Əsas Səhifə > Manşet / Sosial > Şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiriləcəyi binada hər cür şərait yaradılıb

Şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiriləcəyi binada hər cür şərait yaradılıb


3-09-2018, 20:00

Genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığı Qazax rayonunda digər sahələrə olduğu kimi, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almalarına da xüsusi diqqət və qayğı göstərilir. Bu baxımdan uşaq bağçalarının əsaslı şəkildə təmir olunmasına və yenidən qurulmasına böyük önəm verilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən çoxsaylı bağçaların təmir olunması üçün verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir.

Ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncama uyğun olaraq son 2 il 3 ay ərzində rayonda bu sahədə təqdirəlayiq işlər görülür. Tam təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1, 2 və 3 saylı, kənd bağçalarından - Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirmək olar. Bütün bu bağçalar rayonda körpələrə olan qayğının əyani təzahürüdür.

Bu gün sevindirici haldır ki, rayonda yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması şəhər mərkəzi ilə yanaşı, kəndlərimizdə də uğurla davam etdirilir.

Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunması, bərpa işləri aparılaraq yenidən qurulması, bağçaların müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Ötən yazılarımızda xəbər verdiyimiz kimi, şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulacaqdır.

Artıq bununla əlaqədar olaraq bağça binasının boşaldılmasına və uşaqların başqa ünvanda yerləşdirilməsinə başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti olaraq yerləşdiriləcəyi binada olub, buradakı şəraitlə yaxından maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, müvəqqəti yerləşdirilməsinə baxmayaraq binada müəllim və uşaqlar üçün hər cür şərait yaradılıb.






                                                                                                       GOYEZEN.AZ

Geri qayıt