Əsas Səhifə > Manşet / Rəsmi > Sakinlər “ASAN xidmət”in fəaliyyətindən razılıq edirlər -
Sakinlər “ASAN xidmət”in fəaliyyətindən razılıq edirlər -23-06-2018, 17:11 |
Məlumat verdiyimiz kimi, 30 may tarixindən etibarən “ASAN xidmət” Qazaxda fəaliyyətə başlayıb. Səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də yararlanırlar. Vətəndaşlara “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla şəhərin Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) səyyar xidmət göstərirlər. “Səyyar xidmət”in təşkil olunmasında əsas məqsəd dövlət xidmətlərinin əhaliyə daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmaqdır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov növbəti dəfə “ASAN xidmət”in yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlə maraqlanıb. “ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə tanış olub. Xidmət göstərilən sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub. Xidmətin qrup rəhbəri Elmar Ələsgərov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, bu günə kimi 3857 nəfər xidmətin fəaliyyətindən yararlanıb. Qeyd olunub ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərə əsasən azərpoçta dövlət rüsumlarının ödənilməsi, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər daxildir. Rayon rəhbəri “ASAN xidmət”də kömək edən könüllülərlə də söhbət edib, onların fikirlərini öyrənib. Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri olan könüllülərdən Elşad Carçıyev və Fərid Aslanov Respublika Prezidenti İlham Əliyev tərəfindən yaradılmış bu xidmətin vətəndaşların rahatlığının təmin olunması üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Məlumat üçün bildirək ki, "Ehtiyat Səyyar ASAN 2 xidmət"i 2018-ci il iyunun 28-dək vətəndaşlara xidmət göstərəcək. Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 0:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. GOYEZEN.AZ
Geri qayıt |