Əsas Səhifə > Manşet / Rəsmi > 24 il öncə

24 il öncə


21-11-2016, 15:57
YENİ AZƏRBAYCAN PARTİYASI-24 ------------------------

24 il öncə
Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə toplantı keçirilib. YAP Qazax rayon təşkilatının akt zalında keçirilən toplantıda idarə, müəssisə rəhbərləri, KİV nümayəndələri, partiya üzvləri iştirak edib.

Toplantı iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyub və əziz xatirəsini böyük ehtiramla yad ediblər.

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib. YAP-ın yaradılması, uğurları, bu günü və gələcəyi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.

Bildirib ki, ulu öndər, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında, tərəqqisində, müstəqilliyimizin daimi, dönməz və əbədi olmasında misilsiz xidmətlər göstərib.

H.Pənahov qeyd edib ki, ölkədə sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin həddən artıq mürəkkəb və çətin olduğu bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Bu gün qürur hissi ilə deməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının 670 mindən artıq üzvü vardır.

Bu, təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünkü reallığına verdiyi qiymət və prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir.

Biz əminik ki, Yeni Azərbaycan Partiyası möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və qələbələrə imza atacaqdır.

Sonra YAP Qazax rayon Təşkilatının Şura üzvləri Abbas Göyüşov, Fərhad Qocamanov, YAP Qazax rayon təşkilatı sədrinin müavini Səfurə Vəliyeva, YAP Qazax rayon təşkilatının partiya fəalı Anar Nəbiyev, YAP Qazax rayon təşkilatı Nəzarət Təftiş Qrupunun sədri Ramil Qurbanov və başqaları çıxış edərək partiyanın 24 il ərzində gördüyü işlər, qazandığı uğurlar və keçdiyi şərəfli inkişaf yolundan danışıblar.
24 il öncə
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bütün partiya üzvlərini YAP-ın yaradılmasının 24 illiyi münasibətilə təbrik edib.

Bildirib ki, yaradılmasının 24 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib.

1992-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi.

Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu gününün və sabahının qarantıdır. Heydər Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır.

Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”.

Hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir.

Elçin İSMAYIL
Geri qayıt