Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılışı olub
Qazaxda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılışı olub15-09-2018, 20:11 |
Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə, yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir tarixi gün yaşanırdı. Hər kəsin Dədə Ədalət deyə müraciət etdiyi Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun günü yaşanırdı. Dədə Ədalətin sazına, sözünə, şəxsiyyətinə, sənətinin böyüklüyünə dəyər, qiymət verənlər, onun yolu ilə getməyi özünə borc bilənlər bu tarixi günə şahidlik etmək üçün bir yerə toplaşmışdılar. Sağlığında belə ölməzliyi qazanmış Dədə Ədalətin Ağköynək kənd qəbiristanlığında uyuyan qəbrinin başına toplaşanlar sanki onunla hesablaşmaq, öz mənəvi borclarını qaytarmaq üçün gəlmişdilər. Böyük ustadın bir il öncə dəfn günündə yaşanan izdiham bu gün bir daha təkrar olunurdu.
Bu tarixi gün isə Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax" Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılış mərasimində yaşanırdı. Tədbirdə "Qazax" Xeyriyyə İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak edirdi.
Qonaqlardan - Akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, digər qonaqlardan Vidadi Bayramov, Puşkin Əhmədov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman Abdulkərimov, Akif Əmirov, qadınlardan Sultanxanım Nəsibova, Dürdanə Vəkilova, Çiçək Mahmudqızı, İlhamə Qəsəbova, Cığatel İsaqızı da Dədə Ədalətin sazının, sözünün qüdrətinə toplaşmışdı. Böyük ustad Dədə Ədalətin ruhuna dua oxunduqdan sonra tədbirə toplaşanlar abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad etdilər. Öz ürək sözlərini bildirərək böyük ustadın sazı, sözü, sənəti qarşısında baş əydilər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, Ədalət sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. 60 ildən çox Azərbaycan mədəniyyətiə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Ədalət bu gün bütün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Rayon rəhbəri bildirdi ki, bu gün təkcə böyük ustadın ailəsinə deyil, bütün Azərbaycan xalqına, qazaxlılara, Ədalət sevərlərə başsağlığı verirəm.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirdi ki, bu gün dahi şəxsiyyətin, sazı, sözü ilə ürəklərdə özünə taxt qurmuş, xalqın sevgisini qazanmış Dədə Ədalətin ziyarətinə toplaşmışıq. Bu abidə Ədalət sevərlər üçün təqdim olunan ziyarətgahdır. Ədalət sevərlər üçün bir töhfədir.
Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirdi ki, bu gün Ədalət haqqında söylənən fikirlərdən bir daha əmin oldum ki, bu gün təkcə Ədalətə deyil, saza, sözə abidə qoyulub. Bir ziyalı kimi saza, sözə verilən qiyməti görəndə xalqımla fəxr etdim. Bu gün qazaxlılar fəxr edə bilərlər ki, Dədə Ədalət xalqı tərəfindən sağlığında dəyər qazandı və tarixə düşdü. Səməd Vurğun sözdə necə öz möhrünü vurdusa, Ədalət də sazda öz möhrünü vurdu və xalqının qəlbində əbədiyaşarlıq qazandı.
Akademik Teymur Bünyadov isə böyük ustad haqqında fikirlərini bu cür ifadə etdi: - Mən Ədalətdən söhbət açan zaman Xalq yazıçısı Mirzə İbrahimovun ustad haqqında dediyi sözlər yadıma düşür. "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünyanın mədəniyyət meydanına çıxa bilərdik”. Bəli, bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan Ədaləti ilə, təkcə onun "Yanıq Kərəmi”si ilə bütün dünyada tanınır. Budur, Azərbaycan xalqının və sözünün böyüklüyü.
Rayon rəhbərinin gördüyü işlərdən söz açan akademik onu da qeyd etdi ki, bugünkü tədbir və Ədalətə qoyulan abidə görülən bütün işlərin şah əsəri oldu. Buna görə minnətdarlığını bildirdi. Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycanda Ədalət Nəsibovun anım günü deyil, ziyarətgah günüdür. Qazaxda 15 sentyabr Dədə Ədalətin ziyarət günü kimi tarixə düşdü.
Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirdi. Ötən həftə Xaçmazda şəxsiyyətlər parkında büstü qoyulan Dədə Ədalətin bu gün açılışını etdiyimiz abidəsinin qoyulmasını qazaxlıların öz ustadına verdiyi ən böyük dəyər kimi qiymətləndirdi. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi olaraq Dədə Ədalətin irsinin lazımi səviyyədə qorunduğunu və gələcək nəsillərə təbliğ olunması istqamətində mühüm işlər görülüyünü qeyd etdi. Rayon rəhbərinin aşıq sənətinə verdiyi qiymətdən söz açan M.Qasımlı Dədə Ədalətlə yanaşı, digər aşıqlara da yüksək qiymət verdiyini bildirdi. Aşıq Ələsgər və Aşıq Şəmşirin də sənətinə böyük ehtiramla yanaşdığını bildirdi.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü günün bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirdi. Ədalətin təkcə sazı ilə deyil, eyni zamanda, insanlığı, şəxsiyyəti ilə xalqın qəlbində yaşadığını qeyd etdi. Ədalətə qoyulmuş abidəni, saza qoyulmuş abidə kimi qiymətləndirdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev dahi şair Səməd Vurğun haqqında deyirdi ki, o, şairlər şairidir. Bu gün isə Dədə Ədalət haqqında böyük fəxrlə deyə bilərik ki, o, aşıqlar aşığıdır. Çünki bundan sonra aşıq sənətinə neçə-neçə aşıqlar gəlsə də Ədalət hər zaman birinci olacaq. Sonra söz Dədə Ədalət məktəbindən bəhrələnən aşıqlara verildi. Aşıq Əli Quliyev, Avdı Musayev və Şaiq İncəli Dədə Ədalətin könüllər oxşayan ifalarını qəbri üstündə səsləndirdilər. Sonda Aşıq Ədalət Dəlidağlının ifasında vaxtilə Dədə Ədalətin möhrünü vurduğu "Yanıq Kərəmi” mahnsının sədaları altında abidənin üzərindəki ağ örpək götürüldü və Ədalət sevərlər abidə qarşısında öz ehtiramlarını bir daha bildirdilər.
GOYEZEN.AZ
Geri qayıt |