Əsas Səhifə > Manşet / Rəsmi > “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub24-07-2018, 15:00 |
Bu gün “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı və ictimai müzakirəsinə dair tədbir keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax, Ağstafa və Tovuz rayonları üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini yad ediblər.Sonra qonaqlar Qazax Cümə məscidində olub, mövcud şəraitlə maraqlanıblar. Daha sonra qonaqlar ulu öndərin abidəsi önünə gül dəstələri qoyub və əziz xatirəsini böyük ehtiramla yad edib, ümummilli liderin adını daşıyan mərkəzlə tanış olublar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, təqdimat mərasimi keçirilən kitabın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə bu siyasət ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Başçısının təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi multikulturalizm siyasətinə dövlətin böyük önəm verməsindən xəbər verir. Son 20 ildə ölkəmizdə ilk növbədə vicdan azadlığının təmini istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılmış hüquqi təminatlar Azərbaycanın həm də multikultural məkan kimi tanınmasını təmin etmişdir. Bu da təsadüfi deyildir ki, son illər bir sıra iqtisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Davos Forumuna, III Qlobal Bakı Forumuna, habelə ilk Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. Şübhəsiz, beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi və digər bu kimi tədbirlər üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilir. Ölkəmizdə mədəni müxtəlifliyin, mədəniyyətlərarası dialoq mühitinin qurulmasında Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Fond son 12 ildə mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə bütün dünyada tanınmışdır. Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm Kafedral kilsəsinin yenidən qurulmasına olunan yardım, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşa olunması, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə edilən kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına olunan yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili – Avroviziya musiqi yarışmasında Azərbaycanın iştirakına dəstək və s. buna parlaq nümunədir. Bu gün respublikanın bütün regionlarında olduğu kimi, Qərbin qapısı olan rayonumuzda da multikultural dəyərlərə xüsusi önəm verilir. Belə ki, tarixə nəzər salsaq Qazax rayonunun elm, təhsil, mədəniyyət beşiyi olduğu və bununla yanaşı multikultural dəyərlərə xüsusi önəm verildiyini görərik. Buna sübut kimi hər zaman qonşu Gürcüstan Respublikası ilə qarşılıqlı dostluq münasibətlərinin olmasını göstərmək olar. Onu da qeyd edim ki, 2017-ci ilin may ayında Qazax rayonu ilə Litva Respublikasının Trakay şəhəri arasında qardaşlıq sazişi imzalanmış, layihə çərçivəsində Trakay şəhərinin meri və rəsmi nümayəndələr rayonumuzda səfərdə olmuş, mədəniyyət abidələrinə, tarixi yerlərə baxış keçirmişlər. 2018-ci ilin iyun ayında isə Trakay meriyasının dəvətini nəzərə alaraq Qazax Rayon İcra Hakimiyyətindən nümayəndə heyəti Trakay şəhərində olmuş, mədəni, tarixi və turizm sahələri ilə tanış olmuşlar. İcra Başçısı bildirib ki, bu gün təqdimatına və ictimai müzakirəsinə toplaşdığımız, cənab Ramiz Mehdiyevin ideya müəllifliyi ilə hazırlanmış “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı da bu sahədə zəngin təcrübənin öyrənilməsi və tətbiq olunması işinə qiymətli töhfə olacaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Yadigar Məmmədli çıxış edərək tədbirin belə yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. BBMM-nin 2014--cü ildə Respublika Prezidenti İlham Əliyev tərəfindən yaradıldığını və ötən müddət ərzində mərkəz tərəfindən görülən işlərdən danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə yaşayan hər kəs dilindən, dinindən, irqindən asılı olmayaraq sivil qaydada yaşayır və özünü azərbaycanlı hesab edir. Bu, ölkəmizin multikultural dəyərlərin qorunması və təbliğ olunması sahəsində qazanılan böyük uğurdur. Natiq çıxışında bildirib ki, multikultural dəyərlər dedikdə Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü əks olunur. İqtisadi, siyasi, hərbi qüdrətə malik olan ölkəmizdə multikulturalizmin də inkişaf etməsi dövlət siyasətinin başlıca amillərindən biridir. Bu gün ölkənin 38-dən çox universitetində multikulturalizmin fənn kimi tədris olunması, gənclərin maarifləndirilməsi sahəsində məqsədyönlü işlərin görülməsi bunun bariz nümunəsidir. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov təqdimatı keçirilən kitab haqqında məlumat verərək bildirib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabında Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Nəşrdə dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. C.Məmmədov qeyd edib ki, kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, BBMM-nin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-nin şöbə müdiri Sərxanbəy Xuduyevdir. Sonra mövzu ətrafında çıxışlar olub. Əməkdar müəllim, tarixçi Mustafa Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı İlham Süleymanov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev çıxış edərək bildiriblər ki, “Multikulturalizm” bəlkə də ictimaiyyət üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə riayət edilir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir. GOYEZEN.AZ
Geri qayıt |