Əsas Səhifə > Manşet / Sosial > Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaq

Şəhər 6 saylı körpələr evi-uşaq bağçası da təmir olunacaq


25-08-2018, 16:59

Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur desək yanılmarıq. Abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı bir vaxtda böyüməkdə olan azyaşlı körpələrimizin sağlam mühitdə böyüməsi üçün əsaslı işlərin görülməsi bunun əyani sübutudur. Demək olar ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur. Uşaqların gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir. Sevindirici hal isə odur ki, bu iş istər kənd, istərsə də şəhərdə yerləşən bağçalarda davam etdirilir.

Son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması, bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq körpələrin istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsdir.

Şəhərdə fəaliyyət göstərən və yararsız vəziyyətdə olan sonuncu bağça isə 6 saylı körpələr evi-uşaq bağçasıdır. Demək olar ki, bu bağçada mövcud şərait günün tələblərinə cavab vermir. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mövcud vəziyyətlə yerində tanış olaraq bağçanın bütün otaqlarına baxıb. Tanışlıq zamanı məlum olub ki, bağça binasının əsaslı şəkildə təmirinə böyük ehtiyac vardır. Ona görə də rayon rəhbərliyi tezliklə bağça binasında təmir-bərpa işlərinin aparılacağını bilidirib. Qeyd edib ki, bağça yüksək səviyyədə təmir olunmalı və yenidən qurulmalıdır. Yaxın günlərdə bağça binasının əsaslı şəkildə təmir olunmasına başlanılacaqdır.

Bağça müdiri Elnarə Məmmədli digər bağçalar kimi, onların bağçasının da əsaslı şəkildə təmir olunmasına göstəriş verdiyi üçün müəllimlər və bütün valideynlər adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, 6 saylı bağçanın təmir olunması ölkə başçısının imzaladığı Sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir. 

Sonra icra başçısı yeni istifadəyə verilən şəhər 3 saylı körpələr evi-uşaq bağçasında olub, səliqə-sahmanla maraqlanıb.
















GOYEZEN.AZ

Geri qayıt