Respublika mətbuatı Qazax haqqında
Bu sözləri Qazaxın Çaylı kənd sakini Gülnarə Dönməzovadan yaşadığı evin həyətində eşitdik və düz də dedi. Çünki Konstitusiyamızın 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi, kollektiv yazılı müraciətlər göndərmək hüququ var və hər bir müraciətə də qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir.
– "Vətəndaşların müraciətləri haqqında” Qanunumuz da var, 2015-ci ildə qəbul edilib. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.
Bu sözləri də Gülnarə xanımın dediyinə qüvvət kimi, rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov dedi və əlavə etdi ki, yazmağa görə sizə heç kim güldən ağır bir söz deyə bilməz. Yazın, amma…
Elə Gülnarə Dönməzovanın evinə bizi gətirib çıxaran da bu "amma” idi. Axı necə olub ki, o, müxtəlif yuxarı orqanlara bir-birinin ardınca şikayət məktubları göndərir, "evimin çardağından damır, baxan yoxdur” deyə yazılarına ara vermək istəmir? Təkcə bu ilin birinci 3 ayında yuxarı orqanlardan 9 məktub daxil olub. Hələ keçən il yazdıqlarını demirik. Doğrudanmı, rayonun icra strukturları üçün bir vətəndaşın çardağını təmir etmək bu qədər çətindir?
İçəri keçib daman yerlərə baxmaq istədiyimizi deyirik. Bir qədər könülsüz də olsa, cəmi iki yerdə yaranan kiçik yağış ləkələrini göstərə bilir.
"Bundan ötrü hər yerə yazmağa dəyərmi?” Rayon icra hakimiyyətinin məsul işçisi fikrimdən keçənləri sanki oxuyur.
– Düzəltmək istəyirik, imkan vermir, təmirçiləri geri qaytarır...Yalan demirəm ki, Gülnarə bacı? - deyə, Gündüz Abışov qadına müraciət edir. Bilirsiz, deyir ki, təkcə daman yerləri yox, çardağın kirəmetini başdan-ayağa dəyişdirin.
– Nə olar dəyişdirin də, sizdən nə gedir?
G.Abışov izah edir ki, rayonda sizdən fərqli olaraq, saysız-hesabsız imtiyazlı adamlar – Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkün, şəhid ailələri var, heç onlar bu tələbi qoymurlar. Bu qədər də inadkarlıq olmaz axı...
Hiss edirəm ki, şikayətçi dediklərində israrlıdır və yenə də yazmaq niyyətindədir. Müdaxilə edib düzgün növqe tutmadığını bildirmək istəyirəm. Demək istəyirəm ki, heç bir güzəşti, imtiyazı olmayan bir vətəndaşın fərdi evini təmir etmək istəyirlərsə, buna görə yalnız "sağ ol” demək lazımdır, daha ərizəni ərizə dalınca düzmək yox. Amma yadıma bayaq dediyi "yazmaq mənim konstitusiya hüququmdur” sözləri düşür və istər-istəməz sakitcə geniş, yaraşıqlı həyətini, böyük və hər bir şəraiti olan evini tərk edirik.
...Ağköynək kəndinə, Hava İsmayılovanın yaşadığı evə gedirik. Artıq neçənci dəfədir "yazmaq mənim konstitusiya hüququmdur” deyib respublikanın müxtəlif səlahiyyətli orqanlarına məktublar göndərir.
Qapını özü açır. Bir qədər çətinliklə yerisə də həm hərəkətlərində, həm də danışığında bir coşqu hiss olunur. Hamımız masa ətrafına keçirik. Hava xanım babasının çar Rusiyası zamanı göstərdikləri igidliklərdən danışır. Deyir ki, Müqəddəs Georgi ordeninin 4 dərəcəsinin 4-nü də alıb, amma heç harada adı yoxdur. Mənə deyirlər, sənəd təqdim elə, mən haradan alım, qoy tarixçilər bu işlə məşğul olsunlar... İstəyirəm adı əbədiləşdirilsin, büstü qoyulsun.
