Əsas Səhifə > Manşet / Rəsmi > Qazax rayonunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
Qazax rayonunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib13-06-2018, 23:51 |
Müharibəyə cəlb edilmiş bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac var. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir. Düşmənlə 168 km sərhəddi olan Qazax rayonu Vətənin müdafiəsi yolunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır. 5 kəndə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılır. Belə bir coğrafi şəraitdə yerləşən, 25 ildən çox bir vaxtda zorla müharibəyə cəlb edilən Qazax rayonunda vətənpərvərliklə əlaqədar tədbirlərin keçirilməsi zamanın tələbatından irəli gəlir. Rayonumuzda bu istiqamətdə keçirilən hərbi vətənpərvərlik tədbirləri artıq bir ənənə halını alıb. Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramının keçirilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Bu gün tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısında indiyə qədər görünməmiş bir canlanma var idi. İnsan selindən tərpənmək olmurdu. Böyükdən tutmuş uşağa qədər, ağsaqqalından tutmuş cavana qədər on minlərlə rayon sakini buraya toplaşmışdı. Toplaşmışdı ki, xalqın öz rəhbərinə, ümummilli liderinə olan sonsuz sevgisini, qüdrətli Azərbaycan Ordusuna olan inamını bir daha göstərsin. Vətən yolunda hər cür fədakarlığa, igidliyə hazır olduğunu, polad kimi möhkəm, nizamlı ordusuna arxa, dayaq durduğunu, xalqla ordunun bir olduğunu, vətənpərvərlik hisslərinin yüksəkliyini bir daha nümayiş etdirsin. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramında Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarivəlli, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini Arzuman Abdulkərimov. İctimai birliyin idarə heyətinin üzvü, fəlsəfə doktoru, dosent Yusif Alıyev, Azərbaycan Güləş Federasiyasının birinci vitse prezidenti, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, "Neftçi” Ədəbi Məclisinin sədri, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Zaməddin Həmşəyev, Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Xalq artisti Tarıyel Qasımov, Əməkdar artist Vasif Məhərrəmli, gənc rəssam Akif Əmirov, aparıcı, publisist Çiçək Mahmudqızı, şairə Cığatel İsaqızı iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəliblər. Ümummilli liderin abidəsi önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini yad edib, öz ehtiramlarını bildiriblər. Daha sonra Azərbaycan ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin yaşadıqları evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olub. Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani açılış mərasimində çıxış edərək Cavad və Rüstəm Şıxliniskilərin ordu quruculuğundakı xidmətlərindən danışaraq onların həyat və fəaliyyətlərinin gənc nəsilə bir örnək olduğunu bildirib. Eyni zamanda, ilk general rütbəsini almış Süleyman Əfəndiyevin həyatından söz açaraq yaxın günlərdə onun adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin görüləcəyini bildirib. Əyinlərində ilk hərbi geyim olan suvari əsgərlərin tədbirə qatılması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Lövhənin rəmzi açılışını bildirən ağ örpək götürüldükdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, bütün qazaxlıları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib, keçirilən tədbirin qazaxlıların yaddaşında uzun müddət silinməz izlər buraxacağını qeyd edib. Qonaqlardan – Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Kamran Nəbizadə, BDU-nun mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Azərbaycan Güləş Federasiyasının birinci vitse prezidenti, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək bu gün Qazaxda bu cür yüksək səviyyədə tədbirin təşkil olunmasına görə təşkilatçılara minntdarlıqlarını bildiriblər. Bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını bildirib, belə əcdadları olduğu üçün qazaxlı olmaları ilə fəxr etdiklərini qeyd ediblər. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Müdafiə Naziri Zakir Həsənovun adından bütün tədbir iştirakçılarını təbrik edib, Qazaxda vətənpərvərlik mövzusunda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Polkovnik Rüstəm bəyin nəvəsi Rüstəm Şıxlinski çıxış edərək bu cür yüksək səviyyəli tədbirin keçirilməsinə görə Respublika Prezidenti İlham Əliyevə və təşkilatçılara ailəsi adından öz dərin minnətdarlığını bildirib. Möhtəşəm bayram tədbirində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dua oxunub. "Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub və şəhidlərə olan ehtiramlarını bildiriblər. Daha sonra bayramsayağı bəzədilmiş Mədəniyyət Mərkəzinin qarşısında "Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən bayram tədbirinə start verilib. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani və Xalq artisti Pərvanə Qurbanova bayram tədbirini açıq elan edərək bütün tədbir iştirakçılarını və qonaqları salamlayıb, Qazax elinin əsl bayram əhval-ruhiyyəsində olduğunu bildiriblər. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsinin, ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının 25 ilinin tamam olmasının, Bakı şəhərinin erməni bolşeviklərindən azad edilməsinin 100 ilinin tamam olmasının xalqımız üçün əsl bayram olduğunu qeyd ediblər A.Qurbani "Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirinin məqsədi, mahiyyəti və proqramı barədə ətraflı məlumat verərək bildirib ki, bu tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, eləcə də müstəqil Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətləri bir daha xatırlanacaqdır. Layihə rəhbəri qeyd edib ki, Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik bayramına on mindən çox rayon sakini, hərbi qulluqçular və qonaqlar qatılıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni səslənib. "Azərbaycan fanforası” hərbi orkestr tərəfindən ifa olunub. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, hakimiyyətə gəldiyi anları, xalqla görüşlərini, Azərbaycan xalqı naminə göstərdiyi misilsiz xidmətləri, ordu quruculuğu sahəsində əldə edilən nailiyyətləri özündə əks etdrən kadrlar monitor vasitəsilə nümayiş etdirilib. Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təbrik nitqi ilə çıxış edib. Qeyd edib ki. ХХ əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. 70 illik ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. Ümummilli liderimiz Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən dahi şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideyalara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarkarlıqlar göstərmişdir. Xalqın səsinə səs verən ümummilli lider hakimiyyətə gələn kimi ilk növbədə qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir müddət ərzində ölkədəki böhran aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni xaosdan və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi. İndi hər il Azərbaycan xalqı iyunun 15-ni Milli Qurtuluş günü kimi bayram edir. Həmin gün Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkə əhalisi rahat nəfəs almağa başladı. O vaxt xalqımızın böyük oğlu bu kəlamı ifadə etmişdi: "Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edəcəyəm”. Ümummilli liderimiz bunu yorulmaz fəaliyyəti, məqsədyönlü işi və sanballı əməlləri ilə sübuta yetirdi. Bir əsrdə ikinci dəfə Milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu. Heydər Əliyev bu yolda gördüyü işlərlə, iqtisadi islahatlar, hüquqi demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində ХХ və ХХI əsr Azərbaycanın ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Siz yaxşı bilirsiniz ki, 2018-ci ilin 26 iyun tarixində Azərbaycan Ordusunun 100 illiyi dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd ediləcəkdir. Bu ordu yarandığı ilk gündən savaş meydanına atılaraq erməni-daşnak-bolşevik qüvvələrinə qarşı mübarizələrdə fədakarlıqlar göstərib. Ağır sınaqlardan çıxıb. Bu yolda neçə-neçə şəhid verib. Məhz bugünkü ordumuz Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisidir və bu varislik ənənələrinə həmişə sadiqdir. Ancaq hər kəs etiraf edər ki, bugünkü müasir Azərbaycan Ordusunun əsl qurucusu, memarı Azərbaycan dövlətinin müstəqilliyini bərpa etməsinə və onun inkişafına misilsiz töhfələr vermiş xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış ulu öndərimiz bütün sahələrdə olduğu kimi Azərbaycanın ordu quruculuğunda da yeni mərhələlərin əsasını qoymuşdur. Uzaqgörən dahi rəhbərimizin hələ ötən əsrin 70-ci illərində sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan təşəbbüs irəli sürərək indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması tarixi hadisədir və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz yenidən erməni təcavüzü ilə üzləşəndə analoqsuz bu xüsusi təyinatlı təhsil ocağının nə qədər böyük əhəmiyyət kəsb etdiyini, düşünülmüş bir siyasət olduğunu hamı dərk etdi. Həqiqətən ulu öndərimizin yaratdığı bu məktəb olmasaydı, mütəşəkkil Milli Ordumuz haqqında danışmaq belə mümkün deyildi. Ulu öndərimiz dönə-dönə deyərdi ki, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların hər bir Azərbaycan vətəndaşının borcudur. Bütün bunların bariz nümunəsidir ki, 2017-ci ilin noyabr ayının 14-də Qazax rayonunda Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində "Ordumuz-Qürurumuz, Xalqımız-Dayağımız” devizi altında ölkəmizdə ilk dəfə kütləvi hərbi vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə 10 mindən artıq rayon sakini iştirak etmişdir. Bu izdiham xalqla ordu arasında sıx bağlılığın göstəricisi olmuşdur. Ən böyük xoşbəxtlik ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyasının bu gün onun ideyalarına sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsidir. Ulu öndərin vaxtilə dediyi fikirlər bu gün öz təsdiqini bir daha tapır: "İnarıram ki, mənim axıra çatdıra bilmədiyim taleyükli məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Respublika Prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik məharəti, dünya iqtisadiyyatında gedən prosesləri dərindən bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyat olduğu göstərilmişdir. Respublika Prezidenti İlham Əliyevin Qazax rayonuna 8 dəfə səfər etməsi onun regionların sosial-iqtisadi inkişafına böyük diqqət və qayğı göstərməsinin əyani təzahürüdür. 15 iyun – Milli Qurtuluş günü, 26 iyun Silahlı Qüvvələr günü və Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir və bir daha Möhtərəm Prezidentimizi əmin edirik ki, Milli qurtuluşdan zəfərə doğru inamla, İlhamla irəliləyən qazaxlılar Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar. Sonra səhnə incəsənət adamlarının ixtiyarına verildi. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında nümayiş olunan ədəbi-bədii xoreoqrafik kompozisiya tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Əməkdar artist Aybəniz Haşımova və "Bülbüllər” qrupunun ifasında səslənən "İgid oğlum haydı gəl” mahnısı tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Xalq artisti Samir Cəfərovun "Lələ Təpə fatehləri” mahnısının sədaları altında Aprel şəhidləri kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun göstərdikləri şücaətdən danışıldı, əziz xatirələri bir daha yad edildi. Əməkdar artistlər Nuriyə Hüseynovanın, Cahangir Qurbanovun, Xalq artisti Alim Məmmədovun və başqa incəsənət adamlarının bir-birindən şən-şux hərbi vətənpərvərlik mahnıları tədbirə əsl bayram əhval-ruhiyyəsi qatdı. İlk topoqraf İbrahim ağa Vəkilovun, "Artilleriyanın Allahı" adlandırılan Əliağa Şıxlinskinin, Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, general Səməd bəy Mehmandarovun, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın, general-mayor Süleyman Əfəndiyevin, Azərbaycan ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin meydana gəlişi tədbirə toplaşanlarda bir qürur hissi oyatdı. Aktyorların ifasında səhnəyə daxil olan tarixi şəxsiyyətlərin səhnədə görünmələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən "Vətən marşı” mahnısı ilə başa çatdı. GOYEZN.AZ
Geri qayıt |