Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda daha bir mağaza istifadəyə verilib
Qazaxda daha bir mağaza istifadəyə verilib1-07-2018, 15:50 |
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi bu sahədə təyin edilən iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar. Bu gün rayonda daha bir sahibkarlıq obyektinin açılışı olub. Heydər Əliyev prospektində istifadəyə verilən “SAMSUNG” adlı elektronika mağazası rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir. Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar. Bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir. Mağaza sahibi Zakir Süleymanov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir. Mağazanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağaza ilə tanış olub, burada satılan məhsullarla maraqlanıblar. GOYEZEN.AZ
Geri qayıt |