Əsas Səhifə > Manşet / Sosial > Şəhərdaxili yolların əsaslı təmiri sürətlə davam etdirilir
Şəhərdaxili yolların əsaslı təmiri sürətlə davam etdirilir11-06-2018, 23:07 |
Bu gün respublikmızın hər yerində olduğu kimi, Qazax rayonunda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Son iki ildə rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması bunun ən bariz nümunəsidir. Ölkə Başçısının Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davamı olaraq yeni asfalt yolların çəkilməsinə böyük təkan verəcəkdir. Artıq bir neçə gündür ki, bu istiqamətdə əməli işlərə başlanılıb. Belə ki, şəhərdaxili yolların əsaslı şəkildə təmir olunmasına start verilib. Şəhərin Heydər Əliyev prospekti, Bakı, Azadlıq, Ə.Şıxlinski və digər küçələrində əsaslı təmir işləri sürətlə davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev prospekti boyunca görülən işlərlə tanış olub. “28 nömrəli yol istismarı” MMC-nin sahə rəisi Vüqar Əliyev rayon rəhbərinə məlumat verərək bildirib ki, istər prospektdə, istərsə də şəhərdaxili küçələrdə yollarda keyfiyyətli şəkildə təmir işləri aparılır. Lazım gələn yerlərdə köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur. Çat olan yerlər isə xüsusi texnika ilə çapılaraq götürülür. Həmin yerlərə isə xırda dənəli asfalt tökülür. Sonra üzərinə bitium vurulur. Sonda isə keyfiyyətli şəkildə yeni asfalt örtüyü ilə üzlənir. Rayon rəhbəri prospektdə görülən işlərlə ətraflı tanış olduqdan sonra işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb. GOYEZEN.AZ
Geri qayıt |