Əsas Səhifə > Manşet / Rəsmi > Daş Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Daş Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib13-09-2018, 17:47 |
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda son 2 il 4 ay ərzində istər şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini alıb. Bunu icra başçısının rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmasından, hər zaman xalqın arasında olmasından, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq kəndlərdə səyyar görüşlər keçirməsindən aydın şəkildə görmək olar. Məhz keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar verilməsinin, yüksək diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün xalqla rayon rəhbərliyi arasında səmimi bir münasibət yaranıb. Bu görüşlərdən ruhlanan hər bir kənd sakini öz qayğılarını çəkinmədən söyləyə bilirlər. Bu gün rayon rəhbərinin Daş Salahlı kəndində sakinlərlə keçirdiyi səyyar görüşdə səslənən fikirlər bu dediklərimizin əyani sübutudur. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı, xüsusi qayğı ilə yanaşdığı kəndlərdən biri də Daş Salahlı kəndidir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu ilin proqramına uyğun olaraq 12 dəfədir ki, sizlərlə görüşürük. Bildiyiniz kimi, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud vəziyyəti öyrənmək, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Qeyd edib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır. İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlar bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam etdiriləcəkdir. Rayon rəhbəri yollarla bağlı görülən işlərin davamı olaraq növbəti illərdə rayonun Dəmirçilər, Ağköynək, Qarapapaq kənd yolları ilə yanaşı, Daş Salahlı kəndində də 11 km-dən çox yolun əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bu il də məzunların ali məktəblərə qəbul faizinin artdığını, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizinin 54,15 olduğunu bildirib. Qeyd edib ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin bariz nümunəsi olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda İkinci Şıxlı kəndində 2, Dəmirçilər, Qazaxbəyli, Hüseynbəyli, Kosalar kəndlərinin hər birində bir bağçanın təmir olunmasına böyük ehtiyac vardır. Çaylı kəndində bağça yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə təmirə ehtiyacı olduğunu və bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini bildirib.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib. Rayon rəhbəri bu istiqamətdə görülən işlərin rayon mərkəzi ilə yanaşı, kəndlərdə də uğurla davam etdirildiyini qeyd edib və Daş Salahlı kəndində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin əsaslı şəkildə yenidən qurulmasını bunun əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri ötən il əsası qoyulan ənənənin bu il də davam etdiriləcəyini və məktəblilərin yeni tədris ilində Şəhidlər Xiyabanını ziyarət edəcəklərini çatdırıb. Dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son 2 il 4 ay ərzində uğurla icra edildiyini bildirən rayon rəhbəri ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilməsini bunun bariz nümunəsi kimi qiymətləndirib. Yüksək sürətlə start götürən abadlıq işləri nəticəsində təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-nin tam hazır olduğunu bildirib. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarının görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Bildirib ki, şəhərdə daha 5 ədəd - Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında da əsaslı təmir işlərinin aparılması bu sahədə görülən işlərin artan templə uğurla davam etməsindən xəbər verir.
İcra başçısı Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş "ASAN xidmət”in gördüyü işlərdən danışaraq bu xidməti yüksək qiymətləndirib. Bu gün ölkə başçısı tərəfindən yaradılan "ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində bir brend olduğunu qeyd edərək rayonun 4 uşaq bağçasından 59 uşağa ödənişsiz olaraq şəxsiyyət vəsiqələrinin verilməsini dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il 4 ay ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İcra başçısı vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 145 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 5 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur. Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.
İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş amili dayanır. Kənddə suvarma suyunda heç bir problemin olmadığını bildirən rayon rəhbəri içməli su ilə bağlı mövcud vəziyyətin də həll olunacağını, mümkün olan nə varsa, ediləcəyini bildirib. Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, 2 saylı tam orta məktəbin müəllimləri Tofiq Cəfərli, Qətibə Kazımova çıxış edərək dövlətimiz və dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Rayon rəhbərinə təhsil sahəsinə ayırdığı diqqətə, müəllimlərə göstərdiyi hörmətə, məktəbdə yaradılan nizam-intizama görə bütün müəllimlər adından dərin minnətdarlıqlarını çatdırıblar. Kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Təranə Sultanova rayon rəhbərliyi tərəfindən bağçalarda yaradılan yüksək şəraitdən, körpələrə göstərilən qayğıdan söz açıb, müəllim və valideynlər adından təşəkkürünü çatdırıb. Kənd sakinlərindən Fərhad Qocamanov, sahibkar Koroğlu Əliyev, Nemət Əliyev, II qrup Qarabağ müharibəsi əlili Mahmud Kərimov, Daş Salahlı kənd sənətkarlıq evinin müdiri Natəvan Mustafayeva respublikamızda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri, xüsusilə də ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, sağ olun ki, rayonda, eləcə də bütün kəndlərdə vətəndaşların qayğısını öz qayğınız hesab edirsiniz və gündəliyinizə salıb aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırırsınız. Biz sakinlər də bilirik ki, bizim istəklərimizi ölkə başçısına çatdıran rəhbərimiz var. Ona görə də hər bir qayğımızı çəkinmədən deyirik. Biz də bir vətəndaş olaraq bundan sonra da çalışacağıq ki, dövlətimizə və dövlət başçımıza sadiq olaq. Digər kənd sakinlərindən Zenfira Çobanova qızının alimentinin ödənilməsinə, Sultan Hacıməmmədova babasının qəbrinin abadlaşdırılmasına köməklik göstərilməsini, Cəfər Göyüşov isə məktəbin qarşısına tranpilin qoyulmasını bildiriblər. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Daş Salahlı kəndində keçirilən bugünkü görüş də bunun bariz nümunəsidir.
GOYEZEN.AZ
Geri qayıt |