Əsas Səhifə > Manşet / Sosial > Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir

Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir


3-07-2018, 20:38
Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda sakinlər düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını bu gün də yaşayırlar. Bu gün rayonun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Bunlardan sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir.

Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

25 ildən çoxdur ki, düşmənin 6 atəş nöqtəsindən atəşə məruz qalan kənd sakinləri daima qorxu altında yaşayırdılar. Hər zaman düşmən gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşır. İstər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir.

Rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermişdi. Ötən il kənddəki 21 evin qarşısına istinad divarları çəkilmişdir. 1381 p/m uzunluğunda olan bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərinin həyətlərində rahat hərəkət edə, normal yaşaya bilirlər.

Məzəm kəndində evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi işi bu il də davam etdirilir. İcra Başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq kəndin daha 12 evinin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verib. Rayon rəhbərinin tapşırığına əsasən kənddə qeyd olunan evlərin qarşısına nəzərdə tutulan 238 metr uzunluğu və 3 metr hündürlüyü olan müdafiə hasarlarının çəkilməsinə başlanılıb.

Bu gün İcra Başçısı Rəcəb Babaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikinti Təmir və Hüquq şöbəsinin müdiri Rövşən Əlvəndov və digər komitə nümayəndələri ilə birlikdə Məzəm kəndində sakinlərlə görüşüb, kənddə istinad divarlarının çəkilişi tam başa çatdırılmış evləri gəzərək vəziyyətlə yerində tanış olublar.

İcra Başçısına və qonaqlara məlumat verilib ki, istinad divarlarının çəkilməsinin sürətlə aparılmasının nəticəsidir ki, artıq 5 sakinin - Vüqar Nəsibovun, Rafiq Məmmədovun, Şofiq Məmmədovun, Misir Məmmədovun, Varis Məmmədovun evlərinin qarşısına istinad divarı çəkilib. Savad Məmmədovanın evində də son tamamlanma işləri aparılır. İstinad divarları ilə tanış olan qonaqlar sonra sakinlərlə görüşüb, onlar üçün kənddə yaradılan şəraitlə maraqlanıblar.

İstər evlərinin qarşısına istinad divarları çəkilmiş ev sahibləri, istərsə də digər kənd sakinlərindən şəhid atası Dursun Məmmədov, Süleyman Süleymanov, Bəhruz Süleymanov sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Qeyd ediblər ki, bu gün biz təhlükəsiz şəraitdə yaşayırıqsa bu, dövlətin və dövlət başçısının biz sadə vətəndaşlara göstərdiyi qayğının ən bariz nümunəsidir.

Minnətdarlıq dolu ürək sözlərini çatdıran kənd sakinləri Ali Baş Komandanın əmri ilə öz doğma kəndlərini hər an müdafiə etməyə hazır olduqlarını da bildiriblər.

Sakinlərlə səmimi görüşən rayon rəhbəri onlar tərəfindən qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə yanaşılacağını qeyd edib.

Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
Məzəm kəndində istinad divarlarının çəkilişi sürətlə davam etdirilir
GOYEZEN.AZ

Geri qayıt