Yaşı 80-ni haqlamış bir nəvənin baba adının əbədiləşdirilməsi ilə bağlı cəhd göstərməsi, əslində, təqdirəlayiq haldır. Lakin hər bir addım qanun çərçivəsində olsa daha yaxşı olmazmı?
İnsafən, icra hakimiyyəti H.İsmayılovanın istək və arzularına daim hörmətlə yanaşıb. Öz səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər görüb. İki il qabaq Ağköynəyin küçələrindən birinə babası Səyyad Zeynalovun adı verilib, küçənin başlanğıcında nəfis baralyefi vurulub. Lakin nəvənin təkidlə dediyi digər məsələləri icra hakimiyyətindən yuxarı orqanlar həll edirlər və bunun üçün də əsas olmalıdır. Hətta icra hakimiyyəti bununla da kifayətlənməyərək, adla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırmışdır. Məsələn, lap bu yaxınlarda, aprelin 28-də ərizəçinin özünə yazılmış məktuba diqqət yetirin: "Sizin babanızın büstünün qoyulması ilə bağlı yazdığınız məktuba baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 3.1.2-ci maddəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanı olan, habelə Vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan, şəhid statusu almış şəxslərin büstü qoyulur, adları küçələrə, meydanlara verilir və bu məqsədlə Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılır. Etdiyiniz müraciətə əsasən sizə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq üçün hazırlıq işləri aparılır. Əlavə olaraq Sizə məlumat veriləcəkdir”.
Hətta bu məktubdan sonra da H.İsmayılova yazır və deyir ki, nə hazırlıq işləri aparılmalıdır ki, vəsatət qaldırsınlar, məsələni həll etsinlər, vəssəlam. Amma şikayətçi bilmir ki, icra hakimiyyəti kifayət qədər sənəd toplamasa, bu vəsatəti qaldırmağa ixtiyarı yoxdur.
Səmimiyyətlə, deyə-gülə ayrılırıq. Məni bir kənara çəkib "deyirsiniz yazmayım, daha...təxminən neçə ay yazmayım?” Gülümsəyib üzünə baxıram: "yazmaq sizin konstitusiya hüququnuzdur” deyirəm.
...Aşağı Əskipara kənd sakini Qaratel Seyidova da Qazaxda yazmaq hüququndan geninə-boluna istifadə edənlərdəndir. Aşağı Əskiparanın ermənilər tərəfindən işğalından 22 il qabaq, yəni 1970-ci ildə kənddən qeydiyyatdan çıxaraq ailə qurması ilə əlaqədar Sabirabada köçmüşdür. 1999-cu ildə həyat yoldaşı vəfat etdikdən sonra rayondakı evini sataraq yenidən Qazax rayonuna gəlmişdir və elə o vaxtdan Qazax şəhərində köhnə fabrikin binasında yaşayır. 2011-ci ildən Aşağı Əskipara kəndinə qeydiyyata düşsə də onun məcburi köçkün statusu yoxdur. Di gəl, kimə deyirsən, Qaratel, necə deyərlər, iki ayağını bir başmağa dirəyib ki, məcburi köçkün kimi bütün güzəştlər, imtiyazlar mənə də şamil olunmalıdır. Nə qədər izah edirlər, yenə faydası yoxdur. Qaratel keçən ildən indiyədək "yazmaq mənim konstitusiya hüququmdur”,– deyib yuxarı instansiyalara 13 məktub yazıb.
Nəyə görə bu 3 şikayətçini nümunə kimi göstərdik? Əvvəla, təkcə bu 3 sakin keçən ildən indiyədək yuxarı orqanlara 30-dan artıq şikayət məktubu yazıb. Yəni cəmi 3 nəfər bu qədər məktub yazırsa, görün çox yox, 30 nəfər bir ildə adambaşına bu qədər məktub yazsa, nə baş verər. Yəqin ki, icra strukturları bütün günü ancaq cavab yazmaqla məşğul olarlar. Nəzərə alsaq ki, Qazaxda 3 yox, 30 yox, 100 min nəfərə yaxın əhali yaşayır, o zaman "yazmaq mənim konstitusiya hüququmdur” deyiminin nə ilə nəticələnəcəyini bir anlıq gözləriniz önünə gətirin. İkincisi, yuxarıda qeyd etdiyimiz vətəndaşların tələblərini də obyektiv saymaq mümkün deyil. Təəssüf ki, hələ də bəziləri elə düşünürlər ki, nə qədər çox yazılarsa, qeyri-qanuni tələbləri bir o qədər tez həll edilmiş olar.
...Qazaxda vətəndaşa, onun arzu və istəklərinə, şikayətlərinə, ərizəsinə, təklifinə diqqət bu gün yüksək səviyyədədir. Bunu tam məsuliyyətlə deyirik. Təsəvvür edin ki, rayon icra hakimiyyətinin başçısı hər gün vətəndaş qəbul edir. Halbuku vətəndaşların həftədə bir dəfə qəbul günü var. Bundan başqa səyyar qəbullar var, rayon rəhbərinin özünün təşəbbüsü ilə yerlərdə keçirilən görüşlər, fərdi söhbətlər, hətta qonşu mübahisələrinin araşdırılması var və sair.Təsadüfi deyildir ki, rayon icra hakimiyyətinə inam əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Fikrimizi konkret rəqəmlərlə sübut edək. Təkcə bu ilin birinci rübündə yuxarı instansiyalar da daxil olmaqla, 441 ərizə yazılıb. Maraqlı, həm də düqqətçəkən məqam odur ki, həmin ərizələrin ¬350-si, yəni təxminən 80 faizi bilavasitə icra hakimiyyətinin özünə yazılıb. Halbuki cəmi iki il əvvəl icra hakimiyyətinə yazılan məktub qədər də yuxarı dövlət orqanlarına yazılıb. Digər bir fakt. Bu il dövlət orqanlarından baxılmaq üçün daxil olan müraciətlərin sayı 91ədəd olsa da onun yarıdan çoxu, yəni 51-i sadəcə ərizədir, cəmi 37 şikayət ərizəsi var.
Adamların yuxarı təşkilatlara dövlət qərarlarına dəstəklə bağlı minnətdarlıq məktubları nəzərəçarpacaq dərəcədə çoxalıb və əvvəlki dövrlə heç müqayisə etməyinə dəyməz. Məsələn, 2016-cı ilin birinci rübündə bu məzmunda yuxarı instansiyalara cəmi 1 ərizə daxil olubsa, bu ilin müvafiq dövründə həmin rəqəm 30-a çatıb. Bu, bilirsiniz nə ilə əlaqədardır? İzah etməyə çalışacağıq.
Qazax bir qədər fərqli rayondur. Əvvəla, bu rayon mənfur qonşularla 168 kilometr məsafədə yerləşir ki, onun bu vacib strateji əhəmiyyətini unutmaq olmaz. İkincisi, Azərbaycanın Qərb qapısıdır, gələn qonaqlar ölkəmiz haqqında ilk təəssüratı məhz Qazaxda alırlar. Başqa bir cəhət Qazaxın şairlər, yazıçılar diyarı kimi tanınması ilə bağlıdır. Gizlətmək lazım deyil. İki il əvvələ kimi burada ¬torpağa – əkin-biçinə münasibət də birmənalı deyildi. Bölgə müxbiri kimi yolum tez-tez o tərəflərə düşürdü. Yolboyu boş, ucu-bucağı görünməyən torpaqlarda kimsə gözə dəyməzdi. Hərdən öz-özümə fikirləşirdim ki, Qazax camaatının daha şəhərlidən fərqi nədədir ki? O da kartof almaq üçün bazara gedir, bu da...
Lakin indi bu yollardan keçərkən gözlərimə inanmıram. Sanki bütün insanlar çöldə-bayırdadır. Torpağı şumlayan kim, ağacları budayan kim, mal-heyvan otaran kim...Bir zaman Qazağın bazarına gedib heç nə tapa bilməzdin. Novruz bayramı ərəfəsində icra hakimiyyətinin təşəbbüsü və köməyilə təşkil olunan yarmarkaya mən də baş çəkmişdim. Başqa yerlərdə mal ətinin kiloqramı ən yaxşı halda 8-9 manata satıldığı halda, burada 6 manat 50 qəpiyə təklif olunurdu. Digər məhsullar da əməlli-başlı ucuz idi...
Yuxarıdakı suala bir də qayıdıram. Bütün bunlar nə ilə əlaqədardır? Çox sadə. Adamları torpağa, zəhmətə bağlamaq, onları həvəsləndirmək üçün şərait yaradıldı, neqativ hallar aradan qaldırıldı. İndi Qazaxda bir kimsə deyə bilməz ki, becərdiyi məhsula vurmaq üçün hansısa bir dərman pereparatına əlavə pul verib alır. Yaxud torpağı əkib-becərmək üçün su çatışmır. İcra hakimiyyəti elə bu adamların özlərinin də köməyilə illər boyu əl dəyməyən on kilometrlərlə arxları gildən-koldan təmizlətdirdi, ən gəlirli sahələri–baramaçılığı, tütünçülüyü inkişaf etdirdi, kəndlilərə konkret kömək göstərdi.
Şəhid ailələri, imkansızlar, yaşlı nəslin nümayəndələri hərtərəfli qayğı ilə əhatə olundular. Rayon icra hakimiyyətinin başçısı adamların dostuna çevrildi. Yazdıqlarım gəlişigözəl sözlər deyil, konkret, danılmaz faktlardır. Rayon rəhbəri gününün çox hissəsini adamlar arasında keçirir. Ən ucqar kəndlərə, ən müxtəlif obyektlərə, təsərrüfatlara, məktəblərə, uşaq bağçalarına gedir, vəziyyətlə yerində tanış olur, konkret tapşırıqlarını verir və bu işləri özü nəzarətə götürür, yoxlayır. Uşaq bağçalarında elə bir ideal şəraitin bərpasına nail olub ki, indi Qazaxda hər bir ailə öz körpəsinin burada tərbiyə almasını arzulayır. Qazağın məktəblərinə günün istənilən vaxtı baş çəksən belə, davamiyyət ən azı 95 faizdir. Düzü, bir çox rayonların məktəblərində, xüsusilə 10-11-ci siniflərdə belə davamiyyətə rast gəlmək, sadəcə, mümkün deyil. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov elə kənd yoxdur ki, onun xeyrində-şərində iştirak etməsin. Hər səhər yerli icra nümayəndələrinin sutka ərzində kəndlərdə nə baş verdiyi barədə məlumatları rayon rəhbərinin masası üzərində olur. Bu məlumatlar arasında dünyasını dəyişən adamlar haqqında da mütləq məlumat olur və icra hakimiyyətinin başçısı elə həmin gün yas yerinə baş çəkir, onlara təsəlli verir, imkansızlara kömək göstərir.
Bu iki ildə neçə-neçə kənd qəbristanlığı abadlaşdırılıb, yolu qaydaya salınıb, bulaqlar çəkilib, şəhid adları əbədiləşdirilib. Binalar, yollar öz görkəmini tamamilə dəyişib, hər yerdə gül-çiçək kolları əkilib, yaşıllıqlar salınıb...Bir yazıda bunların hamısını sadalamaq, sadəcə, mümkün deyil. Bir də ki, qəzetimizdə qeyd etdiyimiz işlər barədə müntəzəm olaraq yazılar vermişik. Mövzumuz vətəndaşların nəyə görə təkrar şikayət məktubu yazmasını araşdırmaq, bu sahədə Qazaxdakı vəziyyəti öyrənmək idi. Nə qədər nail olduqsa, oxucu deyə bilər.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
2 iyun 2018-ci il
Geri qayıt
|