Əsas Səhifə > Manşet / Sosial > Çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir edilir
Çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir edilir23-05-2018, 00:55 |
Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur. Çoxmənzilli binalarda əsaslı şəkildə aparılan abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 17 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb ki, həmin binalarda işlər sürətlə davam edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev N.Nərimanov yaşayış massivində təmir olunan çoxmənzilli binalara baxıb, görülən işlərlə tanış olublar. Məlumat verilib ki, N.Nərimanov yaşayış massivində 7 binada dam örtüyü dəyişdirilib, bloklarda əsaslı təmir işləri aparılıb və giriş hissələrində dəmir qapılar quraşdırılıb. 4 binada dam örtüyünün dəyişdirilməsi, 2 binada isə köhnə suvaq qatının sökülməsi işləri başa çatıb. Sonra şəhərin “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbiçi ailələrin yaşadığı 4 çoxmənzilli binada aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Məlumat verilib ki, 192 ailənin yaşadığı bu binaların bloklarda təmir işləri başa çatdırılmış, yaraşıqlı vəziyyətə salınmışdır. Eyni zamanda, blokların giriş hissələrinə dəmir qapılar qoyulmuşdur. Qeyd olunub ki, binanın dam örtüyü dəyişdiriləndən sonra binanın fasad hissəsi rənglənəcək, həyətdə səliqə-sahman yaradılacaq, binanın görkəmi köklü şəkildə dəyişəcəkdir. Binalara baxarkən burada yaşayan sakinlərlə görüşüb onlarla səmimi söhbət ediblər. Sakinlər yaşadıqları binalarda təmir işləri aparıldığına və onlar üçün yüksək şərait yaradıldığına görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Hərbiçi ailələrinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Elçin İSMAYIL Geri qayıt |