Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda Yuxarı Salahlı kənd həkim məntəqəsinin açılışı olub

Qazaxda Yuxarı Salahlı kənd həkim məntəqəsinin açılışı olub


1-10-2018, 14:30


Bu gün Qazax rayonunun Yuxarı Salahlı kəndində Yaponiya Səfirliyinin dəstəyi ilə tikilmiş həkim məntəqəsinin açılışı olub.

Açılış mərasimində Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, zati-aliləri Teruyuki Katori, səfirliyin birinci katibi Takaaki Usui, səfirliyin İctimai Əlaqələr şöbəsində konsultant Aysel Məmmədli, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, səhiyyə işçiləri, kənd sakinləri, ziyalılar və KİV nümayəndələri iştirak edib. 

           

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov tədbiri açıq elan edərək qonaqları salamlayıb, həyata keçirilən layihə və yeni tikilmiş məntəqə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. İlk yardım, baş həkim, ailə həkimi, ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən sanitar qovşağı yaradılıb, istilik sistemi ilə təchiz edilib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, Yaponiya ilə Azərbaycan dövlətləri arasındakı dostluğu özündə əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb.


Rayon rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan söz açan layihə rəhbəri İcra Hakimiyyəti tərəfindən görülən işlər haqqında da məlumat verib. Bildirib ki, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, oturacaqlar qoyulub, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun çəkilməsi işləri aparılıb.

Tədbir açıq elan olunduqdan sonra hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin açılışı münasibətilə bütün kənd sakinlərini təbrik edib. Rayon rəhbəri Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda, eləcə də Qazax rayonunda sosial-iqtisadi və tikinti-abadlıq sahəsində görülmüş işlərin geniş vüsət aldığını bildirib. Qeyd edib ki, Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında bu ilin aprel ayında tikintisinə başlanılan və bu gün açılış mərasiminə toplaşdığımız həkim məntəqəsi Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir.


Sevindirici haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və möhkəmləndirilir. İcra başçısı qeyd edib ki, bu gün 126 milyondan çox əhalisi olan və bu saya görə dünyada 10-cu yerdə olan Yaponiya dövləti qədim tarixi köklərə malikdir. Bu gün Yaponiya dövlətinin ölkəmizə 7 milyarddan çox investisiya qoyduğunu və çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edən rayon rəhbəri görülən işləri yüksək qiymətləndirib. Qazaxda tikilən yeni həkim məntəqəsinə görə rayon ictimaiyyətinin, ziyalılarının adından Yaponiya dövlətinə və səfirinə minnətdarlığını çatdırıb və əməkdaşlığın bundan sonra da davam etdirilməsini arzulayıb.



Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək tədbirə toplaşanları salamlayıb və açılış münasibətilə təbrik edib. Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə 6 mart tarixində imzalanmış "Qazax rayonunun Yuxarı Salahlı kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin uğurla icra edilməsindən söz açıb. Qeyd edib ki, Azərbaycan müstəqil dövlət kimi 27 ildir ki, bütün dünyaya öz gücünü sübut edir. Azərbaycan ilə Yaponiya dövləti arasında dostluq əlaqələrinin hələ min il əvvələ söykəndiyini bildirən səfir iki ölkə arasında mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb, gələcəkdə də bu əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.


Qazax rayonuna ilk dəfə səfər etdiyini bildirən səfir Yaponiya Hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Bu günə kimi Qazaxda bu layihə də daxil olmaqla, 3 layihənin icra edildiyini bildirib. 2010-cu ildə rayonun Məzəm kəndində su təchizatı sisteminin tikintisi, 2014-cü ildə Daş Salahlı kəndində həkim məntəqəsinin tikintisi və 2017-ci ildə Yuxarı Salahlı kəndində həkim məntəqəsinin tikintisi ilə bağlı layihələrin uğurla icra olunduğunu çatdırıb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova çıxış edərək qonaqları salamlayıb, Yaponiya ilə Azərbaycan arasındakı səmimi münasibətdən, dostluq əlaqələrindən söz açıb. Yuxarı Salahlı kəndində inşa olunmuş bu məntəqənin 4000-dən çox kənd sakininə xidmət göstərəcəyini bildirib və kollektivə bu istiqamətdə uğurlar arzulayıb.


Bakı Dövlət Universiteti Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək bildirib ki, Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin istifadəyə verilməsi bütün rayon ictimaiyyəti üçün olduqca əlamətdar hadisədir. Yaponiya ilə ölkəmiz arasındakı əlaqələrin dərin köklərə malik olduğunu qeyd edən natiq Respublika Prezidenti İlham Əliyevin iki ölkə arasında olan bu səmimi münasibətə böyük önəm verdiyini qeyd edib. Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsində tədris olunan dillər arasında yapon dilinin hər zaman üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Qərbin qapısı sayılan Qazaxda yeni həkim məntəqəsinin tikintisinə görə qazaxlı ziyalılar adından minnətdarlığını ifadə edib, həmin məntəqənin Yaponiya ilə Azərbaycan arasında olan dostluğun və əməkdaşlığın hədiyyəsi kimi dəyərləndirib.


Yuxarı Salahlı kənd sakini, təqaüdçü müəllim Məhəmməd Vəkilov çıxışı zamanı bildirib ki, bu gün rayonumuzda böyük tikinti-quruculuq işləri aparılır. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə bu abadlıq işlərinin şahidi oluruq. Bu gün Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin açılması biz kənd sakinlərini çox sevindirir. Biz də öz növbəmizdə bütün kənd sakinləri adından görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımızı bildiririk. Yaponiya dövlətinin kəndimizdə həyata keçirdiyi layihəni yüksək qiymətləndirir və buna görə sonuz təşəkkürümüzü çatdırırıq.


Sonra həkim məntəqəsinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Səfir və qonaqlar tərəfindən məntəqəyə baxış keçirilib. Öncə məntəqənin tikintisini özündə əks etdirən şəkillərdən ibarət  slayd nümayiş olunub. Daha sonra otaqlarla tanışlıq olub və görülən işlər yüksək qiymətləndirilib.


Tədbirdə rayonumuzda qonaq olan səfirə qədim ozan alətimiz olan saz və digər hədiyyələr təqdim olunub.




Məntəqə ilə tanışlıq başa çatdıqdan sonra səfir Teruyuki Katori Qazax rayonuna səfəri və açılışla bağlı təəssüratları barədə KİV nümayəndələrinə müsahibə verib. 










Sonda çay süfrəsi ətrafında iki ölkə arasında olan iqtisadi, sosial və mədəni sahələrdə olan əməkdaşlıqdan, qarşıda duran vəzifələrdən, layihələrdən söhbət açılıb. Xatirə şəkilləri çəkilib.


GOYEZEN.AZ


Geri qayıt