Əsas Səhifə > Manşet / Rəsmi > Səyyar “ASAN qatar” Qazaxda daha 75 uşağı sevindirib
Səyyar “ASAN qatar” Qazaxda daha 75 uşağı sevindirib25-09-2018, 14:30 |
Vətəndaşların rahatlığının təmin olunması istiqamətində hər zaman ilklərə imza atan Azərbaycanda vətəndaş amili həmişə ön planda olub. Respublika Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eləcə də agentliyin tabeliyində yaradılmış "ASAN xidmət”in gördüyü işlər, vətəndaşlara göstərdiyi yüksək xidmət bunu söyləməyə əsas verir. Agentliyin tabeliyində olan və vətəndaşların rahatlığının təmininə xidmət edən sahələrdən biri də Səyyar "ASAN qatar”lardır. İki il öncə yaradılmış bu xidmət bu günədək "ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün zəruri işlər həyata keçirir. Səyyar "ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, "ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanaraq və əhaliyə xidmət göstərərək vətəndaş məmnunluğuna nail olur.
Ötən il fevral ayının 1-dən etibarən ilk olaraq Səyyar "ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərməyə başladı. Sevindirici haldır ki, hər zaman yenilikləri ilə seçilən "ASAN xidmət” nümayəndələri böyüməkdə olan körpələrimizi də yaddan çıxartmırlar. Növbəti dəfə ənənəsinə sadiq qalaraq 3 sentyabr tarixindən etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə xidmət göstərən Səyyar "ASAN qatar” fəaliyyəti dövründə azyaşlı körpələri də sevindirib. Belə ki, rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlar xidmətin fəaliyyətindən yararlanıb. 4 uşaq bağçasından 59 nəfər körpə fidana ödənişsiz şəxsiyyət vəsiqələri təqdim olunub.
Ötən həftə isə rayonun daha 8 uşaq bağçasında bu aksiyanın davam etdirildiyi barədə məlumat vermişdik.Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında təşkil olunmuş aksiyada bu bağça ilə yanaşı, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası, Qazaxbəyli kənd uşaq bağçası, Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçası, Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və Canalı kənd uşaq bağçasından olan uşaqlar da iştirak etmişdi. 8 bağçadan 75 nəfər uşaqdan ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün qan analizi götürülmüş və sənədləri qəbul edilmişdi. Bu gün həmin uşaqların şəxsiyyət vəsiqələri öz sahiblərinə təqdim edilib. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında 35 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi mərasimi olub. Yerdə qalan 40 nəfərə isə hər bir bağçanın özündə təqdim ediləcək. Təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Səyyar "ASAN qatar”ın nümayəndələri, bağça müəllimləri, valideynlər, qəsəbədə yaşayan məcburi köçkünlər iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovmərasimdə çıxış edərək Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, ölkə başçısı tərəfindən yaradılan "ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində bir brendə çevrilib və inkişaf etmiş ölkələr belə "ASAN xidmət”in fəaliyyətindən bəhrələnir, bu sahədə əldə olunan nailiyyətləri öz ölkələrində nümunə kimi göstərirlər. İcra başçısı bildirib ki, bu gün körpə fidanlara ödənişsiz olaraq şəxsiyyət vəsiqələrinin verilməsi dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən bütün uşaqları öz doğma nəvəm kimi sevir və əzizləyirəm. Bağçalara xüsusi diqqət ayırmağımın da əsas məqsədi odur ki, uşaqlar gözəl şəraiti olan bağçalarda tərbiyə olunsunlar. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bağçalarla bağlı görülən işlərə uğurla başladıq və artan templə də davam etdiririk.
Bunu rayonda olan tam təmirli bağçalardan - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından - Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasında və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir işləri uğurla davam etdirilir. Bundan sonra çalışacağıq ki, ilin sonuna kimi digər bağçalar da əsaslı şəkildə təmir olunsun.
Rayon rəhbəri sonda şəxsiyyət vəsiqəsi alan uşaqları, onların müəllimlərini, valideynlərini təbrik edərək vətəndaşlar, xüsusilə də uşaqlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlığını bildirib. Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək körpə fidanları, onların müəllim və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, ən xoş sözlərini çatdırıb. Dövlət başçısı tərəfindən gələcəyimiz olan uşaqların hərtərəfli qayğı ilə əhatə olunması sahəsində görülən işlərdən söz açıb. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini yüksək qiymətləndirən deputat son 2 il 4 ay ərzində uşaqlarla bağlı həyata keçirilən tədbirlərdən danışıb. Körpələrin yüksək şəraitdə təlim-tərbiyə almaları üçün bağçaların əsaslı şəkildə yenidən qurulmasını və uşaqların istifadəsinə verilməsini görülən işlərin əyani sübutu kimi dəyərləndirib. Səyyar "ASAN qatar”ın həyata keçirdiyi bu layihənin dövlətin və dövlət başçısının uşaqlara olan qayğısının əyani təzahürü olduğunu bildirib.
Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov məlumat verərək bildirib ki, istər əhaliyə yüksək səviyyədə xidmət göstərmələri, istərsə də "ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün hər cür şərait yaradılıb. Qrup rəhbəri qeyd edib ki, Səyyar "ASAN qatar”ın fəaliyyətə başladığı andan bu günə kimi müraciət etmiş 2994 nəfərdən 2941 nəfərə xidmət göstərilib. Respublika Prezidenti İlham Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş bu xidməti istər bağça müəllimləri, istərsə də valideynlər yüksək qiymətləndiriblər. Valideynlərdən - Qazaxbəyli bağçasından Lamiə Nəsibova, Aşağı Əskipara bağçasından Tükəzban Mustafayeva, Aşağı Salahlı bağçasından Aysel Ballayeva onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına, Səyyar "ASAN qatar”ın nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər.
Məcburi köçkünlərdən – Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakini Front Həsənov, Bağanıs Ayrım kənd sakini Şəmil Adıgözəlov çıxış edərək qeyd edblər ki, siz rəhbər kimi təyin olunduğunuz ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşırsınız. Biz məcburi köçkünləri narahat edən məsələləri yerindəcə öyrənir, qayğılarımızla maraqlanırsınız. Biz sakinlər ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirildiyinin şahidi oluruq. Bunu sizin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməyinizdən, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunmasından aydın şəkildə görmək olar. Çıxış edənlər regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının, eləcə də qatarların təşkil olunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər. Mütəmadi olaraq təşkil olunmuş bu cür layihələri, aksiyaları dövlət tərəfindən hər bir vətəndaşa göstərilən qayğı kimi dəyərləndiriblər. Rayonumuzda uşaqların gözəl şəraiti olan bağçalarda tərbiyə almaları, müasir standartlara cavab verən məktəblərdə elmə, biliyə yiyələnmələri, vətənpərvər ruhda böyümələri üçün hər cür şərait yaradıldığını qeyd ediblər. Bildiriblər ki, bu gün körpə fidanlara şəxsiyyət vəsiqələrinin bu cür yüksək səviyyədə təqdim olunması bir daha onu sübut etdi ki, onların gələcəkdə əsl vətəndaş kimi formalaşması üçün ölkəmizdə, eləcə də rayonumuzda əhəmiyyətli işlər görülür. Çıxış edənlər bu aksiyada Aşağı Əskipara kəndindən 4 nəfərə, Yuxarı Əskipara kəndindən 2 nəfərə, Xeyrımlı kəndindən 1 nəfərə ödənişsiz şəxsiyyət vəsiqəsinin verilməsini məcburi köçkün ailələrinə və uşaqlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər. Sonra şəxsiyyət vəsiqələri uşaqlara təqdim edilib. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də yaradılıb. Rayonumuzda 25 gün müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə -bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi daxildir. Bundan əlavə, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti,tərcümə xidməti, tibb xidməti də göstərilən xidmətlər sırasındadır. Sentyabr ayının 27-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Tədbir başa çatdıqdan sonra rayon rəhbərliyi və qonaqlar Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında uşaqlara göstərilən diqqət və qayğı, ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıb, bağçadakı şəraitlə tanış olublar.
GOYEZEN.AZ
Geri qayıt |