Əsas Səhifə > Manşet / Sosial > 3 saylı bağçada əsas işlərin çox hissəsi görülüb
3 saylı bağçada əsas işlərin çox hissəsi görülüb11-06-2018, 23:50 |
Bu gün Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işlərinin sırasında yeni bağça binalarının tikilməsi və yaxud əsaslı şəkildə təmir olunması sahəsində görülən işlər uğurla davam etdirilir. Rayon rəhbərliyinin göstərdiyi qayğı sayəsində bu istiqamətdə yaddaqalan işlər həyata keçirilmişdir. Bunu şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yenicə istifadəyə verilən 2 saylı uşaq bağçası bunu bir daha sübut edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən körpələrin rahat şəkildə təlim-tərbiyə almaları üçün yüksək şəraitin yaradılması ötən ildə olduğu kimi, bu il də davam etdirilir. Qazaxdakı bütün bağça binalarının əsaslı şəkildə təmir olunmasını bir vəzifə kimi qarşıya məqsəd qoymuş rayon rəhbərinin tapşırığına əsasən şəhər 3 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə təmir olunur. İcra Başçısı bağçada körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şəraitin olduqca yararsız olduğunu nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb. Artıq bir neçə həftədir ki, burada təmir işlərinə başlanılıb. Bu gün İcra Başçısı Rəcəb Babaşov həmin binaya gələrək təmir işlərinin gedişatı ilə tanış olub. İş icraçısı Süleyman Həsənov məlumat verərək bildirib ki, binanın damı başdan-başa sökülüb və yeni metal örtüklə örtülüb. Binanın daxili hissəsində söküntü işləri aparılıb ki, bu iş də yekunlaşıb. Söküntü başa çatdıqdan sonra suvaq vurulmasına, eləcə də arakəsmə hissələrdə hörgü işlərinə başlanılıb. Bundan əlavə, otaqlarda tavan altı elektrik xətti çəkilərək alçiban vurulur. Lazım olan hissələrə beton döşəmə töküləcəkdir. İş icraçısı qeyd edib ki, daxildə və binanın həyətində demək olar ki, işlər paralel olaraq aparılır. Belə ki, binanın həyətində də hörgü işləri yanaşı, səliqə-sahman yaradılır. İcra Başçısı təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətli və keyfiyyətli aparılması barədə tapşırıq və tövsiyələrini verib. Sonra rayon rəhbəri şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti olaraq yerləşdiyi binaya gəlib, buradakı şəraitlə tanış olub, uşaqların ərzaq təminatı və səliqə-sahmanla maraqlanıb. GOYEZEN.AZ
Geri qayıt |