Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı müşavirə keçirilib
Qazaxda əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı müşavirə keçirilib10-09-2018, 21:30 |
Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrində olduğu kimi, insanların, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin oluması da dövlətin qarşısında duran prioritet məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı söylədiyi "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” dəyərli fikirlərinə bu gün də böyük hörmətlə yanaşılır. Ümummilli liderin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə məqsədyönlü işlər görülür. Ölkə başçısının əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı Sərəncamlara, fərmanlara uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahəyə xüsusi diqqət ayrılır. Rayonun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərzisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq müvafiq Qanun və Qərarların tələblərinə uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə dair rayonun bütün əhalisinin hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qazax rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq görüşlər keçirilir. Bu gün də Qazax Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi hallarının pozulmasının qarşısının alınması ilə bağlı növbəti müşavirə keçirilib. Yüksək gərginlikli elektrik naqillərinin altında əkin sahələrinin salınması və yaşayış evlərinin tikilməsinin olduqca təhlükəli olması ilə bağlı keçirilən müşavirədə məsələnin əsas mahiyyəti bir daha diqqətə çatdırılıb. Hüquq-mühafizə orqanları rəhbərlərinin, RİHB Aparatının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, fövqəladə hallar komissiyasının üzvlərinin iştirakı ilə keçirilən müşavirədə mövcud vəziyyət və gələcəkdə qarşıya çıxa biləcək hadisələrlə bağlı məsələlər müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, ehtimal olunması nəzərdə tutulan hər bir hadisə üçün yanğın təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülməlidir. Çünki zamanında buraxılmış xırda bir səhv böyük təhlükələrə yol aça bilər. Bunun baş verməməsi üçün hər bir cavabdeh şəxs, istər hüquq-mühafizə orqanları, istərsə də aidiyyəti təşkilatlar məsuliyyət daşıdığını hiss etməlidir. Yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində, eləcə də vətəndaşların təhlükəsizliyinin təmin olunmasında ilkin olan tədbirlər nədirsə, o mütləq şəkildə həyata keçirilməlidir. Yanğından mühafizə tədbirləri birmənalı şəkildə gücləndirilməlidir. Rayon rəhbəri bildirib ki, insan həyatı üçün ən başlıca təhlükə yüksək gərginlikli elektrik xətlərinin yaratdığı təhlükədir. Yüksək gərginlikli elektrik naqillərinin altında əkin sahələrinin salınmasının, eləcə də yaşayış evlərinin tikilməsinin hər an təhlükə mənbəyi olduğunu qeyd edən icra başçısı bu sahədə ciddi işlərin görülməsini bildirib. Vətəndaşlara bununla bağlı məlumatların verilməsini, eyni zamanda bu istiqamətdə qanunamüvafiq qaydada tədbirlərin görüləcəyini qeyd edib. Rayon rəhbəri bu məsələlərlə bağlı Sərəncam imzalanacağını, eyni zamanda Sərəncamdan irəli gələn vəzifələr də tam əhatə olunmaqla tədbirlər planının hazırlanacağını və işçi qrupunun yaradılacağını bildirib.
RİHB Aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov müşavirədə çıxış edərək rayonda mülki müdafiə və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə "Qarşılıqlı fəaliyyət planı” hazırlanmışdır ki, həmin plana əsasən fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Həmçinin rayonda açıq səhralarda, meşə ərazilərində müxtəlif səbəblərdən baş verəcək yanğın hadisələrinin qarşısının alınması istiqamətində mühüm işlər görülmüşdür. Aidiyyəti şəxslərin iştirakı ilə hadisənin qarşısı dərhal alınmışdır. Rayonda taxıl biçininin vaxtında və itkisiz aparılması üçün yaradılmış komissiyanın tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 9-21/77 nömrəli, 8 iyun 2018-ci il tarixli Sərəncamı ilə taxıl biçininin qısa müddətdə məhsul itkisinə yol vermədən başa çatdırılması təmin olunmuşdur. Belə ki, taxıl sahələrində baş verə biləcək yanğınların qarşısının operativ olaraq alınması, yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi və taxıl sahələrinin biçin vaxtı yanğından mühafizə olunmasını daha da etibarlı təmin etmək məqsədilə rayonun Yuxarı Salahlı kəndi ərazisində yanğınsöndürmə növbəsinin yaradılması bunun əyani sübutudur. Bundan əlavə, Respublika Prezidenti İlham Əliyevin 4 iyul 2018-ci il tarixdə ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar keçirilmiş müşavirədən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Rayonun enerji təchizatında, eləcə də tibb müəssisələrində yarana biləcək hər hansı hadisənin qarşısının alınması istiqamətində silsilə tədbirlər təşkil olunmuş, bununla bağlı aidiyyəti təşkilat rəhbərlərinə rəsmi məlumat verilmişdir. 2018-2019-cu tədris ilində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, müəllim və şagirdlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm addımlar atılmış və bütün təhsil müəssisələrinə məlumatlar bildirilmişdir. Müşavirədə payız-qış mövsümünə hazırlıq, payız tarla əkini ilə bağlı arx və kanalların təmizlənməsi və s. məsələlər də müzakirə olunub. Səsləndirilən hər bir məsələ ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, dövlətdən razı qalmaq dövlət başçısından razı qalmaq deməkdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat rəhbəri elə etməlidir ki, vətəndaş dövlətdən və dövlət başçısından razı qalsın. Görülən bütün işlərin önündə vətəndaş amili dayansın.
GOYEZEN.AZ Geri qayıt |