Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda yanacaqdoldurma məntəqəsinin açılışı olub
Qazaxda yanacaqdoldurma məntəqəsinin açılışı olub19-08-2018, 13:12 |
Bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar. Bu gün rayonda daha bir sahibkarlıq obyektinin – “Qazax kənd tikinti” ASC-nin nəzdində fəaliyyət göstərən “AVEYOİL” adlı yanacaqdoldurma məntəqəsinin (YDM) rəsmi açılış mərasimi olub. Xanlıqlar kəndi ərazisində yeni istifadəyə verilən YDM-si rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir. Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək yeni YDM-in istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və məntəqənin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, bu gün açılışını etdiyimiz məntəqə Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir. Məntəqə sahibi, sahibkar Elyar Cürənli rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir. E.Cürənli xidmət sahələri barədə məlumat verərək bildirib ki, neft satışını benzin və dizel yanacağı təşkil edir. Bundan əlavə, avtoyuma və market xidməti də fəaliyyət göstərir. Gələcəkdə isə 16-20 nəfəri qəbul edəcək otelin də inşa olunması nəzərdə tutulub. Hazırda yanacaqdoldurma məntəqəsində 8 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı isə 200-250 manat təşkil edir. YDM-nin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstəriləcək xidmətlərlə maraqlanıblar. İştirakçılara məlumat verilib ki, yanacaqdoldurma məntəqəsində yüksək səviyyədə şərait yaradılıb. Məntəqə elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub. Tədbirin sonunda M.Alıyev yeni YDM-in istifadəyə verilməsi münasibətilə məntəqənin kollektivini bir daha təbrik edib və uğurlar arzulayıb. GOYEZEN.AZ
Geri qayıt |