki, siz ölkə və rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzindəsiniz, Sizlərə mütəmadi olaraq qayğı göstərilir və göstəriləcəkdir.
Qazaxda beynəlxalq əlillər günü qeyd olunub
Tədbir gənc aşıq Samir Allahverdiyevin ifasında sazda səslənən şən-şux musiqi sədaları altında bayram süfrəsi arxasında davam edib. Həmçinin tədbirdə əlil qadınlara bayramla əlaqədar gül dəstələri təqdim olunub.

Geri qayıt