Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir22-06-2018, 11:00 |
RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDADüşmənlə 168 kilometr sərhəddi olan Qazax rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan indiyədək 285 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 7 kəndi hələ də erməni işğalçılarının tapdağı altındadır. 5 kəndə isə mütəmadi olaraq düşmən tərəfindən atəş açılır. Belə bir coğrafi şəraitdə yerləşən rayonda hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi bu gün ən aktual məsələ kimi diqqət mərkəzində saxlanılır. Azərbaycan Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbir də bu baxımdan yaddaqalan olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışının 25-ci ildönümünə və Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirə minlərlə rayon sakini toplaşmışdı. Bu, xalqın ümummilli liderinə olan sonsuz məhəbbətinin, Azərbaycan Ordusuna olan inamının nümayişi idi. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra Azərbaycan Ordusunun ilk qurucularından biri general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin yaşadıqları evə vurulmuş xatirə lövhəsinin açılışı oldu. Layhənin müəllifi, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani açılış mərasimində çıxış edərək Cavad və Rüstəm Şıxlinskilərin ordu quruculuğundakı xidmətlərindən danışdı, onların həyat və fəaliyyətlərinin gənc nəslə örnək olduğunu diqqətə çatdırdı. Əyinlərində Azərbaycanın ilk hərbi geyimləri olan suvari əsgərlərin tədbirə qatılmaları iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Lövhənin rəsmi açılışını bildirən ağ örpək götürüldükdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamladı və gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətindən danışdı. Milli Məclisin deputatlarından Ülviyyə Ağayeva və Kamran Nəbizadə, BDU-nun mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdılar və tezliklə işğal olunmuş torpaqlarımızın düşməndən azad olunacağına əminlik ifadə etdilər. Polkovnik Rüstəm bəyin nəvəsi Rüstəm Şıxlinskinin çıxışı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Möhtəşəm bayram tədbirində vətən uğrunda canlarından keçən igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları "Fəxri qazaxlılar” parkı ilə yaxından tanış oldular, Şəhidlər xiyabanındakı memorial abidə önünə gül dəstələri düzdülər. Sonra tədbir rayon mədəniyyət mərkəzinin qarşısında davam etdirildi. Tədbirdə dıqqətə çatdırıldı ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin 25 illiyi qeyd edilir. Bu tədbirin keçirilməsində əsas məqsəd ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısında, eləcə də müstəqil Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətlərini bir daha xatırlamaqdır. Hərbi orkestrin ifasında Dövlət himni səsləndirildikdən sonra nəhəng monitorda ulu öndərin həyat və siyasi fəaliyyətini, respublikamıza rəhbərlik etdiyi dövrlərdə xalqla keçirdiyi görüşlərini, ordu quruculuğu sahəsindəki əldə edilən nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirdə vurğulandı ki, XX əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyası, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş uğurlar Heydər Əliyevin uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. 70 illik ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu, qızını qurban verdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğal edilməsinə şərait yaratdı. Azərbaycanı bu bəladan xilas etmək üçün qüdrətli bir ələ, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyətə böyük ehtiyac yarandı. Belə bir şəxsiyyət isə Heydər Əliyev idi. Təbii ki, xalq faciələrdən yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında gördü. Ulu öndər qısa zamanda bütün çətinlikləri aradan qaldırdı. "Mən həyatımın qalan hissəsini öz xalqıma hər edəcəyəm” kəlamını reallaşdırdı.Yorulmaz fəaliyyəti, məqsədyönlü işi və sanballı əməlləri ilə milli dövlətçiliyimizi dağılmaq təhlükəsindən xilas etdi. Tədbirdə Prezident İlham Əliyevin 8 dəfə Qazax rayonuna səfər etməsi də yüksək dəyərləndirildi. Qeyd edildi ki, ölkə rəhbərinin hər səfərindən sonra Qazax rayonu yeni inkişaf mərhələsinə qədəm qoydu və daha da müasirləşdi. Aprel döyüşlərinin şəhidləri - kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov, əsgər Orxan Əliyev yad edilərək xoş xatirələr dilə gətirildi. İlk topoqraf İbrahim ağa Vəkilovun, "artilleriya Allahı” adlandırılan Əliağa Şıxlinskinin, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun, Qafqaz İslam Ordusunun kamandanı Nuru Paşanın, general-mayor Süleyman Əfəndiyevin, Azərbaycan Ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və Rüstəm bəy Şıxlinskilərin obrazlarını yaradan aktyorların meydanda görünməsi hamıda qürur hissi oyatdı. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mahnI və rəqs ansamblının ifasında nümayiş olunan ədəbi-bədii kompozisiya, xalq artistləri Alim Qasımovun və Samir Cəfərovun, əməkdar artistlər Nuriyyə Hüseynovanın, Cahangir Qurbanovun və Aybəniz Haşımovanın çıxışları tamaşaçılara xoş ovqat bəxş etdi. Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti 22 iyun 2018-ci il Geri qayıt